525.Az

Dərs


 

Dərs<b style="color:red"></b>

İnsan ömrü boyu öyrənməyə, dərs almağa borcludur. Bu yalnız onun özü üçün yox, cəmiyyət, xalq və gələcək üçün vacibdir.
 
Peyğəmbərlərin, dahilərin "insan gor evinə kimi öyrənməlidir", heç vaxt öyrənməkdən, dərs almaqdan utanma", qocalana kimi öyrənmə, ölənə kimi öyrən" kəlamları əsrlərin sınağından çıxmış və insanların səadəti, bəşəriyyətin inkişafı üçün dərk edilməsi lazım olan nümunələrdir.

Onlar əsl həqiqətlərin, dərk edilənlərin ifadələri olduqları üçün min il bundan əvvəl olduğu kimi bu gün də müasirdirlər, gərəklidilər. Çünki bu kəlamlar həyat dərsliyidir.

"Ağıllı o adamdır ki, başqalarının müdrikliyindən və təcrübəsindən öyrənir", "həyatı qiymətləndirməyən adam  yaşamağa layiq deyil" kəlmələrini dilə gətirən müdriklərimiz heç vaxt "haram var-dövlət qazan, eyş-işrətlə yaşa, zülm et" deməyiblər. Onlar "elm öyrən, ağıllı adamlarla otur-dur, sadə, xeyirxah ol, xalqın, torpağın qeyrətini çək", "dünyanın həqiqətlərinə vaqif olanlar həyatın zinət və dövlətinə çətin baş əyərlər" deyiblər.

Həyatda öyrənilməli, dərk edilməli, qiymətləndirilməli çox şey var.

 Tariximiz, keçmişimiz ən böyük məktəbdir və biz bu məktəbi keçməliyik, dərs almalıyıq.

 Ümummilli Liderimiz Heydər Əliyev dəfələrlə xatırladırdı ki, "Tariximiz bizim üçün dərs olmalıdır".

 Bu bir həqiqətdir ki, biz tariximizdən, keçmişdən yaxşı dərs almadığımıza görə əsrlərlə işğallara, təqiblərə, təsirlərə, işgəncə və fəlakətlərə məruz qalmışıq. Birləşmək, düşmənə qarşı birgə mübarizə aparmaq, dövlətin sərhədlərini qorumaq və möhkəmləndirmək əvəzinə, xanlarımız, bəylərimiz Azərbaycanı xanlıqlara bölməyi, parçalamağı, bir-birlərinin qanını axıdıb "böyük xan" tituluna yiyələnməyi daha üstün tutublar. Nəticədə sarsılmışıq, əzilmişik, Cənubi Azərbaycan, İrəvan torpaqlarını itirmişik.

Tarixin dərslərindən ibrət götürməmək, tez-tez keçmişə müraciət etməmək, əzəli düşmənləri yaxından tanıyıb qiymətləndirməmək, vaxtında başbilənlərə, ağsaqqallara, torpağın, xalqın taleyini düşünənlərə qulaq asmamaq, vəzifəyə, var-dövlətə hərisliyimiz ərazilərimizin bir daha işğalına, Qarabağ torpaqlarının itirilməsinə səbəb olmuşdur.

Müdriklərdən biri yaxşı demişdir: "Bu günü yaxşı görmək üçün keçmişi bilməliyik". Təəssüflər olsun ki, bəzi hallarda nəinki uzaq, heç yaxın keçmişi də yaxşı bilmirik. XX əsrin əvvəllərində başımıza gətirilən müsibətləri əsrin sonlarında unutduğumuz üçün fəlakətlərə, işğala məruz qaldıq ki, bu gün də həmin ağrıları yaşayırıq.

Əgər 90-cı illərdə ağıllı insanları, başbilənləri səbrlə, təmkinlə eşidib reallıqları düzgün qiymətləndirə bilsəydik, Heydər Əliyev kimi bir dahini vaxtında hakimiyyətə gətirməyə nail olsaydıq bir çox  bəlalardan, faciələrdən, torpaqlarımızın işğalından yaxa qurtarmaq mümkün idi. Əfsuslar olsun ki, o dövrdə hakimiyyətdə olanlar nəinki qanrılıb keçmişə baxdılar, heç gözlərinin qarşısında olanları belə görmədilər.

