525.Az

Fəvvarələr meydanında müəllif və oxucu ünsiyyəti - Fotoreportaj


 

BAKININ MƏRKƏZİNDƏKİ YARMARKADA YAZIÇI PƏRVİNİN OXUCULARLA GÖRÜŞÜ VƏ YENİ KİTABI ÜÇÜN İMZA GÜNÜ KEÇİRİLİB

Fəvvarələr meydanında müəllif və oxucu ünsiyyəti - <b style="color:red">Fotoreportaj</b>

Fəvvarələr meydanında, Nizami adına Ədəbiyyat Muzeyinin yaxınlığında, neçə gündür, qaynar, səsli-küylü bir yarmarka var.
 
Meydanla müqayisədə çox da böyük hissəni əhatə etmir. Ancaq yarmarkanın satış arealı elə də kiçik deyil. Burada müxtəlif markalarda olan çeşidli mallar təqdim və təklif olunur. Məni yarmarkanın ümumi aurası maraqlandırır və düşünürəm ki, bütün bunlar müştəri ilə rahat ünsiyyətə, onların sərbəstliyinə hesablanıb. Kitablar üçün ayrılmış stend diqqətimi çəkir və hədəfim də elə oradır - kitab yarmarkasına.

Yarmarkanın bu hissəsi ancaq kitabsevərlər üçündür və mənim rahatlığım, sərbəstliyim həmin sahəyə bağlıdır. Buna görə kitab yarmarkasına yaxınlaşıram və vaxtımı burada keçirməyə qərar verirəm.

Burada Şahbaz Xuduoğlunun rəhbəri olduğu "Qanun" nəşriyyatının kitabları toplanıb. Açıq mağaza üstüörtülü kitab otağından ibarətdir. Qarşıda isə bir neçə kitab rəfi qoyulub. Oxucu üçün əlçatandır. Necə deyərlər, yolunun üstündə, açıq havada kitabları vərəqləyib kassirə yaxınlaşa bilərsən. Rəflərin yaxınlığında, küçənin kandarında isə hündür, dəyirmi, mavi rəngli, balaca bir masa var. Bu, yarmarkanın ən seçilən, diqqət çəkən hissəsidir. Masa yazıçılar üçün hazırlanıb və kitab yarmarkasının ərazisinə aiddir. Masanın önündə tanış bir sima - "Söhbətlər", "Anarın dünyası" kitablarını oxuduğum yazıçı və ədəbiyyatşünas Pərvin. Ətrafına çoxlu oxucu yığılıb. Onların əksəriyyəti qızlardır, aralarında Pərvinin tələbələri də var. Kitab yarmarkası təqdimat masası və arxadakı geniş kitab stendləri ilə öz axarınca gedir. Həvəslə gətirilən kitablar imzalanır və oxucuların xahişi ilə xatirə fotoşəkilləri çəkdirilir.

Pərvinin "Qadın olmaq" kitabının təqdimatına mən də qoşulmuşam. Əlimdə nəşrdən bir nüsxəylə müəllifə yaxınlaşıram və Pərvinin təəssüratlarını öyrənmək üçün ondan azacıq vaxt ayırmasını rica edirəm. Yazar kitab yarmarkasının ümumi atmosferi haqda düşüncələrini məmnuniyyətlə bölüşür:

"Xarici ölkələrdəki kitab yarmarkalarında imza günləri daha çox olur. Bizdə nədənsə yazıçılar küçədə kitab imzalamaq, oxucuları ilə belə bir şəraitdə görüşməkdən bəzən kompleks keçirirlər. Ancaq mən, əksinə, düşünürəm ki, yazıçının bu cür şəraitdə oxucular üçün kitab imzalaması, yarmarkalarda iştirak etməsi kitabın ən gözəl təbliğat yollarından biridir. Hətta Türkiyədə, yaxud başqa ölkələrdə belə bir ənənə var ki, yazıçı özü kitablarının satıcısı olur, oxuculara kitab barədə tövsiyələr verir, onlarla öz təcrübəsini paylaşır, kitablarına diqqət cəlb edir. Yəni, əvvəlki illərdə bu, bəlkə hardasa yüngüllük hesab edilə bilərdi: yazıçı öz kitabını niyə reklam edir, niyə onları nümayiş etdirir və sairə. Ancaq müasir zamanda bu, məncə, düzgün metoddur. Əgər hər şey reklam olunursa, loru dildə desək, hər bir sahibkar öz məhsulunu reklam edirsə, yazıçı niyə bu üsuldan istifadə etməsin?!

