525.Az

İncəsənət Universitetində Beynəlxalq Könüllülər günü


 

İncəsənət Universitetində Beynəlxalq Könüllülər günü <b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Səda” Tədris Teatrında 5 dekabr Beynəlxalq Könüllülər gününə həsr olunan təntənəli konsert proqramı təşkil edib.

Universitetdən verilən məlumata görə, konsertdə universitetin müxtəlif alətlərdə və solo ifa edən istedadlı gənclərlindən ibarət “Nəğməli Bakı” vokal-instrumental ansamblı Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinin orkestri və Dövlət Pantomima Teatrının aktyorları ilə birlikdə dinləməyə alışdığımız əsərləri səhnələşdirilmiş şəkildə təqdim ediblər.
 
Musiqi nömrələrini müşayiət edən rəqslərin və pantomim kompozisiyalarının quruluşu universitetin müəllimi, əməkdar artist Nargilə Qəribova tərəfindən hazırlanıb. Konsertdə Fikrət Əmirov, Tofiq Quliyev, Rauf Hacıyev, Yeganə İmanova, İvan Şışkin və başqa bəstəkarların əsərləri ilə yanaşı caz kompozisiyalar da tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edə ki, hərbi orkestrin rəisi və dirijoru olan Fariz Məmmədzadə eyni zamanda ADMİU-nun I kurs magistr tələbəsidir. Konsertdə o orkestrə dirijorluq etməklə yanaşı, tələbə yoldaşları ilə birlikdə ansamblda saksofon ifaçısı kimi çıxış edib.

Tədbirdə ifa olunan musiqi nömrələri ilə bağlı maraqlı tərəflərdən biri də odur ki, səslənən bir sıra əsərlərin ansambl üçün işləməsi məhz universitetin tələbələrinə məxsusdur. Hərbi Məktəbin tələbələri, ADPU-nun və digər müəssisələrdən dəvət olunan könüllülərin iştirak etdiyi bayram konsertinin son musiqi nömrəsi olan Müslüm Maqomayevin “Odlar Yurdu Azərbaycan” mahnısını bütün zal birgə ifa edərək həmrəylik nümayiş etdirib.

Sonda Universitetin rektoru professor Fərəh Əliyeva çıxış edərək, bütün dünyada olduğu kimi, Azərbaycanda da könüllülərin müxtəlif sahələrdə xüsusi rolunu qeyd edərək, onları ürəkdən təbrik edib və sonda tədbirdə zəhməti keçən “Nəğməli Bakı” ansamblının bədii rəhbəri Sevinc Dadaşovaya, Ali Hərbi Məktəbin orkestri və Dövlət Pantomima Teatrını fəxri fərmanla təltif edib.
 
Tədbirdə iştirak edən Ali Hərbi məktəbin rəisi, polkovnik Füzuli Salahov da çıxış edərək ADMİU ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib və bundan sonra da belə maraqlı birgə layihələrin keçirilməsini arzulayıb.

Vəfa MƏMMƏDLİ

 





07.12.2015    çap et  çap et