525.Az

Böyük azərbaycanlı


 

Böyük azərbaycanlı<b style="color:red"></b>

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın bütövlüyü, müstəqilliyi,  xalqın bugünü və xoşbəxt gələcəyi naminə ömrünü şam kimi əridən, milyonların qəlbində əbədiyyət qazanmış müdrik şəxsiyyət, böyük azərbaycanlıdır.
 

Ulu Öndərin unudulmaz xatirəsinin anım günü ərəfəsində bu böyük şəxsiyyəti xatırlamaq, onunla bağlı düşüncələrini bölüşmək hər birimizin müqəddəs borcudur.

Azərbaycanın böyük oğlu Heydər Əliyev heç kimə nəsib olmayan şərəfli bir yol keçib. İstər Sovetlər Birliyi dönəmində  ən mötəbər dövlət vəzifələrində çalışarkən, istərsə də Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikamıza rəhbər etdiyi illərdə o, ölkəmizin tərəqqisi, xalqın firavan gələcəyi yolunda misilsiz xidmətlər göstərib, saysız-hesabsız böyük uğurlara imza atıb.

Hələ 1992-ci ilin may ayında hakimiyyətə gələn AXC rəhbərlərinin və onların komandasının  səriştəsizliyi nəticəsində ölkəmizdə özbaşınalıq baş alıb gedirdi. Torpaqlarımızın 20 faizi düşmən əlinə keçmişdi, bir milyondan artıq məcburi köçkün və qaçqınımız vardı. Dəhşətlisi bu idi ki, 1993-cü ilin iyun ayında ölkəmiz artıq vətəndaş müharibəsi həddinə çatmışdı. Azərbaycan hakimiyyət böhranı ilə üz-üzə qalmışdı. Azərbaycanın müstəqilliyini istəməyən xarici güclərin dəstək verdiyi silahlı birləşmələr və onların müdafiəsinə qalxan bəzi siyasi qurumlar hakimiyyətin zəifliyindən istifadə edib ölkəni xaosa sürükləyirdilər. Belə bir çətin şəraitdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev anti-Azərbaycan qüvvələrin planlarını alt-üst edərək ölkəni böyük bir uçurumdan qorudu, müstəqil Azərbaycanın idarəçilik sükanı arxasına keçərək sabitliyin, sosial-iqtisadi inkişafın və tərəqqinin qarantına çevrildi.

Məhz ümummilli liderin apardığı ardıcıl və uzaqgörən siyasətin nəticəsidir ki, bu gün onun yaratdığı sənət əsəri - müasir və müstəqil Azərbaycan dünyanın ən qabaqcıl və inkişaf edən ölkələrindən biridir.

Azərbaycanın ağır günlərini yaşadığı bir vaxtda yenidən hakimiyyətə gələn və dövlət müstəqilliyimizin dayanıqlılığına nail olmaq üçün səylərini ilk növbədə ölkə daxilində siyasi sabitliyin bərqərar olmasına yönəldən ulu öndər paralel olaraq strateji əhəmiyyət daşıyan bir sıra iqtisadi layihələrin gerçəkləşməsinə də öz töhfəsini verdi. Bu layihələrdən ən mötəbəri isə 1994-cü il sentyabrın 20-də Bakıda imzalanan Əsrin Müqaviləsi oldu. Heydər Əliyevə qədər Xəzər dənizindəki neft yataqlarının transmilli neft şirkətləri ilə birgə istismarı barədə yüksək səviyyəli danışıqlar aparılsa da, müqavilənin imzalanmasının əleyhinə çıxan xarici qüvvələrin təzyiqi qarşısında davam gətirməyən əvvəlki ölkə rəhbərlərinın zəifliyi ucbatından Azərbaycan üçün təkcə iqtisadi yox, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edən bir layihənin reallaşdırılması mümkün olmamışdı. Lakin Ulu Öndər Heydər Əliyevin dəmir iradəsi, siyasi nüfuzu sayəsində 1994-cü ildə nəhayət 20-ci əsrin ən böyük neft müqaviləsi imzalandı və Azərbaycanın müstəqilliyinin qarantına çevrilən bir layihə gerçəkləşdi, Azərbaycanın qarşısında uzun və maneəsiz inkişaf yolu açıldı. Bu inkişaf  qısa zaman kəsiyində bütün istiqamətlərdə özünü göstərdi, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını da yaratdı. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa neft kəmərləri, sonra isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istismara verilməsinə nail olundu. Bu gün bütün dünya etiraf edir ki, Heydər Əliyev uzaqgörənliyi, mübarizliyi olmasaydı, bu böyük layihələrin heç biri reallığa çevrilməzdi.

