525.Az

XİN Rusiya telekanalının əməlini qəti şəkildə pisləyib


 

XİN Rusiya telekanalının əməlini qəti şəkildə pisləyib<b style="color:red"></b> “Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhrif edilərək təqdim olunması tərəfimizdən qəti şəkildə pislənilir”.
 
Bunu Rusiyanın “Lifenews” telekanalında Azərbaycanın xəritəsinin təhrif olunduğu videosüjetlə bağlı APA-nın sorğusuna cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
 
H. Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi məsələ ilə əlaqədar lazımı tədbirlər görəcək: “Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhrif edilərək təqdim olunması tərəfimizdən qəti şəkildə pislənilir. Bu, ilk növbədə kanalın beynəlxalq hüquqa olan hörmətsizliyinin nümunəsidir, obyektivlik və peşəkarlıqdan tamamilə kənardır.

"Lifenews" kanalı əvvəllər də Azərbaycana qarşı qərəzli mövqeyi ilə fərqlənib. Bu da yəqin ki, kanal rəhbərliyinin şəxsi qərəzindən və erməni lobbi dairələrinin təsiri altında olmalarından irəli gəlir”.
 
Xatırladaq ki, dekabrın 5-də "Lifenews"da efirə gedən süjetdə nümayiş olunan Azərbaycan xəritəsi təhrif edilib. Erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar xəritədə göstərilməyib.
 
Qeyd edək ki, "Lifenews" kanalının baş direktoru Aşot Qabrielyanovdur.
 





07.12.2015    çap et  çap et