525.Az

Hərbi yönümlü QHT-lər Səfərbərlik Xidmətində aparılan uğurlu islahatları dəstəkləyir


 

“SƏFƏRBƏRLİK XİDMƏTİNƏ QARŞI BAŞLADILAN QARAYAXMA KAMPANİYASI DÖVLƏT STRUKTURLARININ NÜFUZUNA XƏLƏL YETİRMƏK CƏHDİDİR”

Hərbi yönümlü QHT-lər Səfərbərlik Xidmətində aparılan uğurlu islahatları dəstəkləyir<b style="color:red"></b>

Hərbi yönümlü Qeyri-Hökumət Təşkilatları son zamanlar bir sıra dövlət qurumları və yüksək çinli məmurlara qarşı qarayaxma kampaniyası başlandığını önə çəkərək, bununla bağlı birgə bəyanat yayıb.

Bəyanatda deyilir:
 
“Silahlı Qüvvələr hər bir ölkənin təhlükəsizliyinin təmin edilməsində mühüm yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu işləri müsbət nəticəsini verib və hazırda ordumuz bütün göstəricilər üzrə regionun ən güclü ordusu statusunu qazanıb. Həmçinin, hərbi sahə ilə bağlı digər qurumlarda da islahatlar aparılıb, bu sistem müasir dünya standartlarına uyğunlaşdırılıb”.

Bildirilib ki, son illər geniş miqyaslı islahatlar aparılan qurumlardan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir:
 
“2012-ci ilin 13 fevral tarixində yaradılan Dövlət Xidməti qısa müddətdə qarşıya qoyulan vəzifələri uğurla həyata keçirərək nümunəvi strukturlardan birinə çevrilib. Xidmətin fəaliyyətində şəffaflıq təmin edilib, səfərbərlik və çağırış sistemi günün ən müasir tələblərinə uyğun qurulub. Xidmət tərəfindən gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün “Vətənin müdafiəsinə hazıram” adlı bütün bölgələrdə silsilə tədbirlər keçirilir. Keçirilən tədbirlərdə şəhid ailələri, Qarabağ əlilləri və müharibə veteranları eləcə də, hərbi müəllimlər və nümunəvi şagirdlər mükafatlandırılır. Keçirilən bütün tədbirlərdə KİV və QHT-lər aktiv iştirak edir”.

Qeyd olunub ki, gənclərin hərbi xidmətə hazırlanması və vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün müxtəlif ixtisaslar üzrə kurslar təşkil edilir:

“Görülən bu qədər işlərin cəmiyyətdə müsbət qarşılanması isə bəzi bədxah dairələri narahat etməkdədir. Bu dairələr digər qurumlardakı müsbət inkişafı qəbul etmədikləri kimi Səfərbərlik Xidmətində də həyata keçirilən işlərə qara yaxmağa çalışır, cəmiyyətə yalan informasiya ötürməyə çalışırlar. Qeyd etmək istəyirik ki, Azərbaycan cəmiyyəti belə bədxah, böhtançı insanların yalanını yaxşı anlayır. Azərbaycan vətəndaşları Səfərbərlik Xidmətində aparılan islahatları, yüksək standartların tətbiqini daim müsbət qarşılayıb, bütün bu işlərə rəhbərlik edən Ali Baş Komandan İlham Əliyevi daim dəstəkləyiblər.
 
Bildiririk ki, son günlər bəzi elektron mətbuat vasitələrində reket jurnalistlərin müəyyən qaranlıq maraqları naminə Səfərbərlik Xidmətinin nüfuzuna xələl gətirmək üçün yaydıqları böhtan dolu informasiyaları qınayır, bunu dövlətçiliyimizə və ordumuzun güclənməsinə, dövlət strukturlarının işinə iftira atmaq cəhdi kimi qiymətləndiririk. Biz hərbiyönümlü QHT-lər bu insanları çirkin niyyətlərindən əl çəkməyə, görülən işlərə hörmət etməyə və dövlətçiliyimizə sədaqətli olmağa çağırırıq”.

Qeyd edək ki, bəyanatı Azərbaycan Respublikası Silahlı Qüvvələri Ehtiyatda olan Zabitlər Konfederasiyası, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyi, Çernobl Əlilləri Cəmiyyəti; Azərbaycan Çernobl Əlilləri İttifaqı, Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi, “Əsgər Anaları” Şurası, Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi, “Əsgər Ailəsi” Cəmiyyəti, Azərbaycan Respublikası “20 Yanvar Cəmiyyəti”, Aztəminatlı Əlil, Veteran və Şəhid Ailələri İctimai Birliyi, Şəhid Ailələrinin Hüquqlarını Müdafiə İctimai Birliyi və Şəhid Ailələrinə Maddi və Mənəvi Yardım İctimai Birliyinin rəhbərliyi imzalayıblar.

Ceyhun ABASOV

 





07.12.2015    çap et  çap et