525.Az

Bəzi fəaliyyət növləri istisna olmaqla lisenziyalar müddətsizləşdirilir


 

SAHİB MƏMMƏDOV: "BUNDAN SONRA LİSENZİYALARIN 10, İCAZƏLƏRİN İSƏ 7 GÜN MÜDDƏTİNDƏ VERİLMƏSİ NƏZƏRDƏ TUTULUR"

Bəzi fəaliyyət növləri istisna olmaqla lisenziyalar müddətsizləşdirilir<b style="color:red"></b>

Azərbaycanda lisenziyalarla yanaşı, icazələr də hüquqiləşdiriləcək.

Bununla bağlı "Lisenziyalar və icazələr haqqında" yeni qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən 17-də keçirilən iclasında müzakirəyə çıxarılıb. Komitənin sədri Ziyad Səmədzadə bu sənədin ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına kömək edəcəyini bildirib.

Qanun layihəsi barədə məlumat verən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov  qeyd edib ki, indiyə qədər lisenziyalarla bağlı məsələ digər normativ-huqiqi aktlarla tənzim olunurdu, indi isə lisenziyalarla yanaşı, icazələr də  hüquqi müstəviyə keçiriləcək.

Nazir müavini bu sənədlə lisenziyalaşdırılma prosesində "bir pəncərə" sisteminin tətbiq olunacağını, bəzi fəaliyyət növləri istisna olunmaqla, lisenziyaların müddətsiz veriləcəyini, lisenziyaların verilməsi müddətinin azaldılacağını dilə gətirib.Onun sözlərinə görə, eyni zamanda, bu günə kimi lisenziya almışı sahibkarlıq subyektlərinin də lisenziyaları müddətsizləşdiriləcək.

Müzakirələr zamanı komitə üzvü Vahid Əhmədov deyib ki, lisenziyaların sayını artırmaqdansa, onların sayını kəskin şəkildə azaltmaq lazımdır. Ümumiyyətlə,  qanun layihəsinin vacib və əhəmiyyətli olduğunu bildirən V.Əhmədov bununla yanaşı, lisenziyaların sayının azaldılmasının zəruriliyini önə çəkib: "Əvvəla aydınlaşdırılmalıdır ki, "bir pəncərə" sistemini kim tətbiq edəcək - İqtisadiyyat və Sənaye Nazirliyi, "ASAN" Xidmət Mərkəzi, yoxsa, başqa dövlət qurumu? Ola bilməz ki, 50-sinə İqtisadiyyat və Sənaye Nazirliyi, 20-sinə Səhiyyə Nazirliyi, nə bilim, 30-una  Nəqliyyat Nazirliyi və digər nazirlik lisenziya versin. Amma təəssüf ki, bu günə kim bu "praktika",  bu problem reallıqda var, hər nazirlik az qala lisenziya verməklə məşğuldur. Belə ola bilməz, bu, yığışdırılmalıdır. Lisenziyaların sayını artırmaqdansa, onların sayını kəskin şəkildə artırmaq lazımdır". Millət vəkili ümumiyyətlə, lisenziyaların verilməsinin bütövlükdə  "ASAN" Xidmət Mərkəzinə həvalə olunmasının vacibliyini söyləyib: "Çünki bu qurumda hər şey şəffafdır, heç bir bürokratiya-filan yoxdur. Odur ki, digər qurumlar yox, məhz "ASAN" Xidmət Mərkəzi lisenziyalaşdırma ilə məşğul olmalıdır. Bu, daha düzgün olar".

 Millət vəkili, "Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov hesab edir ki, bizdə də bəzi sahələrə, fəaliyyət növlərinə lisenziyaların verilməsi müddətinin uzaldılması məsələsinə baxılmalı və o, reallaşdırılmalıdır. C.Qurbanov çıxışı zamanı ilk öncə qanun layihəsinin qəbulunun tərəfdarı olduğunu deyib və bildirib ki, vaxtı ilə avtomobil yolları sektorunda işləyərkən lisenziyalarla bağlı problemlərlə tez-tez üzləşməli olurlarmış: "Avtomobil yolları əgər dövlət tərəfindən yaranırsa, onunla bağlı qurumların hansısa təşkilatdan lisenziya almasına nə ehtiyac vardı? Çox təəssüflər olsun ki, biz bu məsələdə xeyli problemlərlə üzləşməli olurduq.

