525.Az

Yazıçı, oxucu və kitabsevərlərlə maraqlı bir gün


 

Yazıçı, oxucu və kitabsevərlərlə maraqlı bir gün<b style="color:red"></b>

Ədəbiyyat məclisləri tez-tezmi olur? Məncə, yox. Kitab müzakirələri toplumun, bəlkə də, zamanın və dünyanın da əhvalına heç uyuşmur. Asudə vaxtlarımız dolub-daşır, bəlkə bekarçılıq heç bir addım da o yana durmur, ancaq bütün bunlara müqabil yenə də nəyisə çatdıra, heç cür dolmayan boşluğun azuqəsini təyin edə bilmirik.

Belə vaxtlarımızda kitablar hardasa imdadımıza çatır. Əgər xəbərdarıqsa, dadını, ləzzətini biliriksə, həyatın axınını dəyişməyə ehtiyac duyduğumuz bir zamanda kağızın, xəyalın və illüziyanın yaratdığı, dünyanın naməlum möcüzəsinə üz tuturuq.

Dünən elə bu səbəbdən “Kibrit” kitab klubuna yığışmışdıq.Yazıçı Pərvin, bir qrup ədəbiyyat dostu, ələlxüsus da gənclər bir araya gəlib kitabdan, ədəbiyyatdan söhbət açdıq. Çayla davam etdirdiyimiz müzakirədə əsasən Pərvinin “Qadın olmaq” kitabından bəhs etdik. Ancaq ədəbiyyat heç də digər söhbətlərə bənzəmir. Mövzu odursa, sevgidən, ailə-məişətdən tutmuş, dünyanın ən maraqlı və ən vecsiz söhbətinə qədər gedə bilərik. Çünki ədəbiyyatın cövhəri elə həyatın özüdür.

Açığı, mövzumuzun böyük hissəsi qadınlar, sevgi, eşq münasibətləri üzərində quruldu. Kitabda sözügedən ilişkilərə kifayət qədər nümunə var. Buna görə də Şahzadə Qreysin, Jorj Sandın, Aysedoranın adları, taleləri söhbət-söhbət dolanıb durdu. Gəncləri, əlbəttə, daha çox eşq maraqlandırır. Ancaq onu deyim ki, kitabın mövzusu da buna imkan yaradır.

Mənə Pərvinin Çexov haqda fikirləri xüsusilə maraqlı gəldi. Çexovun əsərlərində adi, gündəlik hadisələri nəql etməsi və bu sıradan, gündəlik dialoqlar  arasına qəflətən ciddi, fəlsəfi məzmunlu düşüncəni yerləşdirməsi doyumsuz bir məqamdır. Yazıçının bu barədə təəssüratları ilgincdir. Bununla yanaşı, oxucuların verdiyi suallar əsasında “Qadın olmaq” kitabındakı “Arxadakı qadın” yazısı ətrafında bir xeyli danışdıq. Fellininin həyat yoldaşı Culyetta! Bu məşhur italyan rejissoru Culyettanın dəlisidir və həyatı onun davranışlarından, yaşamından bir növ asılıdır. “Satirikon” filminin çəkilişi zamanı Culyetta ilə Fellini dalaşır və rejissor əsəbləşdiyindən film çəkməkdən az qala imtina edəcəkmiş. Ancaq bu məqamda Culyetta onun imdadına çatır. O da əsəbi və küskündür. Lakin Fellini üçün çəkiliş yerinə gəlir. Çantasını bir yana qoyub, yarımçıq qalmış şərfini çıxarır və toxumağa başlayır. Yəni, deyir: “Mən sənin yanındayam, ancaq küsmüşəm səndən”. Fellini məhz bundan sonra filmi uğurla tamamlaya bilir. Bu yerdə Pərvin xanım Nazım Hikmətin “Küsmək nədir, bilirmisin” şeirindən misralar oxuyur və hamımız təsirlənirik.

Müzakirə arası və axıra yaxın bir neçə qonağımız da oldu. Onlar, sadəcə, klubun müştəriləri idi və bizə qoşulmaqdan da məmnun qaldılar. Hərdən mövzuların atmosferi tamam dəyişdi, gənclərlə ortayaşlı nəsil arasında polemikalar  da yarandı. Tələbələrdən - onların özünüifadə bacarıqlarının zəifliyindən gileylənən orta nəsillə, onları ancaq tənqid etməkdə, yol göstərməməkdə günahlandıran gənclər arasında güclü polemika oldu. Bunu da xatırladım ki, yazarımız həm də Pedaqoji Universitetin müəllimidir. İş və yazı prosesindən danışan oxucular müəllim-tələbə münasibətlərinə, sosial problemlərə, mütaliə vərdişlərinin azlığına qədər çoxşaxəli, geniş müzakirə mövzusu açdılar.

Mənim özüm üçün çox maraqlı məqamlar Pərvinin bəzi suallara cavablarıyla bağlı idi. Məsələn, bu kitabda yer alan yazıların qəhrəmanlarının oxşar taleləri haqda, əsərlərini necə, hansı şəraitdə yazmasıyla bağlı açıqlamaları, sevgisindən ötrü çox şeydən imtina edən qadın xarakterlərini yozması, haqqında yazdığı qadınların onun öz xarakterinə təsiri, Dieqo Rivyeraya qəzəbi, Kamillaya pərəstişi və sair məqamlarla bağlı cavablarını dinlədikcə bəzən, yaxşı mənada, təəccübləndim, gah heyrətləndim, gah da sevindim. Yəqin ki, o gün “Kibrit”də olanların, müzakirəyə qatılanların hər biri ayrı-ayrılıqda buna bənzər hisslər yaşadı.

Müşfiq ŞÜKÜRLÜ

 





19.12.2015    çap et  çap et