525.Az

"Məcəllədə dəyişikliklər sahibkarların vergi yükünün azaldılmasına xidmət edir"


 

"Məcəllədə dəyişikliklər sahibkarların vergi yükünün azaldılmasına xidmət edir"<b style="color:red"></b>

"2015-ci il də əvvəlki illər kimi ölkə iqtisadiyyatının uğurlu inkişafı ilə yadda qalacaq.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyi kimi, həm Avropada, həm də bölgədə iqtisadi, hərbi, siyasi böhran yaşandığı bir şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir.

Doqquz ayda Azərbaycan iqtisadiyyatı bütövlükdə 3,8 faiz, qeyri-neft iqtisadiyyatımız isə 6 faizdən çox artıb. Əhalinin pul gəlirləri 5,8 faiz artıb, inflyasiya kifayət qədər aşağı - 3,7 faiz səviyyəsindədir. Büdcə xərclərinin məlum səbəbdən azalmasına baxmayaraq, sosial infrastrukturun yaradılmasına lazım olan qədər vəsait ayrılması bir daha göstərir ki, dövlətimizin siyasətinin mərkəzində həmişəki kimi, yenə də Azərbaycan vətəndaşı dayanır və bu gələcəkdə də belə olacaq". Bu sözləri vergilər naziri Fazil Məmmədov "Azərtac"a müsahibəsində deyib.

Vergilər naziri bildirib ki, Dünya Bankının beynəlxalq iqtisadiyyatın müxtəlif sahələri və biznes mühitinin əlverişliyi üzrə qiymətləndirməsini özündə əks etdirən "Doing business 2016" hesabatı, eləcə də Dünya Bankı ilə PWC şirkətinin tərtib etdiyi "Paying taxes 2016" hesabatı ölkəmizin milli vergi sistemini biznesin aparılması nöqteyi-nəzərindən yüksək dəyərləndirir. Azərbaycan bu hesabatlarda "Vergilərin ödənişi" meyarı üzrə dünyanın 189 iqtisadiyyatı arasında 34-cü yerdədir. Vergi inzibatçılığı sahəsində aparılan islahatlar, eləcə də vergi yükünün digər ölkələrlə müqayisədə xeyli az olması səbəbindən Azərbaycanın vergi sistemi vergilərin ödənilməsinin asanlığına görə bir çox inkişaf etmiş ölkələrin göstəricilərini belə qabaqlayır. Dünya Bankı ölkəmizdə biznesə başlama imkanlarını dünya ölkələri sırasında 7-ci yerdə dəyərləndirib. Bunlar çox mühüm göstəricilərdir və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın vergi sisteminin inkişaf səviyyəsinə verilən qiymətdir".

F. Məmmədov daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi mexanizminin yenilənməsi məsələsinə də toxunub. Nazir qeyd edib ki, daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi mexanizmi indi daha da sadələşdirilib və bu sahədə də vergi yükü əhəmiyyətli şəkildə azaldılıb: " Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə, daşınmaz əmlakın təqdim edilməsi (satılması) üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, 1 bank günü ərzində dövlət büdcəsinə ödənilməsi və aylıq bəyannamənin vergi orqanına təqdim edilməsi nəzərdə tutulur. Nəticədə daşınmaz əmlakın təqdim olunmasından gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi zərurəti aradan qalxır. Fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində nəzərdə tutulan ailə üzvləri tərəfindən verilməsi, daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması, əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi ödəmə mənbəyində vergidən azad edilir. Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər hər kvadratmetr sahəyə görə 15 manat ödəyəcəklər. Yəni, şəxslər yaşayış və qeyri-yaşayış sahələrini satdıqda və ya bağışladıqda vergi ödəməli olacaqlar. Vergi yaşayış və qeyri-yaşayış sahəsinin ümumi sahəsindən tutulacaq və bu zaman hesablanmış məbləğə Vergi Məcəlləsində təsbit edilmiş zona əmsalları tətbiq olunacaq".

Nazir idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsi ilə bağlı qeyd edib ki, leqal mərc oyunları dünya təcrübəsində büdcəyə gəlir gətirən əsas sahələrdən biridir. "Azərbaycanda da bütün dünyada olduğu kimi idman mərc oyunları keçirilir. Məlum olduğu kimi, idman mərc oyunlarından əldə edilən uduşlar 2013-cü ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin gəlir vergisindən azad edilib. Qeyd olunan vergi güzəştinin tətbiqi ötən 3 il ərzində ölkədə keçirilən idman mərc oyunlarının inkişafını stimullaşdırılmasına, oyunların əhatə dairəsinin genişlənməsinə və bu sahədən əldə edilən gəlirlərin artmasına səbəb olub. İdman mərc oyunları dövlət büdcəsi üçün potensial gəlir mənbələrindən biridir və bütün bunlar həmin sahədən əldə edilən uduşların vergiyə cəlb olunmasını zəruri edir. Bu məqsədlə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsini nəzərdə tutan müddəalar daxil edilib. Bu sahədən əldə edilən gəlirlərin vergiyə cəlb olunması qeyri-neft sektorundan büdcə daxilolmalarının artmasına səbəb olacaq".

Fazil Məmmədov Vergi Məcəlləsinə edilən mühüm dəyişikliklərlə bağlı bildirib ki, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan 200.000 manatadək artırılıb. Bundan başqa, ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcmi 60.000 manatdan 100.000 manatadək artırılıb. Bu dəyişikliklər, ƏDV qeydiyyatında olan şəxslərə sadələşdirilmiş vergitutma metodunu tətbiq etmələrinə şərait yaradır və vergi ödəyicilərinin vergi yükünün azaldılmasını təmin edir. Bundan başqa, Vergi Məcəlləsinə edilən dəyişikliklərlə, prioritet sahələr üzrə idxalda ƏDV-dən azadolmaların siyahısı Vergi Məcəlləsinə daxil edilib. Bu isə o deməkdir ki, həmin siyahıda dəyişiklik yalnız Milli Məclisdə müzakirə olunduqdan və cənab Prezident tərəfindən imzalandıqdan sonra mümkün olacaq.

SAMİRƏ

 





16.12.2015    çap et  çap et