525.Az

Pərvin: “Ədəbiyyatın dostları”nı zəif yazılardan uzaq tutmağa çalışırıq"


 

Pərvin: “Ədəbiyyatın dostları”nı zəif yazılardan uzaq tutmağa çalışırıq"<b style="color:red"></b>

Bu yaxınlarda AYB-də şair Fikrət Sadığın 85 illiyi qeyd edilib.

Yazıçılar Birliyinin NATƏVAN klubunda baş tutmuş əvvəlki yubiley toplantılarından fərqli olaraq bu tədbir gənc ədəbiyyat həvəskarlarının fəal iştirakı ilə yadda qalıb.

Sonra məlum olub ki, həmin gənclər yazıçı, dramaturq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının müəllimi Pərvinin rəhbərlik etdiyi “Ədəbiyyatın dostları” klubunun üzvləridir.

Bugünkü qonağımız olan Pərvin SalamNews-un bir neçə sualını cavablandırmağa razılıq verib. Müsahibəni təqdim edirik.

- Pərvin xanım, sizin bədii yaradıcılığınız, AYB-də ictimai fəallığınız, tənqid deməzdik - təhlilşünaslığınız ədəbi cameəyə, həmçinin sıravi oxuculara kifayət qədər bəllidir. Amma klub yaratmağınız və ona başçılığınız yenilikdir.

- “Ədəbiyyatın dostları” klubunun yaranması mənim müəllimlik fəaliyyətimlə bağlı oldu. Uzun müddətdir ki, Pedaqoji Universitetdə çalışıram. Gənclərin mütaliəyə olan marağını artırmaq, onları ədəbi proseslə daha yaxından tanış etmək üçün müəyyən işlər görürdüm. Dərslərimdə tələbələrimə bədii əsərlər oxutdururdum, müzakirələr keçirirdik, polemikalar yaranırdı. Həm Azərbaycan, həm də dünya ədəbiyyatı nümunələrini oxuyurdular. Daha sonralar onları AYB-də keçirilən tədbirlərə, Gənc Tamaşaçılar Teatrının tamaşalarına cəlb edirdim. Ötən il Gənc Tamaşaçılar teatrında “Bir gecənin nağılı”, “Müsyö Jordan və Dərviş Məstəli şah” və digər tamaşalara baxıb müzakirələr keçirmişdik. Yəni yaxın günlərdə yaranmış “Ədəbiyyatın dostları” klubunun ilk işləri ötən illərdən başlayıb. Amma bu ilin sentyabr ayında Xalq yazıçısı, AYB sədri Anar müəllimə bu işlərlə bağlı məlumat verəndə, gələcək planlarımızdan danışanda təklifimizi bəyəndi. AYB rəhbərliyinin, katibliyin dəstəyi və qərarı ilə bu klub yarandı və sağ olsunlar ki, etimad göstərib məni rəhbər təyin etdilər.

- AYB rəhbərliyinin sizə münasibəti Anarın “Gözmuncuğu” əsərinin çapdan çıxması münasibətilə ondan aldığım müsahibə zamanı bir daha aydın oldu. Suallarımın biri belə idi: “Oxucularınızı maraqlandıran mətləblərdən biri də kitabın redaktorunun və həm də "ön söz" müəllifinin ədəbiyyat aləmində çox gənc bir qələm sahibinin olmasıdır”. Anar cavabında sizi xeyli təriflədi. Amma hələ də bilmirəm ki, əsərin adı niyə “Göz muncuğu” şəklində - ayrı gedib.