Ona görə bəzi fəaliyyət növləri istisna olunmaqla, elə dediyim sahədə də lisenziyaların alınmasına ehtiyac olmamalıdır və bu məsələ müvafiq formada sözügedən sənəddə öz əksini tapmalıdır. Bununla yanaşı, hesab edirəm ki, dövlət təhlükəsizliyi ilə bağlı olmayan bəzi fəaliyyət növlərinə lisenziyaların verilməsinin müddəti məsələsinə də baxılmalıdır. Məsələn,  Türkiyədə taksilərlə bağlı lisenziyalar 15 illiyinə verilir. 15 il tamam olandan sonra yenə də  bu vaxt uzadılır.

Bu baxımdan  hesab edirəm ki, bizdə də bəzi sahələrdə fəaliyyət növlərinə  lisenziyaların verilməsi müddətinin uzadılması məsələsinə baxılmalı və o, reallaşdırılmalıdır".

Digər millət vəkili İlham Əliyev isə həmkarının təklifi ilə qismən razılaşmayıb. O, bildirib ki, əksinə, elə sahələr, fəaliyyət növləri var ki, orada lisenziyaların müddəti 3 il və ya 5 il nəzərdə tutulmalıdır: "Məsələn, bu yaxınlarda bir nəfər mənə dedi ki, bizdə lisenziyanın müddəti bir aylıqdır. Bir aylıq da müddət olar? Bu, düzgün deyil. Ən azı lisenziyaların müddəti 3 il və 5 il olmalıdır. Bu, bürokratik maneələrin də aradan qaldırılmasına öz köməkliyini göstərə bilər".

"Lisenziyaların verilməsi prosedurunun təkmilləşdirilməsi üçün bu sənəd müəyyən müsbət təsir göstərəcək, amma onu tam yetərli hesab etmək olmaz". Bunu da öz növbəsində millət vəkili Əli Məsimli  bildirib. Millət vəkili  çıxışı zamanı da  daha çox qanun layihəsinin müəyyən mənada yetərli olmadığına diqqət çəkib: "Lisenziyalar sahibkarlıq subyektlərinin fəaliyyətinə köməklik edəcəyi halda, bəzən onların fəaliyyətinə, inkişafına mənfi təsir göstərib. Çünki məsələn, kiminsə 200-300 min manatı olubsa, az qala onun pulun yarısını əlindən alıblar , nə var ki, guya lisenziya üçün tələb olunur.  Ona görə lisenziyaların verilməsi prosedurunun təkmilləşdirilməsi üçün bu qanun müəyyən müsbət təsir göstərəcək, amma onu tam yetərli hesab etmək olmaz. Onu daha da təkmilləşdirmək, həmçinin, sahibkarlıq subyektlərini  məmurların hamısını demirəm, "yırtıcı məmurlar"ın məngənəsindən qurtarmaq lazımdır".

Onu da qeyd edək ki,  qanun layihəsinə əsasən sahibkarlıq subyektlərinə lisenziya və icazələrin verilməsində vahid siyahının müəyyənləşdiriləcək. Bundan başqa, qanun layihəsində yeniliklərdən biri  odur ki, lisenziya və icazə verən orqanın susması razılıq prinsipi kimi qəbul ediləcək. Yəni, qanunvericilikdə nəzərdə tutulan müddətdə müvafiq orqan tərəfindən cavab verilməsə, bu həmin lisenziya və icazələr üzrə fəaliyyətə razılığı özündə əks etdirəcək. Həmçinin, yeniliklərdən biri də odur ki, sahibkarlıq subyekti lisenziya və icazələr verən orqandan məsləhət və təkliflər almaq imkanı yaradılıb. Bununla yanaşı, lisenziyaların verilməsi 15 gün tələb edirdisə, bu müddət azaldılıb.Bundan sonra lisenziyaların verilməsi 10 günə, icazələrin verilməsi isə 7 gün müddətdə nəzərdə tutulur. Digər yeniliklərdən biri də odur ki, verilən qərarların tənzimləyici təhlili də aparılacaq.  Yəni, verilən qərarın sahibkarlıq mühitinin inkişafına nə dərəcədə təsir etdiyi də təhlil olunacaq. Bundan savayı, qanun layihəsinə əsasən elektron lisenziya portalının yaradılması nəzərdə tutulur.

Həmçinin, qeyd edək ki, qanun layihəsi qəbul edilsə, qanun layihəsindəki müddəalar 2016-cı ilin may ayının 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





18.12.2015    çap et  çap et