525.Az

İtalyan bəstəkarı Françesko Maconun Günay Mirzəyeva ilə birgə layihəsi təqdim ediləcək


 

İtalyan bəstəkarı Françesko Maconun Günay Mirzəyeva ilə birgə layihəsi təqdim ediləcək<b style="color:red"></b>

Finlandiyada keçirilən “Brinkhall summer concerts” festivalının rezident-bəstəkarı, təşkilatçısı və bədii rəhbəri, həmçinin İtaliyada keçirilən “Massenzio arte festival”ın bədii rəhbəri Françesko Maco Azərbaycana gəlir.   Azərbaycan musiqisinə məftun olduğunu söyləyən Maco bu musiqini məhz Azərbaycanda dinləmək və müştərək layihələr üzərində işləmək üçün dəfələrlə ölkəmizdə olub.

F.Maco Romadakı Santa-Çeçiliya Konservatoriyasının bəstəkarlıq sinfini bitirib. Həmvətənimiz Günay Mirzəyeva da hazırda həmin konservatoriyada oxuyur. Maco məhz Günay Mirzəyevanın sayəsində Azərbaycan musiqisi, onun nadir janrları barədə məlumat əldə etdiyini deyir.

Yeri gəlmişkən, Günay məşhur bəstəkar Musa Mirzəyevin və jurnalist Svetlana Mirzəyevanın nəvəsidir.

Bu yaradıcı insanlar Azərbaycanı, onun musiqisini İtaliyada və bütövlükdə Avropada daha yaxşı tanıtmaq üçün bir neçə müştərək layihə həyata keçiriblər.

Maconun Bakıya budəfəki səfəri onun Günay Mirzəyeva ilə müştərək yeni layihəsi ilə bağlıdır.

Ştutqart Konservatoriyasının məzunu, Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının təqaüdçüsü olan Günay Mirzəyeva indi Romadakı Santa-Çeçiliya Akademiyasının Konservatoriyasında və eyni zamanda bəstəkarlıq üzrə doktor adı almaq üçün Almaniyanın Karlsrue şəhərində dünya şöhrətli bəstəkar, professor Volfqand Rimin sinfində təhsilini davam etdirir.

Sevindirici haldır ki, Günay Mirzəyeva Bakıda həyata keçirilən “Il Fiore del Fuoco” (Azerbaijan Visual Concert) layihəsinin əsas sponsorları olan Gənclər Fondunun və Azərbaycan Gənclər və İdman Nazirliyinin qrantını qazanıb.

Layihə İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzi və İtaliyanın “Contempoarte” ansamblı tərəfindən birgə həyata keçirilir. Layihənin media tərəfdaşı Azərbaycan Dövlət Televiziya və Radio Komitəsidir (layihənin rejissoru Azərbaycan Televiziyasının bədii rəhbəri Etibar Babayevdir).

Yanvarın 25-də bu layihə çərçivəsində Beynəlxalq Muğam Mərkəzində “Il Fiore del Fuoco” (Azerbaijan Visual Concert)” adlı konsert olacaqdır. Həmin konsertdə İtaliyanın Florensiya şəhərinin “Contempoarte” ansamblı muğam üçlüyü ilə birlikdə gənc müəlliflərin iki yeni əsərini Françesko Maconun “Çahargah” muğamı əsasında yazdığı “Atəşgah” kompozisiyasını, Günay Mirzəyevanın “Şur” muğamı əsasında bəstələdiyi “Alovun səsi” əsərini ifa edəcək.

Günay Mirzəyevanın sözlərinə görə konsert zamanı zaldakı monitorda Azərbaycanın “Yanardağ” və “Atəşgah” kimi görməli yerləri audio-vizual rejimdə nümayiş etdiriləcəkdir. Bu, onunla əlaqədardır ki, yeni layihə Atəşə – işığın rəmzinə, Azərbaycanın rəmzinə həsr edilib.

Fevralın 4-də eyni proqram üzrə konsert Florensiyada, “Palazzo Medici Riccardi”də təşkil ediləcək. Bu tədbirin sponsorları Florensiya əyalətinin Toskana regionunun bələdiyyəsi, İtaliya Mədəniyyət Nazirliyi, Azərbaycanın İtaliyadakı səfirliyi və “Made Group Florence Consortium” qrupudur.

Florensiya filarmoniyasının orkestri dəfələrlə Bakıda olmuş, burada M.Rostropoviç adına musiqi festivalında iştirak edib. “Rotary Club” Assosiasiyası yanında “Made Group Florence Consortium” qrupunun nümayəndələri – qrupun rəhbəri Cüzeppe Massaskuza və klubun üzvü Leonardo Alderigi isə Bakıya ilk dəfə gəlmişlər. Bakıda bu təşkilatın nümayəndəliyi açılmışdır. “Rotary Club”un Bakıdakı nümayəndəliyinin prezidenti Emil Həsənovdur.

C.Massaskuzanın sözlərinə görə Azərbaycan mədəniyyəti onlara çox güclü təsir göstərmişdir. Azərbaycan paytaxtının simasında inşaat bumuna baxmayaraq qədim memarlığın cazibəsi aşkar hiss olunur.

“Rotary Club” Assosiasiyası öz fəaliyyətində xeyriyyəçiliyə, istedadlı gənclərin dəstəklənməsinə, maraqlı layihələrin həyata keçirilməsinə də xeyli yer ayırır.

Assosiasiya bizim gənc bəstəkarların Florensiyada konsertinin təşkil edilməsi ideyasını da dəstəkləyib. Bir sıra musiqi festivalları keçirməyi planlaşdıran Françesko və Günay ümid edirlər ki, onlar yaxın gələcəkdə daha bir layihə həyata keçirə biləcəklər. Bu, İtaliyada Azərbaycan musiqisinə həsr edilmiş böyük festival olacaq.

GÜNEL

 





18.01.2013    çap et  çap et