525.Az

Fikrət Qoca haqqında bir kitablıq düşüncələr və təəssüratlar


 

Fikrət Qoca haqqında bir kitablıq düşüncələr və təəssüratlar<b style="color:red"></b>

Xalq şairi Fikrət Qocanın "Od oğluyam, alovlardan doğuldum..." kitabı işıq üzü görüb.
 
Kitabda şair, yazıçı və ədəbiyyatşünasların Fikrət Qoca yaradıcılığı və şəxsiyyəti ilə bağlı düşüncələr, təəssüratlar toplanıb.

Kitabın önsözü yazıçı-dramaturq İlqar Fəhminin "İynə gözü..." yazısıdır. Burada müəllif, Fikrət Qoca dünyasını onun şeirləri müstəvisində səciyyələndirir: "Fikrət Qocanın şair ruhu sanki barometr civəsi kimi ictimai mühitdə baş verən ən yüngül titrəyişlərə də reaksiya verir. Öz-özlüyündə şairliyin tənhalıq, özünəqapanma tələb etdiyini etiraf edən Fikrət Qoca bu tənhalığı sadəcə ictimai mühitdən kənara çəkilib dünyadan uzaqlaşmaqda görür. Şair belə olmamalıdı. Şair zamanın, dünyanın nəbzini tutmalıdı və bütün dünyanı öz ilhamının "iynə gözü"ndən keçirtməlidi...

Əgər kimsə Fikrət Qocanın çoxcildliyini qarşısına qoyub əsərlərini xronoloji qaydada oxusa, həm ölkəmizdə, həm də sərhədlərimizdən kənarda baş verən ictimai-siyasi hadisələrin əks-sədasını görə bilər...  Sanki bütün dünya onun poetik müstəvisində əks olunur.

Ağalar yer kürəsini,
Qarpız kimi dilimləmək istəyir.
Yenə də Qərbdə körükləyir
Hərbin kürəsini...

Lakin bu müstəvi hadisələri sadəcə əks elətdirməklə kifayətlənsəydi, onda bu şeirlərin publisistik informasiyadan fərqi nə olardı ki?

Yox, Fikrət Qoca hadisələri, prosesləri, problemləri sadəcə əks elətdirmir, o hamımızın şahidi olduğu hadisələrin məhz heç kimə görünməyən rakurslarını göstərir, sanki üzdəki pərdəni çəkir və bizim diqqətimizi proseslərin ətrafındakı məqamlara yönəldir, zahiri illüziyalara aldanmamağa, dərindən düşünməyə istiqamətləndirir..."

İlqar Fəhmi şairin qəhrəmanlarından, şeirlərindəki obrazlardan da söz açır. Fikrət Qoca yaradıcılığını bir-birindən kəskin şəkildə fərqlənən iki istiqamətdə təhlil edir: bütün ictimai hadisələrə, sosial problemlərə kəskin şəkildə reaksiya verən döyüşkən, əzmkar bir vətəndaş-şair obrazı və insan ruhunun ən zərif, məhrəm qatlarına toxuna bilən həssas aşiq siması.

Kitab "Sənətkar gözü", "Məslək dostu, sənət dostu", "Şair-bəstəkar ülfəti", "Ailə kiçik dövlətdir" kimi bölümlərə ayrılıb. Kitabda Xalq yazıçısı Anarın "Fikrət Qoca təsəllisi", akademik Bəkir Nəbiyevin "Şair fərdiyyəti", Xalq şairi Zəlimxan Yaqubun "Məhəbbətin ətri", akademik İsa Həbibbəylinin "Yaş o yaş deyil ki...", Lev Oşaninin "Fikrət Qocanın poeziya dünyası" və digər yazılar yer alıb. Son bölümdə isə ailəsi və yaxınlarının şairlə bağlı düşüncələri verilib.

Müşfiq ŞÜKÜRLÜ

 





08.12.2015    çap et  çap et