 Vətən, xalq mənafeyi vəzifəyə qurban verildi. 20 Yanvar faciəsi törədildi. Şəhərlər, kəndlər xarabazarlığa çevrildi, torpaqlarımızın işğalına şərait yaradıldı, günahsız insanlar qətlə yetirildi, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdi. Özlərini başbilən hesab edib Azərbaycanı uçuruma yuvarlayanlar, ağıllı insanların sözünə məhəl qoymayanlar çətin anda qaçıb gizləndilər, canlarını təhlükədən qurtarmaq üçün min bir vasitəyə əl atdılar.

Təəssüflər  olsun ki, ölkəni parçalanmaq, məhv olmaq səviyyəsinə gətirənlər dünənki faciələri, qarşıdurmaları, itkiləri tamamilə unudublar, çirkin əməllərinin fərqində deyillər, özlərini yenə də başbilən, ağıllı, hamıdan qabiliyyətli, vətənpərvər hesab edirlər.

90-cı illərdə vəzifə üstündə Azərbaycanı uçuruma aparanların bugünkü hərəkətləri-gah müxalifət partiyası, milli şura, gah da ayrı-ayrı ittifaqlar, bloklar, qeyri-hökumət təşkilatları adı altında birləşərək dövlətimizin imicinə ziyan vurmaq, yalan-böhtan yaymaq, ölkəni xarici qüvvələrin təsirinə məruz qoymaq cəhdləri göstərir ki, onlar yaxın keçmişin bəlalarından, başımıza gələn fəlakətlərdən hələ də lazımi nəticəyə gəlməyiblər, tariximizin qara günlərini yaddan çıxarmışlar.

Biz müdriklərdən, müəllimlərdən, ziyalılardan öyrənməliyik. Alim, ağıllı adamlar ömrü boyu durmadan oxuyan, öyrənən, yaxşı dərs alanlardır.

Ağılsız, riyakar adamları isə öyrənmək, faydalı dərs almaq, mənəviyyatı zənginləşdirmək deyil, yalnız qarnı, yemək-içmək, var-dövlət düşündürür. Belə adamlara vətən, xalq, torpaq anlayışları yaddır. Kamil insanlar hər şeydə ölçü, əndazə gözləyir, ictimai nəzarətlə hesablaşır, vəzifə, mal-pul hərisləri isə heç bir hədd bilmirlər, qanun-qaydaya əməl etmirlər, insanlığı unudurlar.

 Ulu Öndərimiz Heydər Əliyevin elmi-nəzəri irsini, həyat fəaliyyətini mükəmməl öyrənən, bəşəri ideyalarının mahiyyətini, əhəmiyyətini dərindən dərk edən və unudulmaz rəhbərin "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir" kəlmələrinin dəyərini anlayan bir insan heç vaxt nankorluğa, riyakarlığa yol verə bilməz. Ümummilli Liderimizin həyatının hər anı sağlam düşüncə, dərin təfəkkür,  xalqa, torpağa sonsuz sədaqət və məhəbbət məktəbidir, daim öyrənilməli dərsdir.

 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qeyd edir ki, " Heydər Əliyevin zəngin irsi XXİ əsrin müstəqil dövləti kimi Azərbaycanın gələcək inkişaf və tərəqqi yolunu müəyyən edən etibarlı səmt göstəricisidir və daim belə olacaqdır".

 Heydər Əliyev xalqımızın sədaqətli oğlu, layiqli vətəndaşı, müdrik rəhbəri olduğu kimi, həm də xilaskarıdır. Onun göstərdiyi yolla-etibarlı səmtlə irəliləyən, eləcə də bu yoldan kənara çıxanların aqibəti hər birimizə yaxşı məlumdur. Səmt ilə düzgün gedənlər hörmət, ehtiram, yolunu azanlar isə nifrət  və töhmət sahibidirlər.

Heydər Əliyev ideyalarının dönməz təbliğatçısı, icraçısı,  davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti nəinki xalqımıza, bütün dünyaya göstərdi ki,  müdrik rəhbərin arzu və məqsədləri müqəddəs, ideyaları bəşəri və ölməzdir.

 Bu gün dövlətimizin başçısı İlham Əliyevin dəfələrlə qətiyyətlə söylədiyi  "Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təqiblərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik" kəlmələri Heydər Əliyev ideyalarından qaynaqlanır, güc alır və həyata keçirildikcə onun ruhunu sevindirir.

