525.Az

Gənclərin İkinci Maarifçilik Forumu keçirildi - Fotolar


 

"AZƏRBAYCANDA GƏNCLƏRİN YÜKSƏK SƏVİYYƏDƏ TƏHSİL ALMASI, DÜNYAGÖRÜŞLƏRİNİ ARTIRMASI ÜÇÜN HƏR CÜR ŞƏRAİT YARADILIB"

Gənclərin İkinci Maarifçilik Forumu keçirildi - <b style="color:red">Fotolar</b>

Dünən Gənclər üçün Təhsil Mərkəzi, "Kaspi" qəzeti və "Mənim Təhsilim, Mənim Gələcəyim!" kampaniyasının təşkilatçılığı ilə Azərbaycan Gənclərinin İkinci Maarifçilik Forumu keçirilib.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə qeyd edib ki, tədbirin təşkil olunmasında əsas məqsəd gənclərin ictimai fəallığının artırılmasına dəstək verməkdir: "Azərbaycan Gənclərinin Maarifçilik Forumu ilk dəfə keçən il təşkil olunub. O zaman tədbir Qarabağ mövzusuna həsr olunmuşdu. Hazırda keçirdiyimiz Forum isə təhsil, maarifçilik mövzusundadır".

O Həsən bəy Zərdabinin ilk azərbaycandilli qəzetin təsisçisi, mətbuatımızın banisi kimi xatırladaraq, maarifçi şəxsiyyətin Azərbaycanda ilk Müəllimlər Forumunu keçirdiyini, xalqımızın təhsilli gələcəyinə böyük töhfələr verdiyini bildirib.

F.Həsənzadə Heydər Əliyevin ölkədə təhsil sahəsində inkişafın əldə olunmasında həyata keçirdiyi tədbirlərdən danışaraq deyib ki, 1998-ci ildə təhsildə islahatlar aparmaq üçün xüsusi komissiya yaradılıb və həmin ildə müstəqil Azərbaycanın tarixində ilk Müəllimlər Forumu keçirilib: "Maarifçilik sahəsində 19-cu əsrin sonları - 20-ci əsrin əvvəllərindən başlanan yol bu gün də dövlətimiz tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev gələcək nəslin təhsilli, savadlı kadr kimi yetişdirilməsinə xüsusi önəm verir, bu istiqamətdə fəaliyyət planı müəyyənləşdirib. Bu gün təhsil sahəsinin inkişafı dövlət siyasətinin tərkib hissəsidir".

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev bildirib ki, "Kaspi" qəzeti yarandığı gündən maarifçilik ideyalarını təbliğ edir, gənclərə öz fikirlərini söyləmək, ictimai fəaliyyətə cəlb etmək üçün xüsusi tribuna verir.

Baş redaktor qeyd edib ki, sürətlə qloballaşan dünyada proseslər informasiya ilə idarə olunur: "Ona görə də, təhsil, maarifçilik ilk planda olmalıdır. Azərbaycan gəncliyinin potensialı çox yüksəkdir. Bu mənada, təhsildə böyük tərəqqiyə nail olmaq üçün biz bu istiqamətdə fəaliyyətimizi artırmalıyıq".

"Mənim Təhsilim, Mənim Gələcəyim!" kampaniyasının rəhbəri Rövşən Nəcəfov hesab edir ki, maarifçilik həm dövləti, həm də cəmiyyəti yaşadır. Onun sözlərinə görə, savadlı cəmiyyət ən yaxşı ideyaları seçib dəyərləndirmək iqtidarındadır.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Gənclərin Maarifçilik Forumu gənclərin ictimai fəallığının artırılması, onların təhsilə cəlb olunması baxımından mühüm əhəmiyyətə malikdir: "21-ci əsr insanların savadlı, intellektual olmasını tələb edir. Biz gələcəyimizi savadlı gənclikdə görürük. Heydər Əliyev hər zaman bu ideyaları dəstəkləyib, Azərbaycanın inkişafını təhsilin inkişafında görüb. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu mənada, ölkə başçısının neftin insan kapitalına çevrilməsi istiqamətində həyata keçirdiyi siyasət yüksək qiymətləndirilməlidir. Hazırda Azərbaycan həm siyasət, həm iqtisadiyyat sahəsində dünyanın aparıcı oyunçularından biridir. Bu gün ən güclü dövlətlər belə Azərbaycanı öz tərəf müqabili kimi görmək arzusundadır. Dünya dövlətləri Azərbaycanla əlaqə qurmağa, əməkdaşlığını inkişaf etdirməyə, ölkəmizin əldə etdiyi uğurlardan yararlanmağa, təcrübələrimizdən faydalanmağa can atır. Ona görə də, biz tutduğumuz bu yolu davam etdirməli, gənclərimizin dünyagörüşünün artırılması, yüksək hazırlıqlı kadr kimi yetişdirilməsində öz dəstəyimizi göstərməliyik".