- Anar müəllimin həmin müsahibəsi və sizin sualınıza cavabı yadımdadı. O zaman siz dediyiniz kimi – məni tərifləməsinə görə təşəkkürümü şəxsən özünə bildirmişdim. İndi də saytınız vasitəsilə bir daha minnətdarlıq edirəm. Əsərin adına gəldikdə isə, Natəvan klubunda “Göz muncuğu”nun imza günü müəllif özü bu məsələyə aydınlıq gətirdi. Yəni bu müəllifin də, redaktorun da, nəşriyyatın da gözündən qaçmış orfoqrafik səhv deyil. Məqsədli şəkildə belə qoyulub romanın adı. Əsəri oxuyanlar bilirlər ki, burada “göz” sözü xüsusi fərqləndirilib. Ona görə eyni yanaşma romanın adında da özünü göstərir.

- Qayıdaq “Ədəbiyyatın dostları”na. Bildiyimiz qədər Yazıçılar Birliyi nəzdində “Gənc Ədiblər Məktəbi” də fəaliyyət göstərirdi axı.

- Gənc Ədiblər Məktəbinə, əsasən, bədii yaradıcılıqla məşğul olan gənclər qatılırdılar. Bizim kluba qoşulmaq üçün isə yazmaq, bədii yaradıcılıq vacib şərt deyil. Əsas şərt mütaliəyə, ədəbiyyata, sənətə marağın olmasıdır. “Ədəbiyyatın dostları” yaranandan sonra üzvlərimizin Anar və Fikrət Qoca ilə görüşü təşkil olundu. Noyabrın 20-də isə sizin də iştirak etdiyiniz tədbir - şair Fikrət Sadığın 85 illik yubileyi münasibətilə görüşümüz baş tutdu. Yəqin ki, ədəbiyyatsevər gənclərimizin fəallığının şahidi oldunuz. Bu günlərdə muzey ziyarətlərimizə başlamışıq. Milli İncəsənət Muzeyini, Hüseyn Cavidin və Səməd Vurğunun ev muzeylərini ziyarət etdik. Üzvlərimiz bu muzeylərdən maraqlı məlumatlar aldılar, təəssüratları çox zəngindir. Yaxın günlərdə Ədəbiyyat muzeyinə, Cəfər Cabbarlının, Üzeyir Hacıbəylinin və Mirzə Cəlil Məmmədquluzadənin ev muzeylərinə getməyi düşünürük. Və bu muzey səfərlərimiz bitəndən sonra AYB-nin Natavan klubunda yekun tədbir planlaşdırırıq. Bu sənətkarların bəzilərinin ailə üzvləri, bəzilərinin tədqiqatçılarıyla gənclərin fəal iştirakı ilə müzakirələr keçirəcəyik.

- Pərvin xanım, əsərlərini tədqiq etdiyiniz simalar təkcə ədəbiyyat azmanlarıdır? Yaxşı əsərlər yazıb, reklam olunmayan ədib və şairlərdən kimləri tələbələrinizə tanıtdırmısız?

- Doğrusu, yaxşı əsər yazan, amma tanınmayan deyəndə kimləri nəzərdə tutduğunuzu bilmirəm. Amma tələbələrə əsasən onların zövqünü formalaşdıracaq, dünya görüşünə müsbət təsir edə biləcək əsərlər oxuduram. Həm universitet proqramına daxil olan əsərlər, həm də əlavə ədəbiyyat olur. Çox ya az oxunmaq isə şərti məsələdir. İndiki zamanda Dostoyevskidən, Şekspirdən, yaxud bizim ədəbiyyatda Mirzə Cəlildən daha artıq satılan, oxunan müəlliflər var. Amma reklam olunmaq, geniş oxucu kütləsinin marağını cəlb etmək hələ ciddi ədəbiyyatdan, peşəkarlıqdan xəbər vermir. Ona görə də əksinə, yeni gələn gəncləri zahiri parıltıyla, hay-küylü reklamlarla “piar” olunan mənasız, zəif yazılardan uzaq tutmağa çalışırıq.

- Bunu necə edirsiz? Bu məsələdə metodunuz maraqlıdır.

