525.Az

Cabir Novruz xatırlanıb


 

Cabir Novruz xatırlanıb<b style="color:red"></b>

Dirili Qurbani Məclisinin təşkilatçılığı ilə, XX əsr Azərbaycan poeziyasının parlaq simalarından olan Xalq şairi Cabir Novruzla bağlı xatirə tədbiri keçirilib.

Tədbirdə məclisin sədri, şair-publisist Tariyel Abbaslı Cabir Novruzun yaradıcılığından söhbət açıb: "Onun əsərlərində xalqımızın həyatında baş verən keşməkeşli hadisələr geniş şəkildə işıqlandırılıb. Şeirləri hər zaman bəstəkarları tərəfindən də yüksək qiymətləndirilib. "Sən oldun", "Məhəbbət", "Cavanlığım", "Bulaq suyu, dağ havası", "Ömür keçir", "Bakının qızları", "Tələbə" və digər populyar mahnıları indi də dillər əzbəridir, ifaçılarımızın repertuarından düşmür".

Filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Adil Cəmil, ədəbiyyatşünas Sona Xəyal və başqaları şairin ədəbiyyata gəldiyi gündən yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazandığını söyləyiblər: "Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr edilib. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb. Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olub, hadisələrə düzgün qiymət verilməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib".

Şairlər - Əzizə Ağahüseynqızı, Nəcməddin Mürvətov və başqaları şairin yaradıcılığından danışıb, əsərlərindən nümunələr səsləndiriblər.

Tədbirdə Xalq artisti Niyaməddin Musayev, Əməkdar artist Abbasqulu Nəcəfzadə və digər incəsənət ustaları şairin sözlərinə yazılmış musiqi əsərlərini ifa ediblər.

Sonda Cabir Novruz Fondunun sədri, şairin övladı Müşfiq Cabiroğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

S.ABDULLAYEVA

 





08.12.2015    çap et  çap et