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, müstəqil Azərbaycanda maarifçilik ənənələri Heydər Əliyevin adı ilə bağlıdır: "Ümummilli lider xalqımızın maariflənməsində xüsusi rol oynayan Həsən bəy Zərdabi, Abbasqulu ağa Bakıxanov və digərlərinin fəaliyyətlərini yüksək qiymətləndirib, onların təbliğ etdiyi ideyaların həyata keçməsi üçün mühüm addımlar atıb".

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev qeyd edib ki, yaxın keçmişə nəzər salsaq tarixi şəxsiyyətlərimizin ölkədə maarifçiliyin təbliği istiqamətində gördüyü çoxsaylı işlərlə tanış olarıq: "Bütün bunlar Vətənə sevgi, xalqa bağlılıqdan irəli gəlir. Dahi şəxsiyyətlərimiz xalqımızın, dövlətimizin parlaq gələcəyinin təhsildən keçdiyini yaxşı anlayıblar. Bunun nəticəsidir ki, hazırda Azərbaycan sürətlə inkişaf edir, dünyada nümunəvi ölkə kimi tanınır".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər Azərbaycan maarifçilərinin təhsilin inkişafı istiqamətində göstərdikləri fəaliyyəti yüksək qiymətləndirərək təəssüflə qeyd edib ki, onların yaydığı ideyalar bu gün ölkədə hələ tam həyata keçməyib: "Maarifçi şəxsiyyətlərimizin təbliğ etdiyi ideyalar hazırda aktual olaraq qalır. Ölkə başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, təhsilin səviyyəsi aşağı olduğu yerlərdə həmişə cəhalət, xurafat və avamlıq hökm sürəcək. Bu mənada, təəssüfləndirici haldır ki, aradan 100 ildən çox vaxt keçsə də, bəzi Bakıətrafı ərazilərdə də cəhalət, xurafat meyllərinin mövcud olduğunun şahidi oluruq. Bu problemlərlə ölkəmizin işıqlı, uğurlu gələcəyinin təminatçıları olan gənclərimiz mübarizə aparmalıdırlar".

R.Məcid deyib ki, gənclərimizdən fərqli olaraq yaşlı nəsil üçün ölkəmizin müstəqilliyini görmək böyük bir arzu, xəyal idi: "Artıq xəyallarımız reallığa çevrilib. 24 ildir Azərbaycan müstəqildir. Xalqımız bu müstəqilliyin bəhrələrini görür. Bu gün Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil alması, dünyagörüşlərini artırması üçün hər cür şərait yaradılıb. İstedadı olan gənc uğur əldə etmək üçün mütləq özünə yol tapacaq. Bunun üçün müxtəlif fondlar və digər dövlət qurumlarının nəzdində xüsusi şöbələr fəaliyyət göstərir. Azərbaycanın müstəqil gələcəyi üçün çalışan, Vətənini sevən hər bir gənc ictimai fəallıq göstərərək bütün gəncləri öz ətraflarında birləşdirməli, xurafat, cəhalət meyllərinin aradan qaldırılmasına çalışmalıdırlar".

Forumun rəsmi hissəsinin sonunda bir qrup media nümayəndəsinə "Təhsil açarı" mükafatı təqdim olunub.

Ceyhun ABASOV

 





16.12.2015    çap et  çap et