 Müstəqilliyi, müstəqil siyasət yeritməyi, milli maraqları qorumağı əsas vəzifə kimi qarşıya qoyan və heç bir təsirdən, təqibdən, təxribatdan çəkinmədiyini bəyan edən ölkə rəhbəri həm də bu qətiyyəti, inamı, vətənpərvərliyi hər bir kəsə aşılamağı lazım bilir, xalqa çağırış edir, insanları həmrəyliyə, birliyə, xeyirxahlığa səsləyir.

Azərbaycan Prezidenti ən mötəbər tədbirlərdə, toplantılarda, görüşlərdə uzaqgörən rəhbər, sədaqətli vətəndaş, səmimi və tələbkar bir müəllim nümunəsi nümayiş etdirir. O, Vətənə, Xalqa xidmətdən, insanlara qayğı, hörmətdən, inkişafdan, müstəqillikdən, torpaqlarımızın azğın düşməndən azad edilməsinin vacibliyindən, hər bir vəzifəli şəxsin vətəndaşlıq və vəzifə borcundan danışır.

Həm də problemləri qabardır, işdə yol verilən nöqsanları xatırladır, neqativ hallara-əliəyriliyə, rüşvətxorluğa, yalan-böhtana, süründürməçiliyə qarşı birgə mübarizə aparmağın vacibliyini önə çəkir, inkişafımıza mane olan bəlalardan, təsirlərdən yaxa qurtarmağı, hər bir kəsə layiqli vətəndaş olmağı tövsiyə edir.

Ölkə rəhbərinin hər çıxışı, əməli fəaliyyəti insanlara dünyada baş verən hadisələri, reallıqları dərk etmək, qiymətləndirmək, öz xalqının səadəti, xoşbəxtliyi, gələcəyi uğrunda necə mübarizə aparmağın istiqamətlərini göstərmək və sübut etmək üçün bir nümunə, dərslikdir.

Cənab İlham Əliyev öz fəaliyyəti, çıxışları ilə öyrədən, yol göstərən, dərs deyən bir müəllim, həm də daim öyrənən, öz üzərində çalışan bir şagird təsiri bağışlayır. O, tarixdən, xalqdan, həyatdan, müdriklərdən, dünya reallıqlarından öyrəndiyini, millətinin arzu-istəklərindən bəhrələndiyini bildirir və həm də həmişə, durmadan oxumağı, öyrənməyi məsləhət görür.

Həyatda əldə etdiyimiz, qazandığımız yaxşı nə varsa, bütün nailiyyətlərimiz elmimizin, təhsilimizin, ağlımızın məhsuludur. Azərbaycanın bu günkü inkişafı-ictimai-siyasi sabitlik, iqtisadi yüksəliş, dünyada tanınması, sosial şəraitin  yaxşılaşması Ulu öndərimiz Heydər Əliyevin ideyalarının ölkə rəhbəri İlham Əliyev tərəfindən təmkinlə, uzaqgörənliklə, siyasətimizə, iqtisadiyyatımıza, mədəni-mənəvi həyatımıza yeniliklər gətirilməklə həyata keçirilməsinin nəticəsidir.

Zaman bunu göstərir və həyat, müasir dünya irəli getmək, inkişaf üçün öyrənməyi, düşünməyi, hadisələrdən düzgün nəticə çıxarmağı tələb edir.

Vətəndaşlıq Vətənə, Xalqa sədaqətdən, torpağa vurğunluqdan keçir.

Mənəviyyatı olanları vəzifə, mal-pul, var-dövlət, ad-san deyil, insanlara xidmət, millətə qayğı, torpağa məhəbbət birləşdirir.

Dəbdəbəli məclislər qurmaq, bahalı villalarda yaşamaq, qiymətli maşınlarda gəzmək, eyş-işrətlə gün keçirmək insan həyatının mənası deyil.

Müəllimlərinin dərsindən yayınıb oxumayan, ancaq bəxşiş, hədiyyə, valideynlərinin köməyi ilə orta və ali təhsil alan gənclərdən layiqli vətəndaşlıq gözləmək çətindir.

Valideynlərinin vəzifəsinə, var-dövlətinə güvənib ağsaqqallara, müəllimlərə arxa çevirənlər, böyüklərin məsləhətlərinə qulaq asmayanlar, həyata pulun gözü ilə baxanlar cəmiyyətə heç bir fayda verə bilməzlər.