Təəssüf ki, başqa nəşriyyatlar "Qanun" nəşriyyatıyla bu məsələlərdə az rəqabətə girirlər. Yəni, nəşriyyatlar arasında bu cür rəqabət yaransa, kitabın təbliğatı istiqamətində xeyli irəliləyiş olar...  "Nərgiz" jurnalının təşkil etdiyi "Soyuq əllər, isti ürək" yarmarkasında kitabları görmək yarmarka ziyarətçiləri üçün bir qədər maraqlı, qəribə və həm də qeyri-adidir. Bu gün mənim imza günümdür. Bundan öncə başqa yazıçıların da kitab təqdimatları keçirilib. Bundan sonra Rəşad Məcidin, Anarın imza günləri olacaq. Ümumiyyətlə, bir yazıçının günün hansısa saatında küçədə, yarmarkada durub öz oxucuları ilə ünsiyyətə girməsi yazarların da, oxucuların da yalnız xeyrinə ola bilər. Bu gün xoşbəxtlikdən hava da gözəldi. Soyuq olacağından narahatlıq keçirirdim. Düşünürdüm ki, hava yaxşı olmaz, oxucular əziyyət çəkər, onlar üçün çətin olar. Belə günəşli havada, fərqli mühitdə oxucularımla görüşmək mənə xeyli stimul vermiş oldu. Buna görə də "Qanun" nəşriyyatına, Şahbaz bəyə, oxucularıma, kitab almağa gələn hər kəsə və imza gününün təbliğatını apardığına görə doğma "525-ci qəzet"ə təşəkkürümü bildirirəm".

Təqdimat üçün ayrılmış masadan uzaqlaşıram. Əlbəttə, gənclərin fikirləri də maraqlıdır. Ancaq əvvəlcə oxucuları dəyişmək və yaş məhdudiyyətindən uzaqlaşmaq istəyirəm. Təqdimata qoşulmuş nisbətən yaşlı, daha dəqiq desəm, yetkin nəslə yaxınlaşıram. Çoxluğun arasında Şahbaz Xuduoğluya rast gəlirəm. Yazıçılar Birliyinin katibi Rəşad Məcid, tanınmış hüquqşünas Şahin Rüstəmov və təhsil ürə ekspert Etibar Əliyevlə səmimi, dostyana söhbəti diqqətimi çəkir. Şahbaz Xuduoğludan kitabla bağlı bütün bu proses barədə məlumat alıram: "Çalışırdıq ki, hər gün bir kitab təqdimatı olsun. Yəni, yazıçıların imza günlərini daha sıx eləməyi düşünürdük. Düzdür, otuz günə otuz imza mərasimi təşkil edə bilmədik. Ancaq hər halda, niyyətimiz beləydi. Bu il də alınmasa, gələn il üçün bu cür planlaşdırırıq. İmza günü yarmarkamız üçün xüsusilə vacibdir. Birinci səbəb odur ki, yazar real vəziyyəti qiymətləndirə bilir. Yəni, oxucuyla üz-üzə qalır. Oxucu nə istəyir, arzusu, diləyi yaxud iradı nədir, yazar bunu öyrənə bilir. İkincisi isə, ümumiyyətlə ictimaiyyət, cəmiyyət yazarı görür, tanıyır... Bura bilirsiniz ki, çox qələbəlikdir. Əhalinin gur olduğu yerdir. Belə bir yerdə kitaba da nəzər yetirilir və insanların beynindən keçir ki, kitabı unutmaq olmaz. Yəni, ictimai diqqət, sosial istiqamət prizmasında imza günləri çox önəmlidir. Bu bir şansdır ki, yazıçılar özlərini cəmiyyətə təqdim eləsin, insanlar yazarları tanısın, oxusun və maraqlansın.

Açığı, hüquqşünasdan rəsmi, anlaşılmaz, bir az da yorucu çıxış gözləsəm də, Şahin Rüstəmov peşəkar ədəbiyyat adamı kimi danışır: "Mən özüm kitab həvəskarıyam. Bizdə son vaxtlar kitab tərcüməsi işində çox böyük yeniliklər görürəm. Bir az bundan əvvəl Rəşad müəllimlə söhbət edirdik və o deyirdi ki, tərcümə işi kifayət qədər ürəyimizcə deyil. Düzdür, mən buna mütəxəssis kimi rəy verə bilmərəm. Bu, mənim sahəm deyil. Amma bilirəm ki, bu sahədə "Qanun" nəşriyyatı xeyli iş görür. Misal üçün, Məhəmməd Əsəd bəyin kitabları, demək olar, rus dilində idi. Mən bu yaxınlarda onun "Qanun" nəşriyyatında çap olunmuş "Qafqazın on iki sirri" kitabını oxudum. Yəni, son zamanlar çox gərəkli tərcümələr meydana çıxır. Düşünürəm ki, belə tədbirlər tez-tez olmalı, cəmiyyətdə kitab mühiti yaradılmalıdır. Xüsusilə, gəncləri mütaliəyə, ədəbiyyata daha çox cəlb etməliyik".

Elə mən də bu məqamda gənc oxucuların fikirlərini öyrənmək üçün onlara tərəf addımlayıram. Pərvinin tələbələrindən bir neçəsiylə söhbət edirəm. Bir yazıçının tələbəsi olmaq, hər halda, fərqli hissdir və bunu onların təqdimata gətirdikləri ümumi auradan, davranışlarından görmək olur. Tələbələrdən biri sualımı cavablandırarkən Pərvinin onlarda mütaliəyə, kitaba, ədəbiyyata böyük maraq oyatmasından danışır. Ümid edirəm ki, müəllifin "Qadın olmaq" kitabı da gənclərə müsbət təsir edəcək, onları kitaba bir az da yaxınlaşdıracaq.

Müşfiq ŞÜKÜRLÜ

 





16.12.2015    çap et  çap et