525.Az

İtkin düşənlərin axtarışı üçün Xəzəryanı ölkələrdən icazə alınıb


 

İtkin düşənlərin axtarışı üçün Xəzəryanı ölkələrdən icazə alınıb<b style="color:red"></b> "Fövqəladə Hallar Nazirliyinin aviasiya parkında olan təyyarə və vertolyotlar "Günəşli" yatağında baş verən qəzada itkin düşənlərin axtarışını davam etdirir".
 
Bunu APA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsinin bort texniki mayor Etibar Nəzərov deyib.
 
E. Nəzərov bildirib ki, Aviasiya Dəstəsinin rəisinin göstərişinə əsasən, hər gün havanın işıqlı vaxtında 4 vertolyot və bir təyyarə itkin düşmüş neftçiləri axtarır.
 
"Axtarış geniş miqyasda davam etdirilir. Xəzəryanı ölkələrdən də axtarış üçün müvafiq icazə alınıb . Azərbaycan sərhədlərindən kənarda - Xəzərin Türkmənistan, İran, Rusiya və Qazaxıstana aid hissəsində də itkin düşənlərin axtarışı aparılır", - deyə mayor qeyd edib.
 
Qeyd edək ki, dekabrın 4-də "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş verən qəza nəticəsində 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb. İtkin düşənlərin axtarışına FHN-in, DSX-nın, Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin gəmiləri cəlb olunub.
 





16.12.2015    çap et  çap et