Dünyada baş verən hadisələrdən, müharibələrdən, dini-irqi ayrı seçkilikdən, demokratiya oyunlarından baş çıxarmayan, dərs almayan ağılsızlardır. Dinimizə, dilimizə yabançı olan bəzi insanların dinə, İslama məhəbbət  şüarları ilə vətəndaşları çaşdırması, onları yad meyllərə vadar etməsi xarici düşmənlərimizin ölkəmizə yönələn çirkin əməllərinin bir həlqəsidir.

Din pərdəsi altında yaranan bir çox terror təşkilatlarının pozuculuq fəaliyyəti-insan tələfatları, ixtisaslar, partlayışlar, qaçqın-köçkün axını gələcək üçün yaxşı heç nə vəd etmir. Bir çox ərəb ölkələrində, Avropanın iri şəhərlərində, elə Qərbin özündə hökm sürən müharibələr, terror hadisələri, miqrasiya problemləri bəşəriyyəti çıxılmaz vəziyyətə salmışdır.

Bu fəlakətlərin qarşısını vaxtında almaq əvəzinə, əksinə dünyanın  bəzi aparıcı dövlətləri öz mənafeləri naminə münaqişələri qızışdırmaq əzmindədirlər. Əldə olan faktlar, bəzi ekstremist qüvvələrin din pərdəsi altında ölkəmizdə qarşıdurmalar yaratmaq cəhdləri bunu deməyə bir daha əsas verir. Çox təəssüflər olsun ki, içimizdə olan müəyyən nadanlar, nankorlar, müxalifət dairələri,  dünyada baş verən qanlı hadisələrdən hələ də lazımi nəticə çıxarmaq istəmirlər.

Azərbaycanın dövlət quruluşunu zor gücünə dəyişməyə çalışanlar  1993-94-95-2003-cü illərdə baş verən çevriliş cəhdlərinin, sui-qəsdlərin nə ilə nəticələndiyini və vətənə xəyanət edənlərin aqibətinin necə olduğunu sanki unudublar. Ancaq çox heyf!

Həyatın dərsləri elə ibrətamiz, maraqlı, çətindir ki, onu unutmaq olmaz, əksinə o dönə-dönə təkrarlanmalı, öyrənilməli və qiymətləndirilməlidir.

İnsan özünü dərk edəndə, özündən öyrənəndə, kim olduğunu və nə üçün yaşadığını anlayanda, vəzifəsini, borcunu, ona göstərilən etimadı qiymətləndirəndə hörmət qazanır, tanınır, ucalır. O, həm də bir nümunəyə çevrilir, əməlləri, insani keyfiyyətləri - xeyirxahlığı, vətənpərvərliyi, qurub-yaratmaq eşqi ilə başqalarına dərs verir.

Etimad göstərmək, etibar etmək, kiməsə öz bacarığını  ortaya qoymaq üçün şans vermək, irəli çəkmək insanlıqdır, xeyirxahlıqdır. Bu xeyirxahlığa dönük çıxmaq, etimad göstərənə xəyanət yolunu tutmaq isə nankorluqdur, riyakarlıqdır.

Demək olar ki, hər gün Şəhidlər Xiyabanını ziyarət edirəm. Burada uyuyanların əksəriyyəti gənclərdir. Hüseyn Rüstəmov, Elçin Yusifov, Ələkbər Rəsulov, Ramiz İbrahimov, Nadir Orduxanov, Fuad İsayev və bir çox başqaları 19-20 yaşında torpaqlarımızın erməni faşistlərindən təmizlənməsi, müstəqilliyimizin qorunması uğrunda döyüşlərdə canlarını qurban verərək şəhidlik qazanmışlar.

Bu mətin insanlar, qəhrəman gənclər öz sədaqətləri, şücaətləri, mehriban, intizarlı baxışları ilə hər gün onları ziyarət edən minlərlə insana vətənpərvərlik, torpağa, xalqa məhəbbət dərsi keçirlər. Əbədiyyətə qovuşan bu gənclər düşmənlə ölüm-dirim mübarizəsinə  yalnız bir məqsəd  uğrunda atılmışdılar və  onları bir amal birləşdirirdi. Bu vətənin, xalqın, valideynlərin onlara göstərdiyi etimad, etibar və inam idi.

