525.Az

Türkiyə Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq


 

Türkiyə Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq<b style="color:red"></b>

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Tomanla görüşüb.

Görüşdə Türkiyə Milli Kitabxanasında Azərbaycan guşəsinin yaradılması və Azərbaycan Milli Kitabxanasının elektron resurslarının virtual oxu zalının açılması məsələləri müzakirə olunub, 2016-cı ilin birinci yarısında təntənəli açılış mərasiminin təşkili planlaşdırılıb.

Guşədə Azərbaycan həqiqətlərini özündə əks etdirən Azərbaycan tarixi, mədəniyyəti, etnoqrafiyası, ədəbiyyatı, incəsənəti və digər mövzularda kitablar nümayiş olunacaq.

Guşədə fəaliyyət göstərəcək virtual oxu zalında bir neçə kompüter vasitəsilə Azərbaycan Milli Kitabxanasının lokal şəbəkəsində yerləşdirilən, internetə çıxışı olmayan kitablar türkiyəli oxucuların, Türkiyədə yaşayan həmyerlilərimizin, eləcə də tədqiqatçıların ixtiyarına veriləcək.
 
Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, dissertasiyalar, notlar, XIX əsrin sonu XX əsrin əvvəllərini əhatə edən qəzet və jurnalların tam komplekti xüsusi hazırlanmış proqram vasitəsilə oxuculara çatdırılacaq.
 
Xüsusi hazırlanmış proqram elektron resursların surətinin çıxarılmasına və üzünün köçürülməsinə qadağa qoymaq şərtilə, yalnız istifadəyə imkan verəcək.

 





19.12.2015    çap et  çap et