525.Az

Daşınmaz əmlakın satışına vergilər necə tətbiq olunacaq?


 

Daşınmaz əmlakın satışına vergilər necə tətbiq olunacaq?<b style="color:red"></b>

Daşınmaz əmlak vergisinin ödəyiciləri, vergi dərəcəsi, vergitutma bazası, verginin hesablanması və ödənilməsi qaydaları Vergi Məcəlləsi ilə tənzimlənir.

Vergi Məcəlləsinə edilən son dəyişikliklər arasında daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi mexanizmi də yer alır. Belə ki, yeni qaydalara əsasən bu proses indi daha da sadələşdirilib və vergi yükü əhəmiyyətli şəkildə azaldılıb.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəis müavini Şamil Ərəbovun sözlərinə görə, Vergi Məcəlləsinin dəyişiklikdən əvvəl qüvvədə olan müddəalarına əsasən, mənzillərin və digər daşınmaz əmlakların təqdim edilməsindən, sadə dildə desək, satılmasından əldə olunan gəlirlər təqdim edən şəxs tərəfindən vergi orqanlarına müvafiq bəyannamə təqdim olunmaqla vergiyə cəlb edilirdi:
 
"Bir çox hallarda təqdim edilən belə daşınmaz əmlakların alınmasına, tikintisinə, təmirinə çəkilən xərcləri təsdiq edən sənədlərin olmaması, bu əməliyyatlardan əldə edilən gəlirlərin vergiyə cəlb edilməsində çətinliklər və narazılıqlar yaradırdı.Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə, daşınmaz əmlakın təqdim edilməsi (satılması) üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, 1 bank günü ərzində dövlət büdcəsinə ödənilməsi və aylıq bəyannamənin vergi orqanına təqdim olunması nəzərdə tutulur. Nəticədə daşınmaz əmlakın təqdim olunmasından gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi zərurəti aradan qalxır".
 
İdarə rəisinin müavini bildirib ki, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində nəzərdə tutulan ailə üzvləri (ər-arvadlar, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, vərəsələr, doğma (ögey) bacılar (qardaşlar), bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları (qardaşları), qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda) tərəfindən verilməsi, daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması, əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi ödəmə mənbəyində vergidən azad edilir: "Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər hər kvadratmetr sahəyə görə 15 manata müvafiq əmsallar tətbiq etməkləödəyəcəklər. Yəni, şəxslər yaşayış və qeyri-yaşayış sahələrini satdıqda və ya bağışladıqda vergi ödəməli olacaqlar".

Dünya təcrübəsinə nəzər salsaq görərik ki, əksər ölkələrdə daşınmaz əmlaka görə verginin ödəyicilərinə həm fiziki şəxslər, həm də hüquqi şəxslər aid edilir. Yalnız Honq-Konq istisna təşkil edir ki, orada bu verginin ödəyicilərinə təkcə hüquqi şəxslər aid  olunur və bundan əlavə, daşınmaz əmlaka görə vergi yalnız həmin əmlakdan əldə edilən mənfəətə görə ödənilir. Daşınmaz əmlakın vergitutma obyektinin müəyyən olunmasına dünya təcrübəsində müxtəlif yanaşmalar mövcuddur. Lakin bir qayda olaraq, daşınmaz əmlak vergisinin vergitutma obyektinə binalar, qurğular və torpaq sahələri aid edilir. Yaponiyada, Almaniyada, Macarıstanda, Polşada, Çexiyada, Tailandda, Rusiyada və dünyanın bir sıra digər ölkələrində vergiyə cəlb olunan daşınmaz əmlaka həm torpaq sahələri, həm də binalar aid edilir. Bu təcrübə hazırda Dünya Bankının ekspertləri tərəfindən öyrənilir və onun bütün ölkələrdə tətbiq edilməsi təklif olunur. Yuxarıda adları verilən ölkələrin bəzilərində, məsələn, İrlandiyada kənd təsərrüfatı təyinatlı torpaqlar daşınmaz əmlak vergisinin vergitutma obyektinə aid edilir.

Ş.Ərəbovun bildirdiyinə görə, Azərbaycanda daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması həm fiziki şəxslər, həm də hüquqi şəxslərə tətbiq ediləcək. Bundan başqa, vergi yaşayış və qeyri-yaşayış sahəsinin ümumi sahəsinə görə hesablanmış məbləğə Vergi Məcəlləsində təsbit edilmiş zona əmsalları tətbiq olunacaq.Qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı isə vergi məbləği əlavə 1,5 əmsal tətbiq edilməklə hesablanacaq:

"Məsələn, fiziki şəxs Bakı şəhəri üzrə 2-ci zonada (3,0 əmsal) yerləşən 100 kvadrat metr sahəsi olan mənzilini və 3-cü zonada (2,2 əmsal) yerləşən 150 kvadrat metr sahəsi olan ticarət obyektini təqdim edir. Alqı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

Mənzilin satışı üzrə: 100 kv.m. x 15 man. x 3 zona əmsalı =4.500 manat,

Ticarət obyektinin satışı üzrə: 150 kv.m. x 15 man. x 2,2 zona əmsalı x 1.5 əmsal =7.425 manat.

Bu halda vətəndaş 11.925 manat vergi ödəməli olacaq".

 





17.12.2015    çap et  çap et