525.Az

Xocalı həqiqətlərinin fədakar təbliğçisi


 

JURNALİST ŞAMİL SABİROĞLU HAQQINDA YUBİLEY DÜŞÜNCƏLƏRİ

Xocalı həqiqətlərinin fədakar təbliğçisi<b style="color:red"></b>

Şamil Sabiroğlunu jurnalist - həmkarım kimi illər öncədən tanıyıram. Vaxtilə bir neçə dəfə Azərbaycan Radiosunun "Səhər" informasiya proqramında qonağım olub. Həmişə də ancaq bir mövzuda söhbət eləmişik. Yeganə əzəl mövzusu olan Xocalı faciəsi haqqında söz demək üçün studiyaya dəvət edilib. Ancaq uzun zaman olar ki, onunla rastlaşmırdım. Bu yaxınlarda təsadüfən qarşılaşdıq və hal-əhvaldan sonra məni 50 illik yubileyinə dəvət etdi...

Mətbuatda, jurnalistika aləmində çalışan hər bir yaradıcı insana xüsusi hörmətim var. Demək olar ki, eyni məslək sahibi olduğumuz üçün onları özümə yaxın hesab edirəm, hətta bir çoxlarını  doğma, yaxın dost bilirəm. Əksəriyyətinin də yazı tərzinə, amalına, düşüncəsinə yaxşı bələdəm. Ancaq etiraf etmək istəyirəm ki, Şamil sıradan biri olan jurnalistlərdən deyil. O çox fərqli düşüncə tərzi nümayiş etdirən qələm sahibidir. Onu tanımayanlar   fikirləşər ki, görəsən bu insanın belə dərdli görkəmdə görünməsinin səbəbi nədir. Dünyanın ən ağır yükünü çiyinlərinə götürən insan övladının  ağırlıqdan əzilən qaməti, ağrılardan çəkdiyi əzab-əziyyəti elə bil baxışına yazılıb, sifətinə həkk olunub onun.

Ancaq Şamili tanıyanlar bunun səbəbini yaxşı anlayırlar, bilirlər ki, Xocalı faciəsi  onun yaddaşında  silinməz izlər qoyub.  Ömrünün axırına kimi o dəhşətli anları unuda bilməyəcək səhnələrin şahidlərindən biridir. Xocalıda qətlə yetirilən, tanıdığı məktəbli uşaqların cəsədlərini meyitlərin arasından ağlaya-ağlaya seçərkən yaşadığı hisslərdən, qazandığı  ürək ağrısından  bugünün özündə də xilas ola bilməyib. Həmin vaxt  cəbhə bölgəsində olduğundan Azərbaycan mətbuatında ilk dəfə Xocalı barədə həqiqətləri deyən,  hadisə yerindən xəbər verən, doğru informasiyanı respublika  mətbuatında işıqlandıran jurnalistdir o.

Şamil Sabiroğlu 1965-ci ildə Salyan rayonunda doğulub. Jurnalistikaya "Səhər" qəzetindən  gəlib. 1988-89-cu illərdə Ermənistanın torpaqlarımıza  təcavüzü başlayanda 21 yaşlı Şamil Laçında "Qayğı" qəsəbəsinin salınmasında könüllü iştirak edir. Səkkiz aya yaxın Laçında qalır. 1990-cı ilin martında Xocalıda abadlıq işlərinin görülməsinə könüllülər cəlb olunur. Şamil 23 nəfərdən ibarət komandaya rəhbər təyin edilir. Beləliklə Xocalıda çalışır, baş verən hadisələrin əvvəldən axıra kimi içərisində olur. O, tikinti işləri aparmaqla yanaşı, könüllü müdafiə dəstələrinin tərkibində də döyüşür. Həm güllə ilə  silahlanır, həm də qələmlə. "Səhər" qəzetinin xüsusi müxbiri kimi hər gördüyü dəhşət doğuran mənzərələri fotoaparatın yaddaşına almağa səy göstərir. Bugün də o hadisələrdən söhbət düşəndə həmkarım gördüklərini elə həyəcan və ürək ağrısıyla nəql edir ki, sanki dünən olmuşlardan danışır. Elə uzun illərdən sonra Şamillə rastlaşanda da yenə söhbətimiz Xocalıdan başladı, Xocalı ilə tamamlandı.

"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri, "Ana harayı" qəzetinin baş redaktoru, "Onu Eldən Soruşun", "Qəhrəman  şəhər"  və Ankarada çap olunan "Bir qışın vahşeti: Xocalı" kimi  kitabların müəllifi, 2010-cu ildə ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuş jurnalist, müharibə veteranı Şamil Sabiroğlu 50 yaşını yaxın dostları ilə qeyd etdi. Onun təkcə mətbuatdakı xidmətlərindən söz açılmadı, QHT rəhbəri kimi ictimai fəaliyyətinə də toxunuldu. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün gördüyü işlərdən yetərincə bəhs olundu. Çıxışların hər birində  Şamil Sabiroğlunun vətəndaş kimi elinə-obasına layiqli xidmətindən, faydalı əməyindən, insani keyfiyyətlərindən, həyata keçirdiyi tədbirlərdən danışıldı. Millət vəkili Qənirə Paşayevanın yubilyarın həyat və fəaliyyət yoluna geniş nəzər salarkən dediyi sözlərdə bir diqqət çəkən məqam da o idi ki, Şamil bütün amalı ilə Azərbaycanın hərbi jurnalistikasının yaranmasında və inkişafında əməyi olan şəxslərdəndir.

