525.Az

TQDK-dan təhsil şöbələrinə və şagirdlərə vacib xəbər


 

TQDK-dan təhsil şöbələrinə və şagirdlərə vacib xəbər<b style="color:red"></b> TQDK tərəfindən 2012/2013-cü tədris ili üzrə buraxılış imtahanlarına hazırlıq prosesi davam etdirilir.

Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

2012/2013-cü tədris ili üzrə buraxılış imtahanlarına hazırlıq işləri çərçivəsində Komissiya tərəfindən “Şagird - məzun elektron məlumat bazası” yaradılaraq istifadəyə verilib.
Bu sistemə respublikanın ümumi (IX sinif) və tam orta (XI) təhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 200 mindən artıq şagird haqqında məlumatların daxil edilməsi nəzərdə tutulur. Sistemdən rayon (şəhər)  təhsil şöbələri, təhsil müəssisələrinin məsul işçiləri və buraxılış siniflərinin şagirdləri istifadə edə biləcəklər.

Buraxılış sinfi şagirdlərinin bu səhifədən istifadəsi yalnız öz məlumatlarına baxmaqla məhdudlaşır. Şagirdlər sistemə şagird kodlarını müvafiq sahəyə yazmaqla daxil olacaqlar. Bu zaman ona aid məlumatda yanlışlıq aşkar edən şagird oxuduğu təhsil müəssisəsinin məsul şəxsinə həmin səhv barədə məlumat verməlidir.

“Şagird-məzun elektron məlumat bazası”na təhsil şöbələrinin nümayəndələri öz tabeliyində olan bütün məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında, məktəb əlaqələndiriciləri öz məktəblərinin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında, şagirdlər isə özləri haqqında məlumatlarla tanış ola biləcəklər.  

Təhsil müəssisəsinin məsul şəxsinin vəzifəsi buraxılış sinfində təhsil alan şagirdlərin (növbəti mərhələlərdə həm də təkrar və eksternat qaydada imtahan vermək istəyən şagirdlərin) qeydiyyatını aparmaq,  bütün məlumatlar daxil edildikdən sonra məlumatları TƏSDİQ etməkdən ibarətdir. Məlumatı sistemdə olmayan və ya  təsdiq edilməyən şagirdlər yekun qiymətləndirmədə iştirak etməyəcəklər və bunun nəticəsi olaraq təhsil sənədi almayacaqlar.
 
 
Rayon (şəhər)  təhsil şöbələri sistemə TQDK tərəfindən onlara təqdim olunmuş istifadəçi adı və parolu yazmaqla daxil olurlar.
TQDK əməkdaşları tərəfindən buraxılış siniflərinin şagirdləri haqqında məlumatların “2012-2013-cü tədris ili üçün “Şagird-məzun bazası”na daxil edilməsi üçün dekabr ayında respublikanın şəhər və rayonlarında məsul şəxslərlə seminar-məşğələlər aparılıb. 
 
Artıq respublika üzrə 77237 şagird haqqında məlumat məktəb əlaqələndiriciləri tərəfindən bazaya daxil edilib. Bu prosesin yanvar ayı ərzində başa çatdırılması nəzərdə tutulur. 
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən respublikanın orta ümumtəhsil müəssisələrinin buraxılış sinfində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən həyata keçirilir.
 





18.01.2013    çap et  çap et