525.Az

Etibar Babayev: ömrün 65-ci zirvəsində


 

Etibar Babayev: <b style="color:red">ömrün 65-ci zirvəsində</b>

Tanınmış telejurnalist, sənətşünas alim, görkəmli pedaqoq Etibar Babayevin bu gün 65 yaşı tamam olur.

E. Babayev1950-ci il dekabrın 15-də Bakı şəhərində görkəmli şair-dramaturq Adil Babayevin ailəsində dünyaya göz açıb. Yaradıcı-ziyalı mühitində boya-başa çatan E. Babayev əvvəlcə Teatrşünaslıq fakültəsini, daha sonra politologiya ixtisasını bitirib.

Görkəmli telejurnalist fəaliyyətə 1970-ci ildən Azərbaycan Teleradio Verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqdan başlayıb. Həmin illərin televiziya tamaşaçıları "Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar verilişlərin gənc, istedadlı müəllifini və aparıcısını yaxşı xatırlayırlar. Uzun illər "Ədalət" qəzetində köşə yazıları ilə çıxış edərək oxucuların rəğbətini qazanıb.

E.Babayevin uğurlu jurnalistlik karyerasında ABŞ, İngiltərə, Rusiya, Fransa, İspaniya, Belçika, Hollandiya, Almaniya, Macarıstan, Avstriya, Rumıniya, Polşa, Türkiyə, Seneqal, Misir, Vyetnam,  Çin Xalq Respublikası, İran, İsveç, İsveçrə və digər ölkələrə xidməti səfərləri zamanı görkəmli ictimai-siyasi xadimlərlə, elm, sənət aləminin, iş dünyasının tanınmış simaları ilə görüşlər, eksklüziv müsahibələr xüsusi yer tutur. Azərbaycanda və xarici ölkələrdə dərc olunan çoxsaylı publisistik yazıların, elmi məqalələrin, eləcə də "Bu da bir imtahandır", "Yalana heykəl", "Düz söz əyri qulağa necə girər?", "Sözün varsa, danış", "Qəfəsdə yaşamaq həyat deyil", "Devrimin kölgəsində fırtınalar", "Teatrda müasirlik axtarışları", "Yalana heykəl", "Ömrün 100 anı" adlı kitabların, yüzlərlə televiziya proqramının, eləcə də  "Sağalmaz yara", "Birincilər", "Bir millət, iki dövlət", "Zirvə", "Bir millət, iki dövlət",  "Çiçək yağışı" kimi 30-dən artıq sənədli filmin ssenari müəllifidir.

Etibar Babayev ictimai xadim kimi də uğur qazanıb, müxtəlif illərdə məsul vəzifələrdə çalışıb, 1981-1989-cu illərdə dörd çağırış Bakı Şəhər Sovetinin deputatı seçilib, 1989-1992-ci illərdə "Azərbaycantelefilm"in direktoru, Azərbaycan Dövlət Teleradio şirkətinin sədr müavini,  2001-2006-cı illərdə "Space" müstəqil teleradio şirkətinin prezidenti olub. 2010 -2015-ci illərdə  Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətində yeni yaradılan Teleradio Akademiyasına rektor vəzifəsində işləyib. ATV şirkətinin Bədii Şurasının sədridir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent E.Babayev həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur.

Müxtəlif illərdə  Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, "Qızıl qələm" mükafatlarına, Yusif Məmmədəliyev medalına, müxtəlif Fəxri fərman və diplomlara layiq görülüb. 

S.ABDULLAYEVA

P.S. "525-ci qəzet"in kollektivi olaraq, Etibar Babayevi yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı və yeni uğurlar arzulayırıq.

 





15.12.2015    çap et  çap et