525.Az

Cəmil müəllimi xatırlayarkən


 

Cəmil müəllimi xatırlayarkən<b style="color:red"></b>

Əvvəllər Cəmil Əlibəyovu hadisələri olduğu kimi qələmə alan yazıçı, professional jurnalist və publisist kimi tanımışdım.

“Sınaq”, “Mənim analı dünyam”, “Həyatın özü”, “Dözümlü məhəbbət”, “Qızıl at və torpaq” romanlarını həvəslə oxumuşam. Doxsanıncı illərdə “Vahid” qəzetində və “Elm və həyat” nəşriyyatında birgə işlədiyimiz müddətdə onu lap yaxından tanıdım. Xeyirxahlığı, insanpərvərliyi, hamıya köməklik etməsi ilə seçilirdi. Ətrafdakılara olan münasibəti mənim üçün bir örnək oldu. Onun ən çox diqqəti cəlb edən cəhəti mərhəmətli olması idi. Hamı Cəmil müəllimin bu xasiyyətini çox gözəl bilirdi. Ona görə də yanına gələnlərin sayı-hesabı yox idi.  Kimisi məsləhət almaq üçün, kimisi də dərdini dağıtmağa gəlirdi.

Yazdıqları cızma-qaranı çap etdirməkdən ötrü redaksiyaya gələnlərin ardı-arası kəsilməzdi. Bəziləri şeir, bəziləri isə hekayə gətirərdi. Cəmil müəllim onlarla səbrlə danışar, bu yazıların çap üçün yararsız olduğunu təmkinlə başa salardı. Bəzən mən hövsələsizlik edəndə, deyirdi ki, belə olmaz. Cavansınız, bir az təmkinli olun. Kimsənin redaksiyadan incik düşməsinə yol verməzdi. Bir dəfə Cəmil müəllim nəşriyyata təqdim olunan yazını mənə verdi və dedi ki, bax gör necə yazıdır. Müəllif 50 səhifəlik  yazısında bir nəfəri çox tərifləyirdi. Onu tanıyanların hamısı həmin şəxs haqqında  müsbət fikir söyləyirdilər.  Ancaq peşəsi barədə bir kəlmə də danışılmırdı.  Mən Cəmil müəllimə müəllifin təriflədiyi şəxsin hansı peşənin sahibi olmasını qeyd etmədiyini dedim və müəllifi redaksiyaya çağırdım. Nəhayət, məlum oldu ki, həmin şəxs taksi sürücüsüdür. Cəmil müəllim müəllifi başa saldı ki, hər bir peşə sahibindən kitab yazmaq olar, lakin hansı formada və necə yazılmağına baxır. Müəllifi elə yola saldı ki, onun heç ruhu da incimədi.

Cəmil müəllim yersiz tərifi də xoşlamırdı. Bilirdi ki, bu tərifin arxasında nə isə bir təmənna durur.  “Vahid” qəzetinin hər nömrəsi çıxandan sonra müzakirə edirdik. Yaxşı cəhətlər və nöqsanlar qeyd olunurdu. Bir dəfə iş yoldaşlarımızdan biri (həmin jurnalist rəhmətə gedib)  qəzetin bütün məqalələrini həddindən çox təriflədi. Bu tərif əndazəni keçəndə, Cəmil müəllim onun sözünü yarımçıq kəsərək, iradlardan daha çox danışmaq lazımdır, - dedi.

Cəmil müəllimin 80 illik yubileyi 2007-ci ilin dekabrın 4-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” adına klubunda keçirilirdi. Zal ağzına kimi dolu idi.  Hamı Cəmil müəllimin başına yığışmışdı. Cəmil müəllim bu hörməti təmkini, ağayanalığı, səmimiyyəti ilə qazanmışdı. Yubiley gecəsində çıxış edənlər onun nəcibliyindən, hamıya əl tutmasından söz açdılar. Sən demə, Cəmil müəllim “Azərbaycan gəncləri” qəzetində işləyərkən, bir ştatı yarı bölürmüş  ki, heç kim işsiz qalmasın, evinə çörəkpulu aparsın. 

