525.Az

Görən o məktubun axırı necə oldu?..


 

Görən o məktubun axırı necə oldu?..<b style="color:red"></b>

Bəzən insan ani hisslərin, ani duyğunun, ani əsəbin ucbatından sonradan ömür boyu peşman olacağı elə işlər görür ki...

Sonra o peşmançılıq hər zaman insanın ürəyini dəlir. Təbii işdir, hər kəs aldanır - lənət şeytana! Şəfa Vəlinin bir obrazı var. Bilmirəm, bu obraz onun ürəyinin küncündə yaşayırmı, Şəfa Vəlinin ürək ölkəsində elə bir adam varmı, yoxsa Şəfa xanım öz duyğulu təxəyyülündən yaradıb bu obrazı?! Amma Şəfa Vəli elə bir şeir yazıb ki, məncə, ordakı o obraz təxəyyül yox, yaşayan canlı obrazdır. Şəfa Vəlinin ürəyindən süzülən misralarda elə saf ürəkli bir obraz olub ki, o obraz...Təşəkkür etsin Şəfa Vəliyə ki, onu belə duyğuyla təsvirə çəkib... 

Qaytar mənim məktubumu,
Aparma yara, poçtalyon!
Qırma yarın ürəyini,
Eyləmə para, poçtalyon!


Bu bənd... Dilimin əzbəridir bu bənd... Əsas da uzun yola çıxanda yoldaşlıq edir mənə. Əlin, ürəyin var olsun Şəfa Vəli, özün var ol! Məsum hisslərə baxın... Aşiqin məsum-məsum etdiyi naləyə baxın... Ona fikir verin ki, burdakı obraz sevgilisinin bundan küsməyindən yox, o qədər duyğusaldır ki, sevgilisinin ürəyini qırmaqdan qorxur... Əhsən belə aşiqə!                                                                                                                                                                  
Dəyişik sal o ünvanı,
Başqa qapını silkələ!
O ağlayaraq oxuyar,
Başqaları gülə-gülə...

Baxın, şeirin ən çox peşmançılıq ifadə edən bəndidir bu bənd... İçində öz-özünə təsəlli verir ki, bəlkə, nə ola, başqa qapını silkələyə, məktub çatmaya... Bu təsəllini poçtalyona xitab şəklində versə də, dərinə baxanda görünür ki, obraz bu sözlərlə özünə təsəlli verir, Allaha yalvarır... Yarının göz yaşına qıymır. Göz yaşı görməyəsən, ay Şəfa Vəli...

Qaytar, poçtalyon, qaytar,
Vallah, mən də ağlayacam.
Ona doğru gedən yollar,
Bu məktubla bağlanacaq...

Mənim ürəyimi ağladan yeganə bənddir bu şeir aləmində... Çünki burada obrazın nə demək istədiyini çox gözəl anlayıram, çünki bu hissləri mən də yaşamışam... O peşmançılıq hissi olur ha! Adam üzünü yastığa sıxıb bağıra-bağıra ağlamaq istəyir. Əminəm ki, bu obraz da həmin hissi yaşayırmış... Bir də sevgilisini görməməkdən çox qorxur, çoox... Əslində, bu şeir mənə həyatda hər şeyi min ölçüb, milyon ölçüb bir biçməyi öyrətdi... Ona görə savaba batdın, Şəfa xanım!

Şəfa xanımın hər misrasında neçə çalar var. Bir də Şəfa Vəlinin qafiyələrini çox sevirəm, çox maraqlı və heç işlənməmiş qafiyələri var. Şəfa Vəliyə yaradıcılığında daha böyük uğurlar, həyatında isə bol-bol təbəssüm, can sağlığı arzu edirəm...

Şəfa Vəli, eyni zamanda, böyük bacımızdır bizim - "Abla"mızdır... Bir də, o bayaqdan obraz-obraz deyirdim ha, o elə Şəfa Vəlidir!

Məhəmməd TURAN

 





15.12.2015    çap et  çap et