525.Az

Nə yaxşı ki, dünya, varsan- Fikrət Qoca


 

Nə yaxşı ki, dünya, varsan- <b style="color:red">Fikrət Qoca</b>

Nə yaxşı ki, dünya, varsan...

 

Vaxt var demə, zaman yoxdu!

Olmağına güman yoxdu,

Vaxtdan imdad uman yoxdu.

Biz gedərik, dünya qalar,

Hərdən bizi yada salar!

 

Fələk atan bir daş kimi,

Gözdən daman bir yaş kimi,

Yağıb keçən yağış kimi

Biz gedərik, dünya qalar,

Hərdən bizi yada salar!

 

Mələk idik yerə endik,

İşıq idik burda söndük.

Getmək üçün ruha döndük,

Biz gedərik, dünya qalar,

Hərdən bizi yada salar!

 

Arzu-kama yetmək olmur,

Çinar olub bitmək olmur,

Qalmaq olmur, getmək olmur.

Biz gedərik, dünya qalar,

Hərdən bizi yada salar!

 

Dünya, səndən doymaz gözüm,

Səndə qalar könlüm, sözüm,

İzi sənsən ömrümüzün,

Biz gedərik, dünya qalar,

Hərdən bizi yada salar!

 

Ağrı var...

 

Ürəyimdə bir ağrı var,

Sən deyən yalan ağrıdı.

Ürəyimin qübarı var,

Toxundun, yaman ağrıdı.

 

Sən gedəndən mən bekaram,

Sözsüz, səssiz, lalam, karam.

Heç bilmirəm yoxam, varam,

Sənsiz keçən an ağrıdı.

 

Yalan oldu əhdin, andın?

Məni eşqə saldın, dandın.

O atəşə elə yandım,

Yer, göy, asiman ağrıdı.

 

Kainatda mən inlədim,

Hər yandan səni dinlədim.

Səndən bir aman dilədim,

Dilimdə aman ağrıdı.

 

Xəyallarım viran oldu,

Uzun ömrüm bir an oldu.

Bir ah çəkdim duman oldu,

Gözümdə duman ağladı.

 

Onsuz da görünür...

Çəkmə qəzəb qılıncını,

Gözündə gendən görünür

Parıltısı, qığılcımı.

 

 

Neyləyim...

 

Ağlım məndən yuxarıdı,

Taleyin əli saxlayır.

Ağlım da öz can evində

Yazıq bir dəli saxlayır,

Onun da adı ürəkdi.

Yəqin dəli də gərəkdi.

Mən onların arasında,

Gah ağıllı, gah dəliyəm.

Yazıq canım, ona görə

Ağlamalı, gülməliyəm.

 

 

Bu bahar

 

(İlk eşqin nəğməsi)

 

Bu bahar oyandım mən torpaq kimi,

Gül açdım, dil açdım baxça-bağ kimi,

Qaçdım yamaclara sərdim qəlbimi,

Gördüm mələklərin göz yaşı yağır.

 

Buludlu səmanı geydim əynimə,

Göyün ağırlığı qondu çiynimə.

Kim nə deyir desin, deyil eynimə,

Arxamca qarılar qarğışı yağır.

 

Qıyqacı bir baxış ömrün bəsidi,

Dünyada nə varsa, haqqın səsidi.

Bu dünya Allahın möcüzəsidi,

Allahım, möcüzən nə yaxşı yağır.

 

Bahar ürəyimə bir od salıbdı,

Allah verən ruhu bir qız alıbdı.

Gözlərim heyrətdən donub qalıbdı,

İçimə meteor yağışı yağır.

 

 





18.01.2013    çap et  çap et