525.Az

Ağdaşda Fikrət Qocanın 80 yaşı qeyd edilib


 

Ağdaşda Fikrət Qocanın 80 yaşı qeyd edilib<b style="color:red"></b>

Ağdaş rayonunda Xalq şairi, görkəmli ictimai-siyasi xadim Fikrət Qocanın 80 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Ağdaş rayon Mədəniyyət və Turizm Şöbəsinin, rayon Mərkəzi Kitabxana Sisteminin, uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilən “Fikrət Qoca-80” adlı ədəbi-bədii gecədə rayon ziyalıları, şairlər, gənclər, təhsil işçiləri, məktəblilər iştirak edib.

Mərkəzi Kitabxana Sisteminin direktoru Seyfəddin Feyzullayev öz yaradıcılığı ilə milyonlarla oxucunun rəğbətini qazanan Fikrət Qocanın həyat və yaradıcılığı barədə danışıb.

Bildirilib ki, Fikrət Qoca yaradıcılığında milli ədəbi-bədii ənənələrdən bəhrələnərək çağdaş problemləri, qayğıları, müasir dövrü, zamanın bədii lirikasını canlandırıb. Şair, həmçinin tarixə, keçmişə, milli-mənəvi dəyərlərə, qan yaddaşının oxunmamış səhifələrinə nəzər yetirib, vətənpərvərlik və milli ruhda şeirlər, hekayələr qələmə alıb.

Seyfəddin Feyzullayev bildirib ki, Fikrət Qoca poeziyasının əsas qayəsi vətənpərvərlik, yurdsevərlikdir. Onun şeirlərində Vətənə, insana, cəmiyyətə, təbiətə, sonsuz sevgi və məhəbbət tərənnüm olunur.

Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Tahir Əliyev çıxış edərək Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocanın təkcə doğulduğu Ağdaşın deyil, bütün Azərbaycanın fəxri olduğunu vurğulayaraq, onun yaradıcılığının dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Sonda şairin şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.

 





19.12.2015    çap et  çap et