525.Az

Xatirə Rəhimbəylinin şeirləri


 

Xatirə Rəhimbəylinin <b style="color:red">şeirləri</b>

Adını çəkə bilmirəm,
Ay ismi-pünhan, hardasan?!
Axır məni öldürəcək
Bu dəli hicran, hardasan?!

Sanma bu üsyan yatacaq,
Əğyar əhdinə çatacaq...
Bir gün  səni də tutacaq,
Vallah nahaq qan, hardasan?!

Gəlsin ürəyimə qadan,
Niyə kəsilib səs-sədan?!
Ürəyimi atıb-tutan,
Fırtına, tufan, hardasan?...

Yarı yalan,yarı gerçək,
Yarısı daş ,yarı ürək.
Yarı şeytan,yarı mələk,
Ay yarı insan, hardasan?!

Bu sevda sevdalar xası,
Yox qurtuluşu, xilası...
Adın dilimin duası,
Ay...ismi-pünhan, hardasan?

lll

Hər kəs Tanrı önündə
Azaddısa, hürdüsə,
Yerdəki qırğın nədir,
Göydə ALLAH birdisə?

Nə saralıb nə də sol,
Öyrən və arxayın ol;
Qəbir Haqqa gedən yol,
Qapıdısa, dərdisə...
Hər açılan bir sabah,

Bir aldanış,bir günah...
Niyə dağılmır  axı
Bu zalım dünya, ALLAH,
Şeytanla əlbirdisə?!

lll

Nə tez-tez deyirsən: “Ölürəm daha”,
Ağzından yel alsın , nə sözdü , ölmə!
Sənin ölünü də qıymazlar mənə,
Ölü diridən də əzizdi, ölmə!

Mənim başım çıxmaz küydən-kələkdən,
Ətrini alıram əsən küləkdən...
Adın xatirimdə güldən-çiçəkdən,
Göylərdə mələkdən təmizdi, ölmə!

Dilim dönməz deyəm, zalımsan, pissən,
Noolsun ki, indi əğyarla dostsan .
İlahi ülfəti min yol da pozsan,
İlahi sevgilər ölməzdi, ölmə!

Qoymamışam ölə bu ulu sevda,
Bu günə gətirib sağ çıxartmışam!
Daşıya bilmirdi Sizif  bir daşı!
Mən dağın üstünə dağ çıxartmışam!
Neynək,
itirdilər bu haqqı-sayı!
Qəlbim sınıq-sökük - haqdan dolayı...
Dərdini almışam, dünya,
havayı,
Köksündən bu qədər ah çıxartmışam...
Fələk,
nə vecinə mənim savaşım!
Dərdim oyuncaqdı,
qatılır başım...
Belə,
ömrü boyu,
yuyub göz yaşım,
gecəni səhərə ağ çıxartmışam...

lll

Daha bir quruca ada yazıram
Ürəyi isidən oda yazıram.
Ağaca yazıram, ota yazıram
Ta sənə yazmıram sevgi şeirini...

Baxma ki,bu həsrət belini bükdü,
Yox, bu ulu sevda əbədilikdi.
Sənli xatirələr çilik-çilikdi,
Ta sənə yazmıram sevgi şeirini...

Elə tarımdı ki, könlümün simi,
Kim dəysə, inləyər dərdi ud kimi.
Sən ki, heçə saydın bu saf sevgini,
Ta sənə yazmıram sevgi şeirini...

Sən birdə minini görmədin, neynək,
Bəs mindən birini sevdinmi gerçək.
“Ey insan !” deməkdi indi “sən !” demək,
Ta sənə yazmıram sevgi şeirini...

Gördün?

Ömrü boyu məni qandırıb,
ömrün nağılında dörd dolandırıb,
elə it hürdürüb, işıq yandırıb,
Divə ürcah etdi bu yollar məni...

Qatdılar başımı dərs oxumaqnan,
savab işlər görüb, günah yumaqnan.
Demədilər, bir gün bir haqsız “Yox!”nan,
zalımlar qayatək oyallar məni...

Atıb ovcundakı bu xəzəlləri,
mənim də gül açar görən əllərim?
Görən hayandasa görünər yerim?
Görən mən deyəntək duyallar məni?