lll

Heydər Əliyev Azərbaycanı - ümumi və bölünməz vətənimizi çox sevirdi O,  azərbaycanlı olması ilə həmişə fəxr edirdi və deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”. Onun müdrik siyasət, tükənməz enerji, dərin inamla Vətən naminə gördüyü işlər tariximizə qızıl hərflərlə həkk olub və xalqımızın yaddaşında əbədi yaşayacaq.

Bütün Azərbaycan xalqı kimi ulu öndərimizi biz ağdamlılar da unutmur, qəlbimizdə yaşadırıq. Heydər Əliyev hələ Sovetlər Birliyi dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə bir neçə dəfə Ağdamda olmuş, şəhərimizi və kəndlərimizi gəzmiş, əməkçilərlə görüşüb, onlarla səmimi söhbət etmişdi. Mən rayon partiya komitəsində təlimatçı, şöbə müdiri, sonralar Ağdamda çıxan rayon qəzetinin redaktoru olduğum illərdə Ulu Öndərimizin keçirdiyi iclas və plenumlarda, yığıncaqlarda, zona müşavirələrində iştirak etmişəm, onun vətənini, xalqını nə dərəcədə sevdiyinin, insanlara necə diqqət və qayğı ilə yanaşdığının şahidi olmuşam.

Ulu Öndərimiz o illər Ağdamda olarkən demişdi: “Mən arzu edirəm ki, Ağdam gündən-günə çiçəklənsin. Həm şəhər həm də kəndlər dastanlarda, şeirlərdə olduğu kimi, Azərbaycanın gözəl bağ-bağatlı güşəsi olsun”.

“Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz!”. Bu fikirlər də Ulu Öndərimiz Heydər Əliyevə məxsusdur. Artıq o bu sözləri illər sonra, yağı düşmən torpaqlarımızı işğal etdikdən sonra deyir.

Ulu öndər 1996-cı il  avqust ayının 2-də Ağdam şəhəri və onun ətraf kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin üçüncü ildönümü ilə əlaqədar Ağdam rayonu ictimaiyyətinin nümayəndələri görüş keçirdi. O görüşdə mən də iştirak edirdim. Ümummilli lider görüşdə Ağdam və onun insanları haqqında gözəl sözlər söylədi: “Ağdam şəhəri Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. Respublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, elmi potensialına, həm də insanların fədakarlığına görə həmişə çox mühüm rol oynamışdır... 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, bu münaqişənin ilk qığılcımını Ağdamda hiss etmişlər... Ağdam rayonu o vaxtdan indiyədək Ermənistanın hərbi təcavüzünə qarşı aparılan mübarizədə ön cərgədə olmuşdur. Ağdam vuruşmuşdur, böyük itkilər vermişdir”.