- Bunu dəfələrlə söyləmişəm, dəbə minən, reklam olunan əsəri əvvəlcə özüm oxuyuram və əgər zəifdirsə, reklam edilən səviyyədə deyilsə, “niyə pisdir?” sualının cavabını deyirəm tələbəyə. Bir də ciddi, peşəkar ədəbiyyat oxuduqca onlar özləri yaxşı ilə pisi ayırırlar.

- Azərbaycanda dini mövzuda ədəbiyyatın vəziyyəti necədir?

- İstənilən mövzuya orijinal yanaşıb, fərqli təqdim edib oxucunu cəlb etmək, ona təsir etmək olar. Yəni dəyişilməz bir qanun var: nə yazmaq, nə haqda yazmaq yox, necə yazmaq?! Əsas şərt budur. Əgər ədəbiyyat həyatı əks etdirirsə və din də həyatın tərkibi, insan düşüncəsinin bir tərəfidirsə, niyə də olmasın?! Sadəcə, burada əsas ciddi problem sayıqlığı itirməməkdi. Şəxsən oxucu kimi bir fikrimi deyə bilərəm ki, oxuduğum əsərdə yazıçının hər hansı məsələyə ifrat, fanatik münasibətini hiss edəndə ona marağım azalır. Yəni istənilən mövzuda əsərdə yazıçının yanaşmasını, qəhrəmanına, yaxud mövzuya münasibətini “araşdırmalıyam”. Din isə öz-özlüyündə irreal, mücərrəd məhfum olduğundan bu mövzuya müraciət son dərəcə ciddi peşəkarlıq tələb edir.

- Sizin klubun üzvlərindən kimsə dini mövzuda mükəmməl bir pyes yazsa, onun ölkə teatrlarında tamaşaya qoyulmasını və ya televiziya tamaşası kimi hazırlanmasını real hesab edirsinizmi?

- Əvvəla, onu deyim ki, bu mövzuda pyes Gənc Tamaşaçılar Teatrı səhnəsində var. Əli Əmirlinin “Hasarın o üzü” pyesi məhz bu mövzudadır və əsərə baş rejissor Bəhram Osmanov quruluş verib. Hazırda da həmin tamaşa repertuardadır. Bir də əgər söhbət əsl sənətdən gedirsə, bu sifarişlə, bilərəkdən, planlı şəkildə alınmaz. İstənilən mövzu sənətə, səhnəyə, ədəbiyyata təbii şəkildə gəlməlidir.

- Pərvin xanım, istər yaradıcılığınızda, istərsə ictimai işlərinizdə xarici ölkə təcrübəsindən bəhrələnirsizmi?

- Yaxşı və uğurlu saydığım müxtəlif işlərdən bəhrələnirəm. Amma kimisə təkrar etməyi sevmirəm, çalışıram buna yol verməyim. Layihələrimdə, yazılarımda, tədbirlərimdə özümü itirməməyə çalışıram. Çağdaş gəncliyin ciddi problemi özü olmaqdan kompleks keçirməsidir.

- Başladığınız yaradıcılıq işləri və planlarınız da oxucularımız üçün maraq kəsb edir.

- Yaxın günlərdə “Qadın olmaq” kitabım Qanun nəşriyyatında işıq üzü görəcək. Kitabın imza günləri, təqdimatları keçiriləcək. Hazırda “Yüz gözəl sevgi şeiri” esselərimi çapa hazırlayıram. “525-ci qəzet”də layihələrim, “Qadınlar” silsiləsindən esselərim davam edəcək. Eyni zamanda nəsr yaradıcılığımda da yeniliklər olmalıdır. Yeni hekayələrimi oxuculara təqdim etmək haqqında düşünürəm.

- SalamNews-un oxucuları sizin gələcək uğurlarınza inanırlar. Yolunuz açıq olsun, müsahibəyə görə də minnətdarıq.

- Mən də sizə və saytınızın oxucularına minnətdarlığımı bildirirəm. Sağ olun.

 





14.12.2015    çap et  çap et