Müdafiə Nazirliyinin "Azərbaycan Ordusu" qəzetində müxbir, şöbə müdiri, daha sonra "Veteran" qəzetinin baş redaktoru işlədiyi dövrlərdə Şamil Sabiroğlu hərbi mövzuda kifayət qədər gərəkli yazılara imza atıb. Onun kitab və məqalələrində, rəhbərlik etdiyi Birliyin tədbirlərində torpaqlarımıza erməni təcavüzünün acı nəticələrindən ağrıyla söhbət açılır.

Məni həmkarım haqqında yazmağa vadar edən  səbəblərdən biri də onunla bağlı rast gəldiyim   yazıdakı bu məqam oldu. Gözünün ağı-qarası qızı Şamilənin  ötən il atasının 49 yaşını təbrik edərkən  haqqında yazdığı sətirlər həmkarımızı elə tanıdığımız kimi təqdim edir. Qızı yazır:

"Əziz dostlarım. Bu gün mənim canım atamın, qürur duyduğum atamın doğum günüdür.

Ata, səninlə bu gün bir daha qürur duyduğumu anladım!

Bu gün Salyan rayonunun igid oğlu, Ağdam rayonunda xidmət edərkən şəhid olmuş Səftər Əlihüseyn oğlu Məmmədovun 7-si, yas mərasimidir. Bu gün onun yas mərasimində iştirak etdikdə anasının, atasının  gözlərindəki kədərlə yanaşı qürur gördüm. Ürəyim dağlandı, göz yaşlarıma hakim ola bilmədim, amma... Atacan, sən bu gün - doğum günündə  şəhidimizin ailəsinin, öz oğlumuzun, vətənimizin oğlunun kədərinə və qüruruna şərik olmağa getdin və məni də özünlə apardın… Mən səninlə bir daha qürur duydum. Səni çox sevirəm, Atam..."

Ailədə ataya məhəbbət həmişə güclü olur. Hər bir uşaq atası ilə fəxr etmək istəyir. Ata qəhrəman olanda, el içində ad-san qazananda övladın  gözünə daha da uca görünür. Şamil kimi  oğullarının olması da vətənin ucalığı deməkdir.

Xocalı həqiqətlərini dünyada təbliğ edən həmkarıma  sual ünvanlayanda ki, "nəyəsə nail ola bilmişikmi?, dünya bu müsibətdən xəbərdardırmı?", cavabında  o, Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayır və artıq dünyanın bir sıra ölkələrinin  faciəni rəsmi tanıdığını bildirir. Öz tədbirlərinə gəldikdə isə, bir neçə xarici ölkədə şəxsən Xocalıdan olan insanların iştirakı ilə keçirilən görüşlərin müsbət nəticə verdiyini söyləyir. Məsələn danışır ki, Xocalıda 8 yaşlı Xəzangül Əhmədovanın gözlərinin qarşısında atasını diri-diri yandırıblar, illər sonra Xəzangül Almaniyada olarkən həmin   dəhşətli epizodu danışanda zaldakı bütün insanlar kövrəlmişdilər. Sonra həmin söhbət Almaniya parlamentində də danışıldı... Yaxud Türkiyədə çap olunan kitabı və onun geniş təqdimatla türkiyəli oxuculara çatdırılması, müəlliflə mütəmadi görüşlər ötən əsrin o dəhşətli cinayətin bütün təfərrüatlarının qardaş ölkədə ictimaiyyətə çatdırılması məqsədinə xidmət edir.

Bir qələm adamı kimi Şamil Sabiroğlu Xocalı faciəsinin təsirindən ayrıla bilmir, daima səy göstərir ki, o dəhşətli günlərin acı xatirələri xalqın yaddaşından silinməsin. Ona görə də yazdığı kitablarda, çıxışlarında əsas mövzu kimi Xocalı müsibəti önə çəkilir.  Xocalının intiqamı alınmayınca bu ağır mövzunun təsirindən qurtula bilməyəcəyini düşünür.

Yüksək amallar uğrunda çalışan ziyalılardan, milli əqidə uğrunda savaşan insanlardan biri kimi tanıdığım Şamil Sabiroğlunu 50 yaşı münasibəti ilə təbrik edirəm. Həmkarıma gələcək yubileylərini Xocalıda, Laçında keçirməsini arzulayıram. O günlərə kimi isə ailə sevinci, övladının şad günləri, gözəl qızı Şamilənin xoşbəxt günləri başını elə qatsın ki, ömürdən gedən illərinin necə gəlib keçdiyini hiss eləməsin.

50 yaşın mübarək, Şamil Sabiroğlu!

Şəlalə MƏHYƏDDİNQIZI
Azərbaycan Radiosunun əməkdaşı

 





17.12.2015    çap et  çap et