Təxminən iki il sonra - 1998-ci il oktyabrın 8-də Heydər Əliyev Quzanlı qəsəbəsinə səfər etdi, rayon əhalisi ilə görüşdü və yenə də ağdamlıların fədakarlığını yüksək qiymətləndirdi.

lll

Azərbaycanın inkişaf tarixinin təxminən son yarım əsrlik dönəminə diqqətlə nəzər salsaq, gələcəyə istiqamətlənmiş, dayanıqlı inkişafı təmin edən və cəmiyyətin hər bir üzvünün rifahına xidmət göstərən müdrik və uzaqgörən siyasətin nəticələrini görərik. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin Vətən üçün sonsuz xidmətləri hesabına başa gəlib. O, öncə vətənpərvər, Vətənini sevən bir insan, sonra isə böyük dövlət xadimi idi. Heydər Əliyevin yuxarıda qeyd etdiyimiz “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam” fikri  bu gün kiçikdən böyüyə qədər hər bir azərbaycanlının dilində əzbərə çevrilib: İstər Vətəndə, istərsə də qürbətdə yaşayan bütün dünya azərbaycanlıları da qürur duyur, fəxr edir ki, onun Azərbaycan kimi Vətəni, Heydər Əliyev kimi soydaşı, Ümummilli lideri var. Biz hər birimiz onun əmanəti olan müstəqil, güclü, qüdrətli Azərbaycanın vətəndaşlarıyıq.

Ulu Öndərin yaratdığı müstəqil Azərbaycan dövləti əslində 1969-cu ildə başladığı siyasətin məntiqi davamıdır. Bu yol bütün dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdiyi yoldur. Ümummilli liderin hakimiyyətə gəlişi ilə Azərbaycan xalqı işıqlı, nurlu sabahlara qovuşdu. ABŞ-ın keçmiş prezidenti Corc Buş Ümummilli lider haqqında xatirələrində qeyd etdiyi kimi, “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olub”.  Və bu böyük şəxsiyyətlə bağlı dünyanın ən nüfuzlu dövlət xadimləri, siyasətçilər çox dəyərli fikirlər söyləyiblər.

“Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi həyatdan getmişdir. Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir.

Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir”.

Vladimir PUTİN
Rusiya Federasiyasının Prezidenti

“Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim”.

Jak ŞİRAK
Fransa Respublikasının sabiq Prezidenti 

“Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür”. 

Nursultan NAZARBAYEV
Qazaxıstan Respublikasının Prezidenti

“Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”.

Rəcəb Tayyib ƏRDOĞAN
Türkiyə Respublikasının Prezidenti

“Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram”.

Kraliça II ELİZABET

lll  

Azərbaycanın, təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan iqtisadi, siyasi, sosial və mədəni inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uğurlu inkişaf modelinə uyğun olaraq Azərbaycanın dünyanın qabaqcıl, aparıcı dövlətləri sırasında tutduğu mövqe hər il daha da möhkəmlənir. Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanı dinlərarası, mədəniyyətlərarası dialoq mərkəzi, iqtisadi forumların, siyasi konfransların, idman oyunlarının keçirildiyi qabaqcıl ölkə kimi tanımaqdadır. Son olaraq qitənin idman tarixində ilk dəfə keçirilən Birinci Avropa Oyunlarına uğurla ev sahibliyi edən Azərbaycan mötəbər tədbirin standartlarını müəyyənləşdirdi. Bütün dünya münaqişə şəraitində olan Azərbaycanın böyük təşkilatçılıq qabiliyyəti qarşısında öz heyranlığını gizlədə bilmədi. Bunun nəticəsidir ki, artıq müxtəlif səviyyəli yarışların, tədbirlərin keçirilməsinə ev sahibi qismində ilk yada düşən ölkələrdən biri məhz Azərbaycandır. Növbəti 5 il ərzində vətənimizdə Dünya Şahmat Olimpiadası, “Formula-1” üzrə Avropa Qran-Pri turniri, İslam Həmrəylik Oyunları, futbol üzrə Avropa Çempionatının final mərhələsinin 4 qarşılaşması keçiriləcək. Heç şübhəsiz, bundan sonra da dövlətimizin, xalqımızın tarixinə yeni-yeni qələbələr, zəfərlər yazılacaq. Azərbaycan xalqı yaxın tarixin zəfər günlərindən birini Qarabağda - Ağdamda, Şuşada, Cıdır düzündə qeyd etmək istəyir. İnanırıq ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında biz bu zəfərə də nail olacağıq.

 





14.12.2015    çap et  çap et