525.Az

"Ən yaxşı şeir, hekayə və nağıl" müsabiqəsinə yekun vurulub


 

"Ən yaxşı şeir, hekayə və nağıl" müsabiqəsinə yekun vurulub<b style="color:red"></b>

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda AYB-nin Uşaq Ədəbiyyatı bölməsi və "Sehirli dünya" jurnalının birgə layihəsi olan "Ən yaxşı şeir, hekayə və nağıl" müsabiqəsinin yekun tədbiri keçirilib.
 

Tədbiri jurnalın baş redaktoru yazıçı Gülzar İbrahimova açaraq müsabiqə haqda məlumat verib.

AYB-nin bölmə rəhbəri şair Qəşəm Nəcəfzadə müsabiqədə iştirak edən şagirdlərin yazılarından söz açıb: "Mən onların ilk qələm təcrübələrini gördüm. O yazılar heç də səliqəli dəftərlərdə deyildi. Bir az yıpranmış, işlənmiş kağızlardaydı. Gördüm ki, müəlliflərin yaşı az olsa da, yazdıqlarında qabiliyyət və ilkin yaradıcı əmək özünü göstərir. Bunlar müasir Azərbaycanın ilk nağılçılarıdır. Ümumiyyətlə, mən düşünürəm ki, bizim uşaq ədəbiyyatı yazan müəlliflərimiz çox deyil. Bu, həmin yaradıcı mühitə bəlkə də yeni bir stimuldur".

Tədbirdə Xalq şairi, AYB-nin Birinci katibi Fikrət Qoca, yazıçı Gülarə Munis, şair Eldar Səfa, şairə Nuranə Nur çıxış edərək, müsabiqənin əhəmiyyəti, böyüməkdə olan nəslin yazı vərdişlərinin gücləndirilməsinin vacibliyi barədə fikirlərini bildiriblər.

Uşaqlar öz şeirlərini səsləndirib, müəllimlərinə, onlara diqqətli yanaşan ədiblərə minnətdarlıq ifadə ediblər. Sonda müsabiqə qaliblərinin adları açıqlanıb və onlar diplomlarla təltif olunub.

Müşfiq ŞÜKÜRLÜ

 





16.12.2015    çap et  çap et