525.Az

"Problemli kreditlərin strukturu ilə bağlı araşdırma aparılmalıdır"


 

"Problemli kreditlərin strukturu ilə bağlı araşdırma aparılmalıdır"<b style="color:red"></b>

"Azərbaycanda bankların vəziyyəti, kreditlərlə bağlı bir neçə məsələ narahatlıq yaradır. Birincisi, vaxtı keçmiş kreditlərin məbləğinin ilbəil artması, ikincisi isə bank faizlərinin yüksək olmasını qeyd edə bilərik".

Bu barədə millət vəkili Vahid Əhmədov problemli kreditlər, bank sistemi ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, banklarla biryerdə bu məsələlərə baxmaq lazımdır. Çünki bankların özü üçün də problemlər var.

Millət vəkili Azərbaycanda bank fazilərinin yüksək olduğunu vurğulayıb: "Digər tərəfdən, beynəlxalq qurumlar tərəfindən də vaxtı keçmiş kreditlər məsələsi qeyd edilir. Belə kreditlərin məbləği 1,4  milyard manata yaxındır. Bu məbləğdə vaxtı keçmiş kreditin olması Azərbaycan üçün böyük rəqəmdir.  Dövlət başçısı da problemlə bağlı bir neçə dəfə iradlar tutub, amma azalma baş verməyib".

V.Əhmədov Rusiyada da belə bir problemin olduğunu, çıxış yolu kimi isə müəyyən vaxt ərzində fazilərin ödənilməsinin dayandırıldığını əlavə edib: "Bununla da sahibkar müəyyən vaxt ərzində özünə gələrək, krediti ödəmək imkanına malik oldu. Kreditlərin strukturuna baxmaq lazımdır. Əgər 10-15 ildir ödənməyibsə, deməli, ödəmə qabiliyəti yoxdur. Yəni, kreditin strukturuna baxıb müəyən qərara gələmək olar. Milli Məclis banklarla bir toplantı keçirlib, bu vəziyyəti müzakirə etməlidir. Düşünürəm ki, hər bankın vəziyyətinə ayrıca baxılmalıdır. Çünki xüsusilə, manatın devalvasiyasından sonra banklarda ciddi problem yarandı. Bəlkə onlara da kömək lazımdır, problemi  qapalı saxlamaq olmaz, müzakirə etmək lazımdır".

Millət vəkili hesab edir ki, problem həm də faizlərdədir: "Bankın krediti 3 mənbədən formalaşır:  birincisi əmanətlər, ikinci Mərkəzi Bankın verdiyi mərkəzləşmiş kredit faizləri və bir də ki, hansı bankın xarici maliyyə qurumları ilə əlaqəsi varsa, ordan məbləğ götürüb kredit verir. Mərkəzi Bank kredit faizləri ilə bağlı son vaxtlar müəyyən addımlar atıb, islahatlara başlayıb. Kredit fazilərinin 29-25 faizə endirilməsini qeyd etmək olar. Düzdür, onun dedikləri tövsiyə xarakterli olsa da, amma həyata keçirilib".

V.Əhmədov deyib ki, indi banklar 29 faizdən yuxarı kredit verə bilməzlər, bu çox müsbət haldır: "Amma bununla bütün məsələlər həll olunmur. Yəni, 29 faizlə kreditin verilməsi yüksəkdir. Bu, birbaşa əlaqəli məsələdir. Yəni, Azərbaycan iqtisadiyyatı ilə bank sistemi əlaqəlidir. Niyə əmanətlərin 80 faizi dollarladır, 20 faizi manatla. Bu da bank sisteminə birbaşa təsir edir. Fevral ayında manatın devalvasiyasından sonra bank sisteminin özündə də problemlərin yaranacağı proqnozu verildi. Faktiki, belə də oldu. Bank sistemində bu gün ciddi problemlər var. Bank sisteminin köməyə böyük ehtiyacı var".

V.Əhmədov hesab edir ki, mütləq ipoteka qanunvericiliyində dəyişiklik olmalıdır: "Milli Məclisdə də bu məsələyə hər zaman toxunulur. Prezident əlavə 200 milyon manat ipoteka krediti üçün vəsait ayrılmasına göstəriş verdi. Yəqin ki, 2016-cı ildə bunun verilməsinə başlanılacaq. Yəni, bizim ipoteka kreditində istədiyimiz nədir? Düzdür, bu proses çox yaxşı işləyir, ildə 50 milyon, bəzən 80 milyona yaxın  kredit verilir. Amma hesab edirik ki, faizləri çox yüksəkdir. 50 min kredit verilirsə, ilkin ödəniş 15 faizdən aşağı deyil. 7500 nəğd verməlisən, bu, çox böyük məbləğdir. Sosial ipotekada faiz 4, o birində 8-dir,  bu da yüksəkdir, 1-2 faiz olmalıdır.  Evlərin qiyməti bahadır, 50 min Bakıda ev sahibi olmaq üçün az məbləğdir.  Bunu artıqmaq lazımdır. Bir də ki, ipoteka təkcə Bakıda yox, rayonlarda da işləməlidir. Orda evə ehtiyacı olanlar çoxdur. Amma ümumi götürəndə, bank sistemində islahatlar daim aparılmalı, faizlər aşağı düşməli, problemli kreditlərin həlli yolu tapılmalıdr".

V.Əhmədov düşünür ki, hər bir bank öz strukturuna baxmalıdır, əgər 10 ildən artıq kreditlər varsa, araşdırma aparılmalıdır: "Məni xüsusilə istehlak kreditləri narahat edir. İnsanlar soyuducu, televizor, maşın alıb, krediti qaytara bilməyiblərsə, onu hesabata salıb beynəlxalq qurumlara təqdim etməklə heç nə düzəlmir. Yəni, hər bir bank öz kredit strukturuna baxıb, orda müəyyən dəyişiklik etməlidir. Sovet vaxtında da belə proseslər olub, hətta dövlət təşkilatları bir-birlərinə borclu olanda hökumət yığılırdı mərkəzləşmiş vəsait tapıb bunu yoluna qoyurdular. İndi bank sistemini normal vəziyyətə gətirib çıxarmasaq, çətin olacaq".

PƏRVANƏ

 





10.12.2015    çap et  çap et