525.Az

“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”


 

ÜMUMMİLLİ LİDERLƏ BAĞLI ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB

“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”<b style="color:red"></b>

Dekabrın 9-da Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində növbəti elmi-praktik seminar təşkil olunub.

Tədbirdə əvvəlcə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu Öndərin anım günü ərəfəsində keçirilən budəfəki seminarın mövzusu “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” olub.

Mərkəzin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva bildirib ki, artıq bu seminarlar ənənəvi olaraq keçirilir. “Heydər Əliyev irsi: elmi-praktiki seminarlar” layihəsi çərçivəsində bu günədək “Müasir Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti,” “Heydər Əliyev və Azərbaycan elmi”, “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və Azərbaycan dövlət idarəetmə modeli” mövzularında məruzələr dinlənilib. Seminarlardakı məruzələri ümummilli lider Heydər Əliyevi yaxından tanıyan, onunla birlikdə işləmiş şəxslər, tanınmış elm adamları və ictimai xadimlər təqdim edirlər. Çıxışlar, dinlənilən müxtəlif xatirələr ulu öndər Heydər Əliyev irsinin, dövlətçilik fəlsəfəsinin öyrənilməsi və yeni nəslə ötürülməsinə geniş imkan yaradır.

Qeyd edilib ki, Heydər Əliyev gənc yaşlarından ədəbiyyata bağlı olub, həm Azərbaycan, həm də digər xalqların şair və yazıçılarının yaradıcılığına böyük maraq göstərib. Dahi şəxsiyyət gənclik illərində Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, həmçinin türk ədəbiyyatından Tevfiq Fikrətin, rus ədəbiyyatından Aleksandr Puşkinin və digərlərinin əsərlərini dönə-dönə oxuyub. Ədəbiyyata maraq, diqqət, qayğı Heydər Əliyevin fəaliyyətinin bütün dövrləri üçün xas olub.

Elmi-praktik seminarda çıxış edən Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O bildirib ki, Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər Azərbaycanı inkişaf yoluna çıxarıb. Ümummilli Lider bütün sahələrlə yanaşı, Azərbaycan ədəbiyyatının inkişafına da xüsusi diqqət və qayğı göstərirdi. Ulu öndərin şair və yazıçılara olan diqqətindən danışan Elçin Əfəndiyev hələ Sovet dövründə bu dəstəyin şahidi olduğunu qeyd edib. Ümummilli Lider Heydər Əliyev hər zaman şair və yazıçıların sağlamlığı, onların müalicəsi, ev şəraiti və bu kimi digər məsələlərə qayğı ilə yanaşıb. Qeyd edilib ki, Heydər Əliyev həm müasir , həm də klassik ədəbiyyatı dərindən bilirdi. Elçin Əfəndiyev vurğulayıb ki, Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin yüksək səviyyədə qeyd olunması barədə müdrik qərarı ilə Azərbaycanı türk dünyasının mədəniyyət mərkəzinə çevirdi. Bu yubileyin Azərbaycanda keçirilməsi yalnız ictimai, ədəbi hadisə deyildi. Bu, eyni zamanda, böyük siyasi hadisə idi.

Bildirilib ki, Azərbaycanın maraqlarını həmişə yüksək səviyyədə qoruyan Ulu Öndər Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi ilə ölkəmizin sürətli inkişafına nail olub. Ümummilli Liderin ruhu şaddır ki, onun siyasi kursu bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan dünya birliyində özünə layiqli yer tutub və bu mövqeni qoruyub saxlayır.

Elçin Əfəndiyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan qarşısında misilsiz xidmətlərinə dair sənədli əsər yazmaq niyyətində olduğunu bildirib.

Seminarda iştirakçıların sualları cavablandırılıb.

Sonda Ümummilli Liderə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 





13.12.2015    çap et  çap et