525.Az

Ali Neft Məktəbində “Kitabi-Dədə Qorqud”la bağlı tədbir


 

Ali Neft Məktəbində “Kitabi-Dədə Qorqud”la bağlı tədbir <b style="color:red"></b>

Bakı Ali Neft Məktəbində (BANM) “Kitabi-Dədə Qorqud” bizim mənəvi sərvətimizdir“ adlı tədbir keçirilib.
 
Ali Məktəbdən 525.az-a verilən məlumata görə, öncə SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rektor Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun rəhbərliyi və nümayəndələrinin Ali Məktəbə gəlişindən məmnun olduğunu və belə layihələrin davamlı xarakter almasının vacibliyini vurğulayıb.

O, bildirib ki, Azərbaycan gənclərinə milli-mənəvi dəyərləri təbliğ etmək işini qarşısına məqsəd qoyan bu Fondun gördüyü işlər təqdirəlayiqdir. Elmar Qasımov “Kitabi-Dədə Qorqud” və bu kimi dəyərlərin tələbələrə aşılanmalı olduğunu bildirib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov öz çıxışında Fondun yaranma tarixindən və fəaliyyətindən söz açaraq Fondun fəaliyyətinin əsas istiqamətinin maarifləndirmə olduğunu deyib. 

O, Azərbaycan Repsublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu ilin əvvəlindən başlayaraq Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200 illiyinin qeyd olunduğunu bildirib.

İcraçı direktor Bilik Fondunun təşkilatçılığı ilə bu istiqamətdə əhali arasında, müəssisə və təşkilatlarda həyata keçirilən maarifləndirmə, təbliğat xarakterli tədbirlər barədə məlumat verib.

Fondun xətti ilə keçirilən tədbirlər haqqında danışan O.Səmədov həm Bakıda, həm də regionlarda fondun gördüyü işlər, həyata keçirdiyi layihələrdən bəhs edib.
 
BANM-in tələbələrini fondun tərkibində könüllülərin qrupunda təmsil olunmağa səsləyib. O, kitaba maraq və  kitabın təbliği ilə bağlı keçirilən layihələrdən söz açaraq, bununla bağlı bir sıra mühüm tədbirlərin keçirildiyini dedi və tədbirlərin əhəmiyyətini vurğulayıb.

Bununla yanaşı, müxtəlif istiqamətlərdə bir çox sosial layihələr, o cümlədən ölkə hüdudlarından kənarda da tədbirlər keçirildiyini bildirdi. O, Bilik Fondunun BANM-lə əməkdaşlıq etməyə hazır olduğunu deyib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov “Kitabi-Dədə Qorqud” və dövlətçilik” mövzusunda məruzə ilə çıxış edib.

Eposdakı boylar haqqında məlumat verərək, burada təsvir olunan xalq, Vətən, hakimiyyət və hakimiyyətin rəmzləri və ordu anlayışlarının eposdakı mənalarını izah edərək dastanda dövlət, xalq, ordu və bu kimi məsələlərə yanaşma və təsvir haqqında danışıb.

Muxtar İmanov “Kitabi-Dədə Qorqud”dakı dövlətçilik təşəkkülü, cəmiyyətdə mövqe tutmaq haqqında söz açıb.

O, YUNESKO səviyyəsində dastanın öyrənilməsinin, ideya, əxlaqi, fəlsəfi keyfiyyətlərinin zənginliyi, bu eposun ümumbəşəri tərbiyəvi ideyasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.

M.İmanov eposun bədii xüsusiyyətlərinə toxunaraq Azərbaycanda yazılı ədəbiyyatın tarixindən də söz açıb. Həm ideya, həm məzmun, həm də bədii təsvir baxımından bu dastanın çox mükəmməl olduğunu deyib.

Sonda tələbələr məruzə ilə bağlı fikirlərini bildirdilər və tədbir sual-cavabla yekunlaşıb.

Cavid QƏDİR

 





16.12.2015    çap et  çap et