Mərhum akademik Bəkir Nəbiyev öz çıxışında Cəmil müəllimin ona etdiyi yaxşılıqlardan, işsiz olduğu vaxtlarda onu işə götürməsindən, neçə-neçə istedadlı gəncə əl uzatmasından məhəbbətlə danışdı.

“525-ci qəzet”in baş redaktoru,Yazıçılar Birliyinin katibi Rəşad Məcid də Cəmil müəllimin xeyirxahlığından söz açdı:

- Cəmil müəllimin yubileyinə hamımız ürəyimizin diktəsi ilə gəlmişik. İnsanları bu məkana gətirən o duyğunu  dilə gətirmək çox çətindir. Arzu edirəm ki, bütün ədəbi nəsillər Cəmil Əlibəyov kimi istedadlı yazıçıların, əsl insani keyfiyyətlərin daşıyıcısı olan xeyirxah insanların bu kimi xüsusiyyətlərini əxz etsinlər.

“Zəmanələrlə üz-üzə” adlı ömürnaməsini yazıb qurtaranda, Cəmil müəllimin qızı Nigar xanım mənə zəng edib dedi ki, atam Maral xanımla səni görmək istəyir. Elə həmin gün onlara getdik. Nədənsə, son vaxtlar Cəmil müəllimgilə gedəndə çox kövrəlirdi. Bu dəfə də bizi görüb sevindi, həm də kövrəldi:

- Nə yaxşı ki, ahıl vaxtımda sizin kimi bacılar tapmışam. Bilirəm ki, kitabımı diqqətlə oxuyacaqsınız. Sizə arxayınam. Yəqin ki, bu, mənim axırıncı kitabım olacaq.

Biz ona təskinlik verdik. Dedik ki, siz nə qədər yaza bilirsinizsə, yazın. Bir qədər fikrə gedəndən sonra Cəmil müəllim dedi:

- Mənim yaşıdlarımın hamısı dünyalarını dəyişib. Bu yaşıma qədər həyatın hər üzünü görmüşəm, çox ömür sürməyin də mənası yoxdur.

Kitabı oxuduqca, Cəmil müəllimin taleyi gözümüzün önündə canlandı. Atasına görə ailə üzvlərini incitməkləri, anasının onları necə böyük zəhmət bahasına böyütməsi, atası Ədil bəyin ailəsinin həsrətini çəkə-çəkə dünyasını dəyişməsi nisgili Cəmil müəllimi ömrü boyu narahat etmiş, zaman-zaman bu hadisələrin bir çoxu bədii əsərə çevrilmişdi. Çəkdiyi ağrı-acılar onu sındırmamışdı. Bəy nəslindən gələn kübarlığını ömrü boyu qoruyub saxlaya bilmişdi. “Azərbaycan gəncləri”, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində, “Azərbaycanfilm” kinostudiyasında, “Azərnəşr”də, “Kommunist” qəzetində işləyərkən öz tələbkarlığı, eyni zamanda qayğıkeşliyi ilə əməkdaşların qəlbinə yol tapmışdı. İşçilərin hamısı ona böyük hörmət və ehtiramla yanaşırdılar. Çünki o, ağı-qaradan, yaxşını-pisdən seçməyi, hər kəsə layiq olduğu hörməti etməyi bacarırdı. Dekabrın 5-i Cəmil müəllimin doğum günüdür. Bu dəfə 88 yaşını doğmaları Cəmil müəllimsiz qeyd edəcəklər...

Məncə, xoşbəxt o insandır ki, dünyasını dəyişəndən sonra da işıqlı xatirəsi ürəklərdə yaşayır. Ruhu şad olsun!

Mehparə AXUNDOVA

 





07.12.2015    çap et  çap et