525.Az

Azərbaycan ali dəyərlərə hörmətlə yanaşan dövlətdir


 

RAUF ZEYNİ: "LEYLA VƏ ARİF YUNUSLARLA BAĞLI QƏRAR DÖVLƏTİN HUMANİST ADDIMIDIR"

Azərbaycan ali dəyərlərə hörmətlə yanaşan dövlətdir<b style="color:red"></b>

"Məhkəmə hakimiyyətinin çıxardığı qərarlara həmişə hörmətlə yanaşmalıyıq. Bu mənada, Leyla və Arif Yunuslarla bağlı verilən qərarı dövlətin humanist addımı kimi qiymətləndirirəm. Onların səhhətlərindəki problemlər və digər məsələlər nəzərə alınaraq apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişib".

Bu sözləri Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

Forum sədri xatırladıb ki, bu qərar Beynəlxalq İnsan Hüquqları günü ərəfəsində qəbul olunub: "Bu bir daha göstərir ki, Azərbaycan humanist və ali dəyərlərə hörmətlə yanaşan dövlətdir. Dövlətimiz məsələlərə qanunun aliliyi prinsipindən yanaşır və eyni zamanda, istənilən vaxt sərbəst şəkildə humanizm nöqteyi-nəzərindən müvafiq addımlar atır".

R.Zeyninin sözlərinə görə, təəssüflər olsun ki, bu gün beynəlxalq təşkilatlar - BMT, Avropa Şurası, ATƏT və digərləri iyirmi ildən artıq müddətdir işğal altında olan torpaqlarımız, erməni zülmündən əziyyət çəkən, məcburi köçkün, qaçqın həyatı yaşayan, eləcə də girovluqda saxlanılan soydaşlarımızla bağlı öz mövqelərini ortaya qoymurlar: "Məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Lakin bu sənədlər indiyədək icra olunmayıb, Ermənistan nə işğal etdiyi torpaqlardan çıxarılıb, nə də girovluqda saxlanılan həmvətənlərimiz azad edilib. Bu, böyük ədalətsizlikdir. Biz beynəxalq təşkilatları yazdıqları qanun-qaydalara hörmət etməyə, müvafiq addımlar atmağa çağırırıq. Dörd-beş nəfərin hüquqları kimi, məcburi köçkün və qaçqın həyatı yaşayan bir milyondan artıq vətəndaşımızın da hüquqları qorunmalı, müdafiə olunmalıdır. Əgər hər hansı bir dövlətin bir milyondan çox insanının hüququ tapdalanırsa, deməli, həmin dövlətin, xalqın hüquqları tapdalanır".

Forum sədri hesab edir ki, beynəlxalq hüquq normalarına Azərbaycan kimi bütün dünya dövlətləri də əməl etməlidir: "Ermənistan iyirmi ildən çoxdur ki, torpaqlarımızı işğal altında saxlayır, Azərbaycanda terror aktları törədib və bu gün də öz çirkin əməllərini həyata keçirir. İşğal olunan Dağlıq Qarabağ torpaqlarında qondarma rejim yaradılır, narkotik maddələr hazırlanır. Bütün bunlar region, dünya üçün təhdiddir. Ermənistanın apardığı siyasət regionda sülhü, sabitliyi və təhlükəsizliyi təhdid altında qoyur. Buna baxmayaraq, Ermənistana qarşı sanksiya alətləri tətbiq olunmur. Niyə görə Ermənistanı işğalçı siyasətdən əl çəkməyə məcbur etmək üçün mexanizmlər işə salınmır? Dünya birliyi bu ədalətsizliklərə son qoymalı, regionda sülh və sabitliyin bərpa olunması üçün Ermənistana təzyiq etməlidir".

Ceyhun ABASOV

 





11.12.2015    çap et  çap et