525.Az

Könül Eldarqızı - şeirlər


 

Könül Eldarqızı - <b style="color:red">şeirlər</b>

Səfərova Könül Eldar qızı 1982-ci ildə Beyləqanda doğulub.

Məktəb illərindən şeirlər yazmağa başlayıb, Beyləqandakı "Araz" ədəbi birliyinin fəal üzvü oub.

2014-cü ildə nəşr olunmuş eyni adlı almanaxda şeirləri ilə çıxış edib. 2010-cu ildə ilk şeirlər kitabı işıq üzü görüb.

Mən vətənəm...

Mən bu yurdun sabahına açılan
bir sabaham,
bir sabahın gözüyəm.
Mən bu yurdun başı üstə od saçan
bir günəşəm, od oğluyam,
mən atəşin özüyəm.
Mən yağışam,
mən buludam, mən qaram,
Mən ürəyəm, hər sinədə mən varam.
Mən çiçəyəm, mən torpağam,
mən daşam,
Ağlayana, sevinənə yoldaşam.
Mən arzuyam, mən ümidəm,
nəğməyəm.
Yaxına da, yadlara da, doğmayam.
Mən həm acı, həm də ki, bal kimiyəm.
Bəzən coşan,
bəzən də lal kimiyəm.
Mən qol-qanad,
görəm gözəm.
Kövrək qəlbə şirin sözəm.
Durmuş göləm, axar suyam,
mən ulduzam, mən səmayam,
nurlu ayam.
Mən dünyayam,kainatam,
ona tənəm.
Bu dünyada hər nə varsa,
bax o mənəm,
Mən vətənəm.

Mən sənə eşqimi necə söyləyim?..

Dillə söyləyimmi, gözlə deyimmi,
Baxışla andırım, sözlə deyimmi,
İndi bildirimmi,  "gözlə" deyimmi -
Mən sənə eşqimi necə söyləyim?

Gizlimi danışım, izharmı olsun,
Pünhanmı saxlayım, aşkarmı olsun,
Qəlbimi göynədən qübarmı olsun,
Mən sənə eşqimi necə söyləyim?

Vüsalım ağlasın,  həsrətmi gülsün,
Sevincim seyr etsin, möhnətmi gülsün,
Eşqimin evində zillətmi gülsün,
Mən sənə eşqimi necə söyləyim?

Dönüb bir çeşməyə göz ağlasınmı,
Kaman inildəsin, saz ağlasınmı,
Bahar qışa dönsün, yaz ağlasınmı,
Mən sənə eşqimi necə söyləyim?

Dilim deməsə də göz danışacaq,
Nəğmə söyləməsə, söz danışacaq,
Toxunsam, üzündə iz danışacaq,
Mən sənə eşqimi necə söyləyim?

Sənə bənd olmuşam, xəbərin olsun!
Canıma hopmusan, ruhum olmusan,
Xəyalım olmusan, yuxum olmusan,
Sən mənə hamıdan yaxın olmusan,
Sənə bənd olmuşam, xəbərin olsun!

Eşqindən od alım, köz əsirgəmə,
Baharı bəxş elə, yaz əsirgəmə,
Bir kəlmə din, danış, söz əsirgəmə,
Sənə bənd olmuşam, xəbərin olsun!
Tükənib bitmişəm yolunda sənin,
Gəzirəm sağında, solunda sənin,
İzin ver, can verim qolunda sənin,
Sənə bənd olmuşam, xəbərin olsun!

Ocağından küsmüşəm,
külündən incimişəm...

Ruhumun dincliyini bir baxışla alanım,
Səni mənə gətirmir, yolundan incimişəm.
Qədəminə iz olum, su tək axım, calanım,
Küləklərlə öpüşən telindən incimişəm.

Gecə, gündüz çağırır, səni dilim, demişdin,
Dünyamsan, söyləmişdin, obam-elim demişdin,
Neçə gülün içindən, mənə gülüm demişdin,
Yad çiçəkdən yapışan əlindən incimişəm.

Unut dedim könlümə, ürək qınadı məni,
Qırdı qol-qanadımı, qəlbin inadı mənim,
Elə yandırdı -yaxdı sevdanın odu məni,
Ocağından küsmüşəm, külündən incimişəm.

Sizdən bizim evəcən...

Sizdən bizim evəcən təzə cığır düşəydi...
İzimiz  cığırda görüşüb öpüşəydi.
Aydınca səhərlərə
çıxaydıq biz sə ninlə,
Düşüb ömrün arxına
axaydıq biz səninlə.
Sizdən bizim evəcən təzə cığır düşəydi...
İlmələrə dönəydik,
yanaşı toxunaydıq.
Həzincə bir nəğməyə,
lap bircəcə misraya dönüb
biz oxunaydıq.

lll

Sizdən bizim evəcən təzə cığır düşəydi...
Elə yozulaydı ki, gördüyümüz yuxular
çevrilib çin olaydı.
Xəyallar gerçək olub, həsrət düşəydi bizdən
min ağac gen olaydı.
Qəfil arzu-diləklər gerçəyə çevriləydi,
Yerlə-yeksan olaydı, lap dünya dağılaydı,
lap dünya devriləydi.
Təki bircə sən gülüm,
tək sən mənim olaydın.
Bəxtimə yazılaydın,
Ömrümə yazılaydın,
ömrüm-günüm olaydın.

lll

Sizdən bizim evəcən təzə cığır düşəydi...
Təki qoşa düşəydik biz oyunda zər kimi
Birimiz acı olub,
birimiz şirin olub,
elə qoşa olaydıq gülüşlə qəhər kimi.
Ya səma, ya da bulud,
yada ki, quş olaydıq.
Biz bu ömür yolunda iki yoldaş olaydıq.
Sizdən bizim evəcən təzə cığır düşəydi...
Ömrümüz bir-birinə qaynayıb qarışaydı.
Vüsala yetişəydik...
Göydə ulduzlarımız ömürlük barışaydı.

Könül ELDARQIZI

 





09.12.2015    çap et  çap et