525.Az

Rəsulzadənin baxış bucağındakı "Çağdaş Azərbaycan ədəbiyyatı"


 

Rəsulzadənin baxış bucağındakı "Çağdaş Azərbaycan ədəbiyyatı"<b style="color:red"></b>

Azərbaycan Xalq Cümhuriyyətinin əsas yaradıcısı, yoldaşları, əqidədaşları ilə bərabər ilk dəfə müstəqil dövlətimizi qurmuş Məhəmməd Əmin Rəsulzadə həm də Azərbaycan jurnalistikası və ədəbiyyatşünaslığının, ümumən ictimai-mədəni fikir tariximizin parlaq simalarındandır.
 
M.Ə.Rəsulzadə usta publisist idi, fəal araşdırmaçı idi. Onun "Şərqi-Rus" qəzetində çap olunan "Müxəmməs" adlı əsərindən etibarən ədəbiyyatla sıx bağlılığı yaranıb və sonadək davam edib. Məlumdur ki, M.Ə.Rəsulzadə o dövrün bir sıra tanınmış mətbuat orqanlarında müntəzəm çıxış edib. Bunların arasında romantiklər məktəbi sayılan "Füyuzat" jurnalı, özünün də bir ara redaktoru olduğu "İrşad", "Tərəqqi" kimi mətbu orqanlar mühüm yer tutur. Onun məqalələri "M.A.R.", "MAR-zadə", "M.R.-zadə" və başqa imzalarla işıq üzü görüb.

Ürəyi hər zaman Azərbaycanla döyünən bu böyük insanın siyasi fəaliyyəti qədər publisist və ədəbi tədqiqatçı kimi də yaradıcılığı yüksək keyfiyyət daşıyır. Onun ən önəmli əsərlərindən biri "Çağdaş Azərbaycan ədəbiyyatı"dır. Qeyd edək ki, Rəsulzadənin "Əsrimizin Səyavuşu" əsəri 1925-ci ildə İstanbulda, "Çağdaş Azərbaycan ədəbiyyatı" və  "Çağdaş Azərbaycan tarixi" əsərləri isə 50-51-ci illərdə Ankarada çap olunub. 1991-ci ildə isə Bakıda "Gənclik" nəşriyyatı tərəfindən müəllifin "Əsrimizin Səyavuşu", "Çağdaş Azərbaycan ədəbiyyatı" və  "Çağdaş Azərbaycan tarixi" əsərləri Azərbaycan türkcəsində kiril əlifbası ilə bir kitab halında çap edilib. Üç hissədən ibarət kitabın birinci hissəsində Rəsulzadənin "Əsrimizin Səyavuşu" əsərini görürük. İkinci hissədə isə "Çağdaş Azərbaycan ədəbiyyatı" verilib. Rəsulzadənin siyasi-ictimai sahədə olduğu kimi, ədəbi yöndə də mükəmməl dünyagörüş və düşüncə sahibi olduğunu həmin əsərlərdən dərhal anlaşılır.

O dövrün ədəbi mənzərəsi haqqında ciddi əsər olan "Çağdaş Azərbaycan ədəbiyyatı"nda mühitin ümumi xarakteristikası, yazıçılar, şairlər və onların müxtəlif əsərlərinin təhlili verilib.

Əsərin başlanğıcında qeyd olunur ki, daha əvvəl XIX əsr Azərbaycan ədəbiyyatı, 1905-ci il rus inqilabından 1918-ci ildə AXC-nin qurulmasına qədər olan dövrlər təhlil edilib. Burada isə məhz Cümhuriyyət dövrü və ondan sonrakı ədəbiyyat məsələləri haqqında söhbət açılır. Demokratik Respublikanın qurulduğu illərdə ədəbiyyatın da ona dəstək olması, təkan verməsini xüsusi qeyd edən M.Ə.Rəsulzadə Sovet imperiyasının qurulmasından sonra soyuq Sibirdə işgəncələrə davam gətirməyərək dünyadan gedən Əliyusif adlı müəllifin şeiri ilə fikrini əsaslandırır.

