525.Az

"İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi, gender bərabərliyi və media" tədbiri


 

"AZƏRBAYCANDA MƏTBUAT İCTİMAİ FİKRİN FORMALAŞMASINDA XÜSUSI ROL OYNAYIR"

"İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi, gender bərabərliyi və media" tədbiri<b style="color:red"></b>

Dünən Avropa İttifaqı və Avropa Şurasının "Azərbaycanda ifadə azadlığı və media azadlığı" layihəsi çərçivəsində "İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi, gender bərabərliyi və media" mövzusunda tədbirin birinci sessiyası keçirilib.
 
İlk sessiya İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi mövzusuna həsr olunub.

Tədbirin rəsmi hissəsində Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxışında qeyd edib ki, söz, ifadə və mətbuat azadlığı, o cümlədən, jurnalistlərin təhlükəsizliyi, gender bərabərliyi mühüm məsələdir: "Dünyada jurnalistika fəaliyyəti olduqca bu mövzularda aparılan müzakirələr həmişə aktual olaraq qalacaq".

Millət vəkili bildirib ki, Mətbuat Şurası Avropa İttifaqı və Avropa Şurası ilə əməkdaşlıqda maraqlıdır: "Aparılan birgə fəaliyyət bu istiqamətdə böyük töhfələrin əldə olunmasına imkan verir. Eyni zamanda, bu əlaqələr Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının daha da inkişaf etməsinə şərait yaradır".

Azərbaycan konstitusiyasından jurnalistin sərbəst şəkildə məlumat toplamaq və yaymaq hüququnun öz əksini tapdığını deyən şura sədri deyib ki, istənilən halda senzuranın yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, əgər yaxın keçmişdə ictimai fikrin formalaşmasında yazılı mətbuat əsas rol oynayırdısa, hazırda internet əsrinin reallıqlarına uyğun olaraq elektron media, sosial şəbəkələr aparıcı funksiyanı yerinə yetirir.

Jurnalistlərin təhlükəsizliyi məsələsindən danışan Ə.Amaşov qeyd edib ki, aksiya, mitinqlər zamanı mətbuat nümayəndələrinin sərbəst fəaliyyətinin təmin olunması, polis-jurnalist münasibətlərini tənzimləmək məqsədilə Mətbuat Şurasında monitorinq qrupu yaradılıb. "Bu qrup aksiyanın harada keçirilməsindən asılı olmayaraq dərhal hadisə yerinə gedir və nəzarət funksiyasını həyata keçirir".

Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz yurdlarından didərgin düşdüyünü xatırladan millət vəkili hesab edir ki, belə şəraitdə mətbuat nümayəndələrinin üzərinə böyük yük düşür: "Xüsusilə hərbi sirrin qorunması baxımından jurnalistlər daha diqqətli olmalı, məsələlərə həssas yanaşmalıdırlar".

Gender bərabərliyi məsələsinə toxunan Şura sədri vurğulayıb ki, Azərbaycan Şərqə qadınlara seçki hüququ verən ilk demokratik dövlətdir: "Bu sahədə nə qədər inkişaf olsa da, mövzu həmişə diqqət mərkəzində saxlanılmalı, zəruri addımlar atılmalıdır".

Prezident Administrasiyasının nümayəndəsi Vüqar Səlimov bildirib ki, söz, ifadə və mətbuat azadlığı olmadan jurnalistlər müstəqil şəkildə fəaliyyət göstərə bilməzlər: "Digər inkişaf etmiş, demokratik əsaslarla idarə olunan ölkələrdəki kimi Azərbaycanda da bu hüququ onlara dövlət konstitusiyası verir. Bu gün media nümayəndələri ölkədə istənilən sahədə aşkar olunan problemlərlə bağlı öz fikirlərini bildirir, ictimai fikrin formalaşmasında xüsusi rol oynayırlar. Azərbaycanda mətbuat azadlığı ilə bağlı heç bir problem yoxdur. Mətbuat orqanlarının fəaliyyətinə nəzər salmaqla bunun əyani şəkildə şahidi olmaq mümkündür. Media nümayəndələrinə təzyiq olunmur. Dövlət jurnalistlərin təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifəni layiqli şəkildə yerinə yetirir. Bu məsələ hər zaman dövlətin diqqət mərkəzindədir. Ölkə başçısı İlham Əliyev dəfələrlə qeyd edib ki, mətbuat azadlığının təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu mənada, hazırda KİV ictimai fikrin formalaşmasında əsas hərəkətverici qüvvələrdən biri kimi öz işini uğurla davam etdirir".

Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbərinin müavini Teymur Malik-Aslanov qeyd edib ki, cari ilin sentyabr ayında Avropa Şurası Azərbaycan dövləti ilə razılaşdırılmış qaydada Bakıda ifadə və media azadlığı mövzusunda dəyirmi masa keçirib. Onun sözlərinə görə, indiki tədbir isə jurnalistlərin təhlükəsizliyi, gender bərabərliyi və media mövzusuna həsr olunub: "Dəyirmi masa keçirməkdə əsas məqsəd ifadə azadlığının vəziyyətini nəzərdən keçirmək, jurnalistləri bu barədə məlumatlandırmaqdır".

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, son illər Avropa Şurası media azadlığı, jurnalistlərin təhlükəsizliyinin qorunması və gender bərabərliyi sahəsində aktiv fəaliyyəti ilə seçilir.

A.Səfixanlı vurğulayıb ki, ifadə azadlığı fundamental hüquqlardan biridir: "Azərbaycan media azadlığı və gender bərabərliyi sahəsində qanunvericilik bazasını təkmilləşdirib. Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Proqramı ifadə, media azadlığının təmin olunması istiqamətində atılan mühüm addımlardan biridir".

İnsan hüquqlarının qorunması baxımından Ombudsman Aparatının xüsusi rolu olduğunu deyən A.Səfixanlı xatırladıb ki, Azərbaycanda bu qurum 13 ildir fəaliyyət göstərir.

Aparat rəhbəri deyib ki, ölkədə 50-dən artıq jurnalist təşkilatı mövcuddur: "Bunlardan 30-a yaxını media təhlükəsizliyinin qorunması istiqamətində ixtisaslaşıb".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov Azərbaycanda gender bərabərliyi sahəsində nəzərəçarpacaq dərəcədə inkişaf olduğunu vurğulayıb: "Son ildə dövlət orqanları, parlament, bələdiyyələr, eləcə də ictimai fəaliyyətdə qadınların sayı və rolu artmaqdadır. Bu sahədə kifayət qədər irəliləyişin əldə olunmasına baxmayaraq fəaliyyətin davam etdirilməsi vacibdir".

Qeyd edək ki, tədbir Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələr arasında keçirilir. Azərbaycanda dekabrın 17 - 18-i aralığında keçirilən tədbirin rəsmi hissəsindən sonra ilk sessiya üzrə yerli və xarici ekspertlərin məruzələri dinlənilib. Tədbirdə ikinci sessiya isə "Gender bərabərliyi və media" mövzusuna həsr olunub.

Ceyhun ABASOV

 





18.12.2015    çap et  çap et