525.Az

Fəzail Ağamalı: "... Sanki nazirlər göydən paraşütlə eniblər"


 

Fəzail Ağamalı: "... Sanki nazirlər göydən paraşütlə eniblər"<b style="color:red"></b>

Deputatlar, millət vəkillərinin, bütövlükdə Milli Məclisin (MM) səlahiyyətlərinin artırılmasını tələb ediblər. Onlar bunun üçün də MM-in Daxili Nizamnəməsinə və "Deputatın statusu haqqında" mövcud qanuna ciddi dəyişikliklərinin vacibliyini dilə gətiriblər.
 
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 8-də keçirilən iclasında çıxış edən millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev təklif edib ki, MM sədrinin müavinlərindən biri parlamentdə təmsil olunan və azlıqda qalan partiyaların nümayəndələrindən olsun:
 
"Bu, dünya təcrübəsində də var. Cənubi Qafqaz regionunda yeganə ölkəyik ki, bizdə belə bir məsələ yoxdur. Yaxşı olardı ki, MM sədrinin müavinlərindən biri azlıqda qalan partiyaların nümayəndələrindən biri olsun. Həmçinin, dünya parlamentlərində büdcəyə nəzarət edən komitənin sədrliyi müxalifət təmsilçisinə təklif olunur və verilir. Bizdə də bu komitənin funksiyasını İqtisadi siyasət komitəsi yerinə yetirir. Bu baxımdan, büdcə ilə bağlı şəffaflığın təmin edilməsi üçün həmin komitənin sədri də müxalifət partiyalarından birinin təmsilçisi olmalıdır. Eyni zamanda, Hesablama Palatasının tərkibinin formalaşdırılmasında parlamentdə olan müxalifət partiyalarının təmsilçiliyinə şərait yaradılmalıdır".

Q. Həsənquliyevin təklifləri onun deputat həmkarı, AVP sədr Fəzail Ağamalı tərəfindən də dəstəklənib:
 
"Milli Məclisin səlahiyyətlərinin artırılması ilə bağlı ictimai rəy var. Bunu da mətbuat ortaya qoyur. Bəzən mətbuatın üzərinə gedirik ki, onu niyə belə edir, amma əslində mətbuat ictimai yaradılmasında böyük rol oynayır. Odur ki, ictimai rəyi də əsas götürərək belə hesab edirəm ki, MM-in səlahiyyətlərinin artırılmasına ehtiyac var.
 
Bu gün nazirlər, komitə sədrləri bizdən-xalqın seçdiyi təmsilçilərdən daha geniş səlahiyyətlərə malikdir. Bir dəfə demişəm, indi də deyirəm ki, bəzi nazirlər, komitə sədrləri sanki əlçatmaz olublar. Onlar telefonlara cavab vermirlər. Bəzən parlamentdə də elə bir atmosfer yaradılır ki, sanki nazirlər, komitə sədrləri göydən paraşütlə eniblər. Bu, düzgün deyil. Son hadisələr də göstərdi ki, bəzi nazirlər öz səlahiyyətlərini çox aşıblar və  bir sıra qanunsuzluqlara yol veriblər... Həmçinin, MM sədrinin müavinlərindən biri mütləq azlıqda qalan partiyalardan birinin təmsilçisi olmalıdır. Hətta, lazımdırsa, sədr müavinlərinin sayı bir nəfər də artırıla bilər.  Bir sözlə, hesab edirəm ki, MM-in, deputatların səlahiyyətlərinin artırılmasına ehtiyac var".

Kamil HƏMZƏOĞLU

 





09.12.2015    çap et  çap et