Dartıb-daşısam da aranı dağa,
bir arzum salamat çıxmır sabaha!
Tanrım, niyə rahat buraxmır daha,
bu yiyəsi ölmüş xəyallar məni...

lll

Ayrılıq nə ağır yükmüş,
Unutmaq ondan böyükmüş...
Həyat elə əyib-bükmüş,
Sən özün qədər olmadın.

Uydum şirin nağıllara,
İnandım əhdə-ilqara.
Satdın məni intizara,
Bir sözün qədər olmadın .

Şirin sözlərlə süslənən,
Bir ömür boyu gözlənən,
Nağıllarında gizlənən
Bir arzun qədər olmadın.

Bəs sözün söz olacaqdı,
Yeni dünya quracaqdı..
Ömrün oyun-oyuncaqdı,
Öz düzün qədər olmadın....

lll

Döyəcləmə yanağımı,
bir az qəlbimə yağ, yağış.
Gözlərim çox sınayıbdı -
barsızdı bu yanaq, yağış.
Dünya dağıymış çəkənə!
Gurulda,
bəlkə, səksənə.
Sına, əriyə,
tükənə,
sinəmdəki bu dağ, yağış.
Bu baş niyə sevdalandı -
ömür çapıldı, talandı?
Bəlkə elə ağ yalandı
gözümüzdəki ağ, yağış..?!

lll

Mənimtək şəklini hər yerdə görsən,
Deyərsən: “Can, canım, nələr çəkirsən?”
Səni sevənlərçün bircəsən, birsən,
Səni birliyinə bağışlayıram...

Axı mən biləni sən də bilirsən,
Mənə aydın-açıq, çoxuna sirsən.
Uşaqtək cığalsan,uşaqtək kürsən,
Səni kürlüyünə bağışlayıram.

Pirlər əsl pirdi sənintək əzəl,
Ona sonra gəlir tamahdan xələl.
Səni sannam yenə tərtəmiz, gözəl,
Səni pirliyinə bağışlayıram.

Tikansız əzilir hər zərif çiçək,
Sevgilər qorunsun xəzinələrtək.
Ərlər deyən olsun mən bilən gərək,
Səni ərliyinə bağışlayıram ...

lll

Ürəyim sızlayır səsindən ötrü,
sözünün acısı eynimə gəlməz.
Səsin də dünyanın keyfinə gedir -
bircə yol hərlənib bu qəmə gəlməz.

Hər sabah çarmıxa çəkilər ahım,
“Ən-əl-sən” demişəm, bumu günahım?!
Adına bir ölkə qurmuşam, şahım!
Bəs nədən...
insafın ölkəmə gəlməz?!

Yıxıb inancları, danıb dinləri,
sevginin canına saldın cinləri.
Ruhumun o xilas göyərçinləri
nə çağrışa baxmaz, nə dənə gəlməz.

Adına doğulub sevgim,
hər nəsə...
Ürək sına-sına, qəlb əsə-əsə...
Bu dəfə sevdiyi rəhmə gəlməsə,
bu can bu cahana...
eh, yenə gəlməz.

lll

Tale qoymadı görəsən
İçimdəki o şən qızı.
Sən görəndə bəxt döymüşdü
O gülüşü gülşən qızı.

Qorxdun gözündəki yaşdan,
Oxumadın onu başdan.
Sən görəndə ehtiyacnan,
Savaşan, döyüşən qızı.

Vurdumu ALLAH sərindən,
Sındımı incə yerindən,
Kim saldı ki nəzərindən,
O gözündən düşən qızı?!!

Qəlbini ALLAHla düz tut,
Nə xeyri, unutma, unut
O gözləri qara bulud,
O ürəyi şişən qızı...

Xatirə də baxdı, keçdi,
Ömür keçib, gördü, gecdi,
Bir ağlağan ömür seçdi
O sevincək, o şən qızı
O gülüşü gülşən qızı.

Əğyar sözüylə yarının
Gözlərindən düşən qızı,
Göz yaşı içinə axıb
O ürəyi şişən qızı,
O bağrı bişən qızı...
Oxumadın onda başdan
Bəxtiylə döyüşən qızı...

Xatirə RƏHİMBƏYLİ

 





19.12.2015    çap et  çap et