525.Az

“Rusiya-Türkiyə münasibətlərinin pozulması türk dünyasına təsir göstərir”


 

SALİH YILMAZ: “TÜRKİYƏ-RUSİYA MÜNASİBƏTLƏRİ POZULSA, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ SÜLH YOLU İLƏ HƏLL EDİLƏ BİLMƏZ”

“Rusiya-Türkiyə münasibətlərinin pozulması türk dünyasına təsir göstərir”<b style="color:red"></b>

Ötən ay Rusiya ilə Türkiyə münasibətlərində təyyarənin vurulması ilə başlayan gərginlik hələ də davam edir. Rəsmi səviyyədə verilən açıqlamalar isə gərginliyin daha də dərinləşməsini göstərir.
İki ölkənin münasibətlərindəki mövcud durum, bunun bölgəyə, eləcə də Azərbaycan təsiri ilə bağlı Ankaranın İldırım Bəyazit Universitetinin professoru Salih Yılmaz “525”ə müsahibəsi zamanı danışıb. 

- Salih bəy, bu gün dünyanın siyasi gündəmində olan Rusiya-Türkiyə böhranı ilə bağlı ümumi mənzərəni necə dəyərləndirirsiniz?  Bu böhran fonunda Azərbaycan necə görünür? 

- Rusiya-Türkiyə münasibətlərinin pozulması bütün türk dünyasına, xüsusilə də, Azərbaycana daha çox təsir göstərir. Əgər bu iki dövlətin münasibətlərində bir problem yaranmasa, Azərbaycan üçün də vəziyyət yaxşı olar. Əks halda, bu ölkə seçim etmək məcburiyyətində qalacaq. Rusiya tərəfində olsa, Türkiyəni küsdürmüş olacaq. Əksinə, Türkiyə tərəfində olarsa, indiki durumda bu da yaxşı nəticə verməz.

Bilirsiniz ki, Ermənistanda çoxlu rus əsgəri var. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinə oradan da bir təhdid var. Əgər Türkiyə-Rusiya münasibətləri pozulsa, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilə bilməz və ən pisi də münaqişənin sülh yolu ilə nizamlanmasının mümkünlüyü tükənəcək.

Məsələnin bir başqa tərəfi də odur ki, bu hadisələrin fonunda Azərbaycan iqtisadi baxımdan üstünlüklər əldə edə bilər. Məsələn, sahib olduğu neft və təbii qazı dünyaya Türkiyə vasitəsilə satmaq imkanı var. Bildiyiniz kimi, məlum böhranlı durumdan sonra Gürcüstandan Rusiyaya gedən quru yolu qapandı və indi yalnız Azərbaycan yollarından istifadə olunur. 

Əgər Azərbaycan Orta Asiyaya gedən quru yollar salarsa, vergilər də azaldılsa, yol təhlükəsizliyinə də təminat yaradarsa, çox böyük üstünlüklər əldə edəcək. İldə Türkiyəyə 6 min tır keçdiyini düşünün. Bu Azərbaycan üçün böyük iqtisadi gəlir imkanı olacaq. Eyni zamanda keçmiş İpək Yolunu da əlində saxlamış olur.

- Bu arada məlum hadisələrlə bağlı müxtəlif fikirlər də səsləndirilməkdədir. Məsələn, bəziləri soyuq müharibə başlayır, bəziləri də əksinə, artıq bunun bitdiyini dilə gətirirlər...

- Biz buna “İlıq savaş”  deyirik. Bu ilıq müharibənin soyuq müharibə olması üçün Suriyada, Dağlıq Qarabağda hansı hadisələrin baş verəcəyini bilmirik. Hətta bu hadisələrdən asılı olaraq 50 illik bir soyuq savaşın da əsası qoyula bilər. Hələ ki, ölkələr bir-birilərinə Avrasiya coğrafiyasında bir strateji həmlələr edirlər. Bizdə belə bir deyim var; Avrasiyaya nəzarət edən bütün dünyaya hökmranlıq edər. Günümüzdə bu daha da dəyərli hala gəldi. Çünki Avrasiya coğrafiyası dünyada  mövcud olan  neft və təbii qaz başda olmaqla enerji qaynaqlarına sahibdir. Bölgədə də müharibələrin səbəbi budur.  Amma bütün bunlara rəğmən ümid edək ki, hər iki dövlət arasında barış olacaq. 

- Türkiyə Rusiya münasibətlərindəki gərginlik təkcə siyasi, iqtisadi deyil, bütün sahələri, o cümlədən, mədəniyyəti, təhsili də əhatə edir.  Sizcə, belə yanaşma nə dərəcədə doğrudur?

- Bu gərginliyi, siyasi məsələləri xalqlararası səviyyəyə endirmək lazım deyil. Əgər ora qədər ensək, geri dönüş çətin olacaq. Rusiya bu siyasi hadisəyə  tələbələrə, iş adamlarına qədər təbəqələri cəlb edir, türkdilli xalqların beynəlxalq mədəniyyət təşkilatı olan TÜRKSOY-la əlaqənin kəsilməsi məsələsini qaldırır. Belə davam edərsə, Rusiya bundan çox zərər görər və geriyə dönüş olmayan yola aparar. Mədəniyyət və təhsil insanları bir-birinə bağlayan məqamlardır.

Rusiyanın  bu sahədə belə neqativ davranışı onu dünyaya neqativ ölkə kimi tanıdır, həm də türk toplumu ilə aralarında geriləməni artırır. Rusiya ilə Türkiyənin arasındakı münasibətlər məhdud deyil. Türk dünyası Orta Asiya respublikaları, Azərbaycan, Gürcüstanı da maraqlandırır. Çünki bunların Türkiyə ilə bir qohumluq bağları var. Eyni zamanda Rusiya ilə tarixi bağları olan bir tarixi keçmişləri mövcuddur. Rusiyanın bu ölkələri seçim durumuna buraxması lazım deyil. Əks halda bu, bütün Avrasiya coğrafiyasına bir rahatsızlıq gətirər və eyni zamanda pis təsir göstərər. Məsələn, TÜRKSOY-un Avrasiya mədəniyyətini bir araya gətirib inkişaf etdirmək baxımından böyük əhəmiyyəti var və dostluq münasibətləri qurmağa çalışırlar. Orda Rusiyaya bağlı türk respublikalarının təmsilçiləri fəaliyyət göstərir. Siyasi bir məsələni mədəniyyətə