Azərbaycan Dövlət Himninin sözlərinin müəllifi olan ünlü şair Əhməd Cavadın 28 May İstiqlaliyyət günü münasibətilə "hürriyyət pərisinə müraciətən" yazdığı "Nədən yarandım?" əsərindən sonra böyük ədib Cəlil Məmmədquluzadənin "Kamança" və "Anamın kitabı" pyesləri haqqında danışılır. Erməni-müsəlman davası dövründə türkün əlinə keçən erməni kamançaçının hər iki xalqa aid musiqinin ifası ilə ölümdən xilas olması "Kamança"da əks etdirilir və müəllif bu əsərin o vaxt səhnəyə qoyulmasına icazə olmadığını bildirir. "Anamın kitabı" əsərini də təhlil edən Rəsulzadə burada üç ayrı fikirli, ayrı qiyafəli oğulu və onları birləşdirmək istəyən ananın təsvir edilməsini vacib məqam kimi vurğulayır.

Daha sonra, romantik dramaturq, məşhur şəxsiyyət Hüseyn Cavid və onun yaradıcılığından söz açan Rəsulzadə repressiya qurbanı olmuş ədibin yaradıcılığının məziyyətlərini qeyd edir, Cavidin "Şeyx Sənan", "Peyğəmbər", "İblis", "Uçurum" kimi əsərləri haqqında təhlil verir.

Kitabda əsərləri təhlil edilən ədəbi şəxsiyyətlərdən biri də Cəfər Cabbarlıdır. Rəsulzadə Cabbarlını digərlərindən fərqləndirir, onu bolşeviklərdən əvvəlki dövrdən daha artıq sovetlər zamanı müvəffəqiyyət əldə edən ədib kimi səciyyələndirir. Kitabda bildirilir ki, Cabbarlının əsərləri kollektivliyə meylli kimi təqdim olunsa da, onun əsərlərinin adları fərdi xarakter daşıyır, məhz insanı önə çəkir.

Əsərdə diqqət cəlb edən məqamlardan biri də Məhəmməd Əmin bəyin öz fikrini dəyişənlərdən danışmasıdır. Belə məsələnin isə ədəbiyyatla bağlı məqamları da göstərilir. "Xalqlar atası" Stalinin tərifinə layiq olmaq, Lenin mükafatı ilə təltif olunmaq üçün dəridən-qabıqdan çıxanlardan danışarkən, o, Səməd Vurğunu misal göstərir. Lakin müəllif o qədər ədalətlidir ki, bununla yanaşı, Vurğunun həm də ədəbiyyata verdiyi güclü qələm məhsullarından da bəhs edir və onların sırasında "Vaqif" əsərinə xüsusi yer ayırır.

Rəsulzadənin "Çağdaş Azərbaycan ədəbiyyatı"nda təhlil olunanlar arasında Cəfər Xəndanın 700 misradan ibarət, dastan tipli bir əsəri də var. C.Xəndanın mənzuməsində Şah İsmayıl dövründə yaşamış Qəmər adlı bir gözəlin taleyi təsvir olunur.  Lakin əsərin məğzi üstüörtülü xarakter daşıyır. Əsərdə vətənindən ayrı dayana bilməyən və canını tapşıran Qəmərin qismində vətən anlayışı müqəddəsləşdirilir, vətən sevgisi önə çıxarılır. Əsərin təhlili zamanı bir hissə diqqəti çəkir:

Bülbül çəmənsiz olmaz,
İnsan vətənsiz olmaz!..

Görünür, daima vətən həsrətilə yaşayan Rəsulzadə də haqlı olaraq belə misralardan təsirlənib...

Ən sonda haqqında danışılan, təhlil edilən ədib isə Gültəkindir. Məhəmməd Əmin Rəsulzadə əsərində onun barəsində xüsusi danışır. Bəlkə də bunun səbəbi Gültəkinin Azərbaycan mühacirət ədəbiyyatının aparıcı nümayəndəsi olmasıdır. Rəsulzadə mühacir ədəbiyyatı haqqında qiymətli fikirlər söyləyərək onun Azərbaycanın taleyində necə böyük rol aldığını qeyd edir.

