525.Az

Bu dünyaya əl yellədib gedən insan - Rekviyem


 

Bu dünyaya əl yellədib gedən insan - <b style="color:red">Rekviyem </b>

1943-cü ilin bir payız axşamı Ağdamın 32-lər tayfasının Zəngişalı kəndində Nağılar Əşrəf kişinin bir oğlu dünyaya gəldi. Allaha min şükür! Kişinin biri də artdı, yaradan özü ruzusunu yetirsin - dedilər.

Adını Zahid qoydular... Kim qoydu, niyə qoydu bilən olmadı... Ad qoyan tale yazmır.  Bəxtimizi tanrımız yazır... Tanrımız da onu məşəqqətli illərin qada-balasından qorudu...

Ayağı yer tutan kimi yeridi, dili söz  tutan kimi danışdı. Kim idi onun nazı ilə oynayan. Müharibə insanların başını elə qatmışdı ki...

Əməköməci, quşəppəyi yığa-yığa böyüdü, dirədöymə, çilingağac oynaya-oynaya bərkidi.

Heç ozü də bilmədi yeddi yaşa nə vaxt çatdı. Təkcə balaca əllərinin qabarı, solğun çöhrəsinə çökmüş kədər o qanlı-qadalı illərdən, o məşəqqətli günlərdən xəbər verirdi. Bir də anası Məhbubənin qara kağızı gələn əzizləri üçün nalə çəkə-çəkə dediyi ağılar ömrü boyu qulağından getmədi...

Yaxşı ki, Əşrəf kişinin atalar məsəlinə, zərb-məsələ çevrilən duzlu-məzəli sözləri, söhbətləri vardı. Zahid heç nə olmasa da gözünü, könlünü bu hikmətli sözlərlə,  söhbətlərlə doyurardı.

Yeddi il Zəngişalıda, iki il Mahrızlı kənd orta məktəbində oxudu. Əsgərlik yaşı çatdı. Üç il əsgərlik çəkdi. Qəlbindəki sevgi də çiçəklədi, min budaq oldu...

1964-cü ildə, elə əsgərlikdən gələn kimi, Bakı Maliyyə-Kredit Texnikumuna sənəd verdi. Tələbə olmağın sevincini daddı. Yaxşı oxuduğuna, ədəb-ərkan sahibi olduğuna görə onu komsomol komitəsinin katibi seçdilər.

Texnikumu bitirdi. Sonra ali təhsil aldı, sonra aspiranturaya daxil oldu...

O, elmi-tədqiqatla məşğul olmaq, illər uzunu ona rahatlıq verməyən saf, ülvi arzularını həyata keçirmək istəyirdi. Amma həyatda bütün arzular çin olsa nə vardı ki...

Həyatın gözəgörünməz fırtınaları Zahid Nağıyevi çox sınaqlardan keçirdi, çox bərkə-boşa saldı. Tanrısı əvəzində onu  ləyaqətli bir xanımla ömürlük qoşalaşdırdı.

Sən nə sayırsansa say, amma fələyi unutma! Zahid də unutmadı, ürəyindəki Tanrı sevgisi heç zaman öləzimədi...

Zaman bir yel kimi ötüb keçdi. Heç bilmədi vaxt qabağa gedir, yoxsa geriyə?! Bir də gördü ki, Dövlət Statistika Komitəsində çalışır. Sıravi statist vəzifəsindən Baş Hesablama İdarəsinin rəis müavini vəzifəsinədək yüksəldi.

Elmə, təhsilə olan marağı onu Maarif Nazirliyinə çəkib apardı... 1986-1988-ci illərdə həmin nazirliyin plan-maliyyə idarəsində rəis müavini, 1989-1990-cı illərdə Xalq Təhsili Nazirliyində şöbə müdiri vəzifələrində çalışdı. Nəhayət, uzun müddət Təhsil Nazirliyində işlədikdən sonra baş məsləhətçi kimi təqaüdə çıxdı...

Təqaüdə çıxandan sonra bir-birinin ardınca müxtəlif məzmunlu  onadək kitabı işıq üzü gördü, amma heç vaxt yazıçı olmaq iddiasına düşmədi.

Bu dünyada ətir saçan adi bir çiçək, bir narın payız yağışı, bircə kəlmə hikmətli söz onu heyrətə gətirər, sevindirər, ona sonsuz ləzzət verərdi.

Bilirdi ki, dünyanın malı elə burda  qalacaq… Ona görə yaxşılıq eləməyi həyat tərzinə çevirmişdi. Yaxşılıq təmənnasız olmalıdır - deyərdi. Əl tutub əvəzini xaliqdən istəməzdi...

Nə qədər müdrik olsa da, körpə uşaq kimi sadəlövh idi. Ürəyi dağların qarı kimiydi...

Ömür-gün yoldaşı Zərifə müəllimə ilə üç övlad böyütdülər, ali təhsil verib, toylarını da etdilər.

Baba oldu.  Hətta yeni dil açan nəvələrinin məzəli söhbətləri, bütün dərdləri unutduran sehirli  gülüşləri belə işğal olunmuş torpaqlarımızın nisgilini onun qəlbindən silə bilmədi… Heç papağını da götürmədi... Əlini yelləyib getdi bu dünyadan ... Özü ilə yalnız sevgi və sayğı apardı.

Bu dünyada hamı gəldi-gedərdi…Tanrımız insanların pisini də, yaxşısını da - sənin kimi xeyirxah, millət dərdi, Vətən dərdi çəkənləri də ölümlə mükafatlandırır...

Ölümün xeyir, Zahid Nağıyev! Qəbrin nurla dolsun, Vətən oğlu, Azərbaycan ziyalısı!

Arif QULİYEV
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı

 





15.12.2015    çap et  çap et