525.Az

Hafiz Hacxalilin şeirləri


 

Hafiz Hacxalilin <b style="color:red">şeirləri</b>

Dilbilməz ayrılıq duranda qəsdə,
Ürək inildəyər sarı sim üstə.
İlahi, nə çoxmuş dərdi şikəstə,
Gecəsi ağlayan, gündüzü gülən.

Tale yarıdıbdı ömürdən kimi,
Sərçə dimdiyində ömür dən kimi.
Kim axı yaşayar ömrü mən kimi,
Bir gözü ağlayan, bir gözü gülən.

Neyləsəm getməz ki, dərdin izləri,
Bir “ah”ım coşdurar lal dənizləri.
Elə doğulandan ağlar gözlərim,
Heç görən oldumu Hafizi gülən.

lll

Yadıma düşmüsən, elə düşmüsən...
Hər səhər evimdən çıxıb ağlaram.
Gəldiyin yollara, gedər-gəlməzə,
Gözümün yaşını sıxıb ağlaram.

Yükü çox olanda nər də yellənir.
Sevincə qol açan, dərdə yellənir.
Baxıram quruca pərdə yellənir.
Sizin pəncərəyə baxıb, ağlaram.

Beləcə bağlanar sevda qovluğum.
Sən demə, dərd imiş mənim qovduğum.
Getdi qaynarlığım, dəlisovluğum.
Bir quru çay kimi axıb, ağlaram.

lll

Bu sərhəddən bax o yana,
Kənd var - İlməzli adında.
Göz yaşımın dağıtdığı,
Bənd var - İlməzli adında.

Xatirələr çıxmaz yaddan,
Oğulsansa, dərdə qatlan.
Qənd deyil, dilmin altda-
Dərd var - İlməzli adında.

Yoxluğuna yas tutduğum,
Yuxumda da üz tutduğum.
Oynadığım, uduzduğum,
Nərd var - İlməzli adında.

lll

Nəğməsi yarımçıq bir qu quşuyam,
Kədər əsgəriyəm, qəm qoşunuyam.
Taleyin ən ağır qurğuşunuyam,
Sənin ürəyindən asılmışam mən.

Yolum uzaq düşüb, kəsəm olmayıb,
İçi qızıl dolu kisəm olmayıb.
Kürək söykəməyə kimsəm olmayıb,
Sakitcə özümə qısılmışam mən.

Hafiz, keçənləri nə axtar, nə gəz,
Hay versən hayına, səsinə gəlməz.
Eh, məni hər aşıq oxuya bilməz,
“Dilqəmi” üstündə yazılmışam mən.

lll

Mən insan saçının ağlamağını gördüm...
Bilirsən nə vaxt?
Bir uzunsaçlı qız saçlarını satanda...
saçlarına müştəri tapmışdılar.
“Yaxşı pula gedər, - demişdilər, - saçların...”
Ömrü uzanan saçlarında
alın yazısını da satmışdı o qız...
Bu qədər sadə...
Nə qorxu vardı guya, nə hədə...

lll

Vətəndən yazıram səni düşünüb.
Yazıram, yazıram... və sən də yoxsan.
Yoxluğun yadıma bəs hardan düşüb?
Sən axı çoxdandır Vətəndə yoxsan.

lll

Ömrün uçurum yaşı,
Otuzdan başlayırmış.
Qırxa gəlib çatanda
Qanan təpik atırmış,
Qanmayan daşlayırmış.
50-nin sevincini
60-da qəm udur.
70-i gözləyəndə
Ömür bizi unudur.
Dünya ölüm rəngində,
Atomlar çiçəkləyir.
80, 90 bir yuxu.
Əcəl bizi təkləyir,
Bircə anın içində,
Toylar dönürsə yasa.
Oxu, oxu, ay bala:
“Kim yüz il yaşamasa?..”

lll

Bilirəm ki, zalım fələk,
Sevincimi kəm çəkəcək.
Taleyimin rəssam əli,
Yenə kədər, qəm çəkəcək.

Nə həmdəm var, nə də həyan.
Gündüz ağla, axşam da yan.
Gözlərimin qarasından.
Kirpiklərim nəm çəkəcək.

Batabatda can yelkənim,
Ömür qəddar, illər qənim.
Belə getsə, Tanrı mənim,
Üstümdən qələm çəkəcək.

lll

Hamı bu dünyaya beşgünlük deyir,
Hamı da yaşamır axı beş günü.
Ümidsiz günlərim “sə”lərə oxşar,
Ümidlə gözlərəm gələn “şeş” günü.

Ya hələ uzanar, ya sona çatar.
Sevinc özgələrə, yas ona çatar.
Kiminsə böyrünə qısılıb yatan-
Olmaq istəmirəm ömür düşgünü.

İslandı gözümün yaşında ömrüm.
Günahı çiynimdə daşınan ömrüm,
Sevinə-sevinə yaşanan ömrün,
İlahi, olmadı mənə xoş günü.

lll

Bax, bu da xoşbəxtlik, kəpənək ömrü,
Ya üç gün, ya beş gün, dərd qucaq-qucaq.
O ömür yaşayır, ancaq sürünmür.
Gör, necə xoşbəxtdir, qarışqaya bax.

Onun çəkdiyi yük alın yazısı,
Haqdan yazılanın əzabı olmur.
Ay ata yavrusu, ana quzusu,
Qulun qul içində azadı olmur.

Biz kimik, torpağa düşən bircə dən,
Göyərər sevdamız boyumuz qədər.
Açılan səhərdən, zülmət gecədən,
Xoşbəxtlik umaqmı... hədər, çox hədər.

Xoşbəxtlik özü də çiçək kimidir,
Qonar ləçəyinə ac arı düşməz.
Tale bağladığı qara kilidə,
Bəzən xoşbəxtliyin açarı düşməz.

Düşdük “moşu”ların sırasına biz,
Söydük ağına biz, qarasına biz.
Dəyişdi günbəgün qiyafəsini,
Tapa bilmədik ki, qafiyəsini.
Üz tutduq dünyanın harasına biz.

Xoşbəxtlik!
Tapanlar itirməz, itirən tapmaz.
Əlindən uçdumu, uçub gedəcək.
Xoşbəxt olmağa da ömrümüz çatmaz,
Bədbəxt olmağa da ömrümüz çatmaz.
Sənə sualım var, cavabını ver:
Söylə, xoşbəxtsənmi, ürək, ay ürək.

 





14.12.2015    çap et  çap et