Dekabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) İctimai Televiziya ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) əməkdaşlığı çərçivəsində yüksək intellektual səviyyəsi, fərqli dünyagörüşünə malik yazıçı Çingiz Abdullayevin tələbələrlə görüşü keçirilib.
Öncə ADU-nun rektor əvəzi, professor Dünyamin Yunusov yazıçı haqqında qısa məlumat verib. Dünyamin Yunusov onun Dronqo obrazı sayəsində çox məşhur olduğunu bildirib.D.Yunusov qeyd edib ki, Çingiz Abdullayev hüquq elmləri doktoru, Polşanın Krakov Universitetinin fəxri professoru, H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktoru, Azərbaycan PEN klubunun vitse-prezidenti, "Neftçi" PFK-nın 7-ci prezidentidir. O, beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alan yazıçının beynəlxalq cinayət problemi barədə isə doktorluq dissertasiyası müdafiə etdiyini sözlərinə əlavə edib.
D. Yunusov ədəbi fəaliyyətə gənclik dövründən başlayan Çingiz Abdullayevin 28 milyon nüsxədə 30 dilə tərcümə olunmuş 600-dan çox kitabın müəllifi olduğunu bildirib. O, həmçinin yazıçının Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılan əsərlərinin xarici ölkə xalqlarının dillərinə tərcümə olunduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb və bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırdığını sözlərinə əlavə edib. Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı", Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə və medallarla təltif olunduğunu bildirən D. Yunusov Ç. Abdullayevin 2014-cü ildən İnterpolun fəxri səfiri olduğunu vurğulayıb. Sonra o sözü yazıçı Çingiz Abdullayevə verib.
Dillər Universitetində dəfələrlə qonaq olduğunu diqqətə çatdıran Çingiz Abdullayev görüşün təşkilinə və keçirilməsinə görə təşəkkürünü bildirib.
Yazıçı görüşdən öncə ADU-nun rektor əvəzi professor Dünyamin Yunusov ilə görüşdüyünü və universitetdə 22 dilin tədris olunduğu haqqında məlumat aldığını qeyd edib. O, dilin əsas amil olduğunu vurğulayıb və kitabın hansı dildə yazılmasından asılı olmayaraq oxucu kütləsini özünə cəlb etmək bacarığına malik olmasını, həmçinin oxucuda kitabı oxumağa istək yaratmağın vacib olduğunu söyləyib, eyni zamanda tanınmış və dünyaşöhrətli yazıçıların söylədiyi fikirlərdən misallar çəkib.
O, Azərbaycanda kitab mütaliəsinin az olduğunu təəssüf hissi ilə qeyd edib və bütün gəncləri kitab oxumağa səsləyib. Gələcəyimizin gənc nəslin maariflənməsindən asılı olduğunu deyən yazıçı onların cəmiyyət üçün yararlı fərd kimi formalaşmasında mütaliənin böyük rolu olduğunu söyləyib və gənclərə qiraət etməyi tövsiyyə edib.
Görüş iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.
Sonda Çingiz Abdullayev oxucular üçün kitablarını imzalayıb.
Vəfa MƏMMƏDLİ
çap et