525.Az

Araz Əlizadə: "Cahangir Əsgərovu divara dirəməsən..."


 

Araz Əlizadə: "Cahangir Əsgərovu divara dirəməsən..."<b style="color:red"></b>

"Cahangir Əsgərovu divara dirəməsən, qiymətləri endirməyəcək".

Bunu parlamentin Əmək və sosial siyasət komitəsinin dekabrın 8-də keçirilən iclasında sözügedən  komitənin yeni üzvü, ASDP sədri Araz Əlizadə dilə gətirib. Qeyd edək ki, iclasda Azərbaycanla Argentina arasında turizm sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı komitə üzvləri həmçinin, ölkədə turizmin vəziyyətindən, bu sahədə problemlərdən danışıblar.

Komitə sədri Hadi Rəcəbli deyib ki, artıq iqtisadiyyatı neft üzərində qurmaq dövrü keçib, əlavə gəlir mənbələrinin axtarılıb tapılması vacibdir: "Bu məsələdə də dəfələrlə vurğuladığımız kimi, turizmin önəmi üzə çıxır. Azərbaycanda da turizm üçün böyük potensial var. Amma bəzi səbəblərdən turizmin istənilən səviyyədə inkişafı mümkün olmur. Ölkə Prezidentinin də dediyi kimi, Azərbaycanda dördguşəli, beşguşəli otellərə ehtiyac yoxdur, daha çox üçguşəli, ikiguşəli otellər olmalıdır. Turistlərin mərmər döşəmələr, divara vurulan mərmər örtüklər nəyinə lazımdır, onlara yüksək səviyyədə  xidmət göstərilməsi, həmçinin, buraya daha ucuz qiymətlərlə gəlişlərinin təmin edilməsi vacibdir".

Komitənin üzvü İlham Məmmədov da dünyada yaşanan iqtisadi böhran fonunda əlavə gəlirlər mənbələrinin axtarılıb tapılmasına böyük ehtiyac duyulduğnu söyləyib: "Hesab edirəm ki, burda da turizm çox önəmli rol oynayır. Turizmin inkişafı üçün də qiymətlərin aşağı salınması, xüsusilə, təyyarə biletlərinin ucuzlaşdırılması lazımdır. Düzdür, aradabir endirimlər olunur, amma bu da kampaniya xarakteri daşıyır. Bu məsələdə kampaniyaçılıq olmaz. Bununla turizmi də inkişaf etdirmək mümkün deyil".

Həmkarının çıxışına müdaxilə edən digər komitə üzvü Araz Əlizadə isə "Cahangir Əsgərovu divara dirəməsən, qiymətləri endirən deyil" - deyə, bildirib. "Prezident deyir ki, kerosini də dövlət verir, təyyarələri dövlət alır, ancaq "AZAL" rəhbəri rentabellikdən-filandan dəm vurur...Eyni zamanda,  məsələn, Antaliyada otellərdə bir otaq 24-25 min dollara satılır. Kim istəsə ala və qalmadığı dövrdə onu  icarəyə verib pulunu qazana bilər. Bizdə də bu təcrübədən istifadə olunmalıdır" - deyə, A.Əlizadə sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





09.12.2015    çap et  çap et