525.Az

İntiqam Yaşarın şeirləri


 

İntiqam Yaşarın <b style="color:red">şeirləri</b>

Mənim əllərimdə bir əl soyuyar,
Sənin gözlərində bir baxış sönər.
Deyərsən, unutdum, deyərəm, unutmadın.

Mən taleyin zərbələrinə tab etdikcə,
Sən həyat gözəldi deyərsən... yalandan...
Deyərsən, unutdum, deyərəm, unutmadın.

Məni dünənlər qovurduqca
                           sabahlar isladar,
Sən heç nə olmamış kimi
                     xəlvətdə sızlayarsan,
Deyərsən, unutdum, deyərəm, unutmadın...
Hər gün səndən qalan xatirələri
oxşaya-oxşaya arxanca gedəndə,
Sənin qayıtdığını görərəm...
toqquşar baxışlarımız.
Deyərsən, unutdum, deyərəm, unutmadın...

Qarşımda bir gün illər öncənin
nurlu simasıyla sən dayanarsan,
Qarşında bir gün illər sonranın
donuq simasıyla mən dayanaram.
Deyərsən, unutdum, deyərəm, unutmadın...

lll

Elə qışqırasan durduğun yerdə,
Mələklər diksinib səsə gələlər.
Təntiyib yolu da səhv salalar lap,
Üstünə birbaşa, kəsə gələlər.

Narahat, təlaşlı hal-əhvalları,
Çırmana imdadçün güclü qolları,
Milyon işıq illik uzun yolları,
Su yoluna misal, qısa gələlər.

Onlara yağlı bir kələk gələsən,
“Sizi aldadırdım” - deyib, güləsən.
Bir də gəlməyələr imdad diləsən,
Gəlsələr, gəlsələr... yasa gələlər.

lll

Yuxuma qonaq gəlmişdin,
Adını unutduğum qız.
Bulaq kimi qaynar olan,
Gözünü qurutduğum qız.

Öz bildiyini sayanda,
Dərd üstümə əl qoyanda,
Dünyada cana doyanda,
Dərdimi ovutduğum qız.

Rast gəldin necə birinə?!
Bağlandın qəm zəncirinə.
Öz yaşamım xatirinə,
Həyatdan soyutduğum.

lll

Ev yıxmaq işində usta imişsən,
Yıxdın bu taleyin, bəxtin evini.
Rastına bir fağır şair çıxmışdı,
Yıxdın, zalım qızı, yıxdın evini.

Yazmağa həvəsim, ilhamım da sən,
Gecikən toyum da, bayramım da sən,
Səhərim, günortam, axşamım da sən,
Yıxan belə yıxar vaxtın evini.

Tüstüsü hələ çox göz acışdırar,
Dözməyə məcburuq, döz, acışdırar.
Özcə gözünü də yüz acışdırar,
Yandırdın evini, yaxdın evini.

 





14.12.2015    çap et  çap et