Gültəkindən bəhs etməzdən əvvəl Rəsulzadə bir şeirdən söz açır və ədəbiyyatın mühacirət qolunu millətin parlaq gələcəyinə böyük ümidlər bağlayaraq hürriyyətə həsrət, mübarizə həyəcanı daşıyan igidlərin qəhrəmanlığını vurğulayır. O, mühacir ədəbiyyatının üstün imkanlarından biri kimi bolşevik senzurasından azad olmasını qeyd edir. Rəsulzadə bu barədə qeydlərində Gültəkini alovlu şair adlandırır və onun yazılarını ətraflı təhlil etmək üçün daha geniş müstəviyə ehtiyac olduğunu bildirir, çox vaxtının olmadığını qeyd edir.

Gültəkin haqqında dərin araşdırmanın hələlik alınmadığını bildirən müəllif onun bir neçə misalla da oxucuda dərin təəssürat yaradacağına inam bəsləyir. Gültəkin "Çağdaş Azərbaycan ədəbiyyatı"nda şeirlərində milli mübarizəsinin tərənnümü görünən, mübarizənin ədalətliliyinə, qələbə çalacağına bağlanan ümidlərin ülvi bir mahiyyət aldığı göz önünə gələn şair kimi təqdim edilir və daha sonra onun yaradıcılıq irsinə aid nümunələr və onların yığcam təhlili verilir.

Təkcə haqqında söz açdığımız əsəri ilə deyil, bütün irsi ilə Azərbaycan fikir tarixində xüsusi yer tutan Məhəmməd Əmin Rəsulzadə haqqında, çox yaxşı haldır ki, mütəmadi olaraq araşdırmalar aparılır, onun əsərləri tədqiq edilir və cəmiyyətə çatdırılır. Bu yöndə istər yaşlı, istərsə də orta və gənc nəsildən olan tədqiqatçılarımız davamlı fəaliyyət göstərirlər və bu, olduqca təqdirəlayiq prosesdir. Ötən il ölkə prezidentinin sərəncamı ilə rəsmi səviyyədə qeyd edilən 130 illiyi ilə əlaqədar Rəsulzadəyə həsr olunmuş, onun irsinin tədqiqinə, təbliğinə dair bir sıra tədbirlər həyata keçirildi. 

Məlumdur ki, hazırda Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Fondu fəaliyyət göstərir və 2013-cü il mayın 18-də bu fond "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası"nın təqdimat mərasimini keçirib.

Ensiklopediyanın müəllifi tarix elmlər doktoru Nəsiman Yaqubludur. 504 səhifə həcmində olan ensiklopediyaya 300-ə qədər sənədin özü və fotosu, 200-ə qədər məktub və yazışma, dahi Rəsulzadənin sağlığında dərc etdirdiyi 1150 məqalə, 27 kitabın adı da daxil edilib. Ensiklopediyanın rəssamı isə M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadədir. Bundan əlavə Məhəmməd Əmin Rəsulzadənin araşdırmaçısı olan N.Yaqublunun onun haqqında yazdığı "Məmməd Əmin Rəsulzadə", "Azərbaycan Milli İstiqlal Mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə", "Azərbaycan-Polşa əlaqələrində M.Ə.Rəsulzadənin rolu" kimi kitabları da çap olunub və bu əsərlər Rəsulzadənin irsinin öyrənilməsində ciddi əhəmiyyət daşıyır.

Heç şübhəsiz, bundan sonra da Məhəmməd Əmin Rəsulzadə irsi ilə bağlı geniş araşdırmalar aparılacaq, onun əsərlərinin tədqiqi və təbliği yönündə daha dərin mətləblərə aydınlıq gətiriləcək.

Nurlan AĞA
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin III kurs tələbəsi

 





16.12.2015    çap et  çap et