525.Az

Gənclər təşkilatları birgə bəyanat yaydı


 

“SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNƏ QARŞI BAŞLADILAN İFTİRA KAMPANİYASI BİZ GƏNCLƏRİ NARAHAT EDİR”

Gənclər təşkilatları birgə bəyanat yaydı<b style="color:red"></b>

Azərbaycanın gənclər təşkilatları son zamanlar bir sıra dövlət qurumları və yüksək çinli məmurlara qarşı başladılan qarayaxma kampaniyası ilə bağlı birgə bəyanat yayıb.

Bəyanatda deyilir:

“Azərbaycan gəncliyi ölkədə aparılan uğurlu islahatları daim yüksək qiymətləndirərək mövqeyini açıq ortaya qoymağı ilə tanınır. Məlumdur ki, məhz bu islahatlar nəticəsində ölkəmiz əldə etdiyi sürətli inkişaf göstəricilərinə görə, bütün dünyada tanınır. Artıq böyük dövlətlər də Azərbaycanın dünyada baş verən proseslərə təsir etmək gücündə olduğunu, ölkəmizdə keçirilən struktur islahlatlarının digər dövlətlər üçün nümunə olduğunu ifadə edirlər. Bununla belə Azərbaycanın uğurlarını gözü götürməyən, ölkəmizin inkişafından narahat olan qüvvələr də var. Təəssüf ki, bəzi vətəndaşlarımız belə dövlətlərin, beynəlxalq təşkilatların arzusunu yerinə yetirərək müxtəlif dövlət strukturlarına qarşı böhtan kampaniyası aparırlar”.

Bildirilib ki, son zamanlar bəzi elektron mətbuat vasitələrində bir sıra nüfuzlu şəxslər və qurumlar haqqında qərəzli yazılara tirajlanır:
 
“Gənclər sahəsində fəaliyyət göstərən gənclər təşkilatları və ictimai fəal gənclər olaraq, bu məsələlərə münasibət bildirmək zərurətindəyik. Cəmiyyətimizin əksər hissəsinə aydındır ki, bu yazılar müəyyən məqsədlər üçün sifarişlə yazılır və burada əsas məsələlərdən biri də “reket” jurnalistlərin maddi maraqlarının olmasıdır. Belə “jurnalistlər” ölkəmizin jurnalistika tarixinin şərəfli ənənələrinə kölgə salmağa çalışmaqla həm də bu, peşənin ciddiliyinə, əhəmiyyətinə zərbə vururlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinə, həmçinin bu qurumun rəhbəri general-leytenant Arzu Rəhimova qarşı başladılan bu iftira kampaniyası biz gəncləri də narahat edir. Çünki Dövlət Xidməti birbaşa gənclərlə işləyən qurumlardandır. Belə strukturların qərəzli şəxsi məqsədlər naminə böhtan kampaniyasına məruz qalması bizləri məyus edir”.

Gənclər təşkilatları hesab edirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qısa zamanda həyata keçirdiyi işlərlə vətəndaşlarımızın etibarını qazanıb: “Qurumun şəffaf, məhsuldar fəaliyyəti hamının gözləri önündədir. Artıq kimsə hərbi xidmətə çağırış sahəsində hansısa neqativ halların olmadığını deyə bilmir.

Yaxın vaxtlarda Xidmətin həyata keçirdiyi işlər, xüsusilədə irimiqyaslı hərbi təlimlər zamanı on mindən artıq hərbi vəzifəlinin toplanış yerlərinə göndərilməsi zamanı qurumun yüksək peşəkarlıq nümayiş etdirməsi yəqin ki, kimlərisə narahat etməkdədir. Həmçinin Dövlət Xidmtənin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə həyata keçirdiyi tədbirlər hamımıza məlumdur. Bu sistemin şəffaf formada işləməsini təmin etmiş şəxslərə qarşı qərəzli kampaniya aparmaq isə əsl Azərbaycan vətəndaşına, Azərbaycan jurnalistinə yaraşmaz. Əminik ki, bu işləri görən “jurnalistlər” bir gün bunun cavabını verməli olacaqlar. Əlbəttə, hansısa dövlət strukturunun fəaliyyətində nöqsan olarsa, mətbuatın bu nöqsanları, çatışmazlıqları tənqid etmək haqqı var. Hətta bu, bir borcdur, vəzifədir. Ancaq sırf şəxsi maddi maraqlar naminə, kiminsə sifarişi əsasında dövlət qurumunu, bu qurumun rəhbərini hədəf almaq jurnalist əxlaqına münasib deyil. Azərbaycan gəncliyi olaraq belə iftiraçı media orqanlarına etirazımızı bildirir və cəmiyyəti belə böhtan kampaniyalarına mövqe nümayiş etdirməyə çağırırıq”.

Qeyd edək ki, birgə bəyanata Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, Rəvan Gəncliyə Dəstək İctimai Birliyi, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Azərbaycan Gənc Alim, Aspirant və Maqistr Cəmiyyəti, Təkan Tələbə Gənclərin İctimai Birliyi, Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiyasası İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu, Sağlam Gəncliyə Doğru İctimai Birliyi, Sağlam Düşüncə Gənclər Təşkilatı, Dialoq Gənclərin Diskussiya Klubu İctimai Birliyi, Demokratik Gənclər Platforması İctimai Birliyi, Gənc Mühasiblər Birliyi, Bakı Gənclər Klubu İctimai Birliyi və Gəncləri Maarifləndirmə İctimai Birliyinin rəhbərliyi imza atıb.

Ceyhun ABASOV

 





07.12.2015    çap et  çap et