Mən həyatın şirinliyini duymadan dünyadan çox gənc ikən gedən, ancaq əbədi bir ömür qazanıb milyonların gözündə ucalan və xalqımın sevimlisinə çevrilən bu gənclərin məzarlarını ziyarət edərkən bir qürur hissi keçirməklə, həm də dərin düşüncələrə dalıram, ölkəmizin həyatında baş verən yaxşı və həm də hər birimizi narahat edən hadisələr barədə düşünürəm.

Xalqın varını-dövlətini talayan, insanlara zülm edən, soyğunçuluq, xəyanət, rüşvətxorluq yolunu tutan və qolları qandallanan vəzifə sahiblərini, generalları, məmurları göz önünə gətirirəm və onları bu məsum gənclərlə qarşılaşdırmaq istəyirəm, ancaq bacarmıram.

Çünki həyatda olmayan bu igid gənclər ölümlərindən sonra da məhəbbətlə yad edildiyi, sevildiyi halda, var-dövlət, vəzifə düşkünü olan və harın bir həyat keçirib insanların taleyi ilə alver edənlərin çoxu  sağ ikən nifrətin, töhmətin, haqqın hədəfindədir.

Öz gənc ömürlərini torpaqlarımızın azadlığına, ana-bacıların dinc həyatının təmin edilməsinə qurban verənlərin əməlləri bir qəhrəmanlıq, vətənə məhəbbət göstəricisi, var-dövlət, daha çox pul qazanmaq, mülk sahibi olmaq, insanları incitmək uğrunda mübarizə aparan bəzi vəzifə sahiblərinin fəaliyyəti isə dövlətçiliyimizə, millətimizə xəyanətin nümunəsidir. İnsanların gözü qarşısında harın, dəbdəbəli həyat keçirmək, xalqa soyğunçuluq, qanunlara hörmətsizlik etmək göstərilən etimada, tapşırılan vəzifəyə dönüklükdür.

Məni bir sual daim narahat edir və düşündürür. Görəsən insanların taleyi ilə oynayan, çoxlarının mənəviyyatını alçaldan,  vəzifəsi olanda  özünü hamıdan güclü, ağıllı, savadlı hesab edən, insanları yaxına buraxmayan, aylarla telefonlara cavab verməyən, özündən böyük vəzifəlilərə əyilib aşağı vəzifəliləri adam yerinə qoymayan bəzi məmurlar insanlığın dəyərini bilirlərmi? Nə üçün vəzifə daşıdıqlarını, kimə xidmət etdiklərini anlayırlarmı?

Zalım hökmdarların, var-dövlət düşkünü olub ölkələr istila edən, ancaq axırda bir tikə çörəyə möhtac qalan xanların-xaqanların, haram pul qazanıb sonradan illərlə əziyyətini çəkən insanların həyatı məgər bu gün etimada, etibara xəyanət edənləri, xalqa arxa çevirənləri düşündürmür, onlara bir ibrət  dərsi deyilmi? Zalımlığın, harınlığın, xəyanətin bağışlanılmaz olduğunu  bu adamlar bilirlərmi?

Bu insanlar başqalarına zülm edərkən, çoxlarının balalarını ac qoyarkən, malını-dövlətini əlindən alarkən öz balalarını, ailələrini göz önünə gətirib onlara ediləcək ədalətsizliyin qarşısında hansı vəziyyətə düşəcəklərini fikirləşirlərmi?

Şəhid balalarımız öz canlarını vətənin, xalqın xoşbəxtliyi uğrunda qurban verdikləri halda bəzi vəzifə sahiblərinin, məmurların, onların harın övladlarının bu torpağa, insanlara,  göstərilən etimada, etibara xəyanət etməsi, şəhidlərin əzizlərinə, qaçqın-köçkünlərə etinasızlıq göstərilməsi  bağışlanılarmı?

Həyat hər gün bizə dərs keçir. Zaman bizi sınağa çəkir. Biz dərslərimizə hazır olmalı və sınaqlardan qalib çıxmağı bacarmalıyıq. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin təhlükələr qarşısında qaldığı o çətin günlərlə hazırkı ictimai-siyasi sabitliyi, dünyanın bir çox ölkələrində baş verən müharibələrlə, iqtisadi-siyasi böhranla respublikamızın iqtisadi yüksəlişini, insanlarımızın həyat şəraitini dərindən müqayisə etməli və lazımi nəticə çıxarmalıdır.

Tarixin və həyatın dərslərini yaxşı öyrənməsək uduza bilərik. Bu isə yolverilməz və bağışlanılmazdır.

 





18.12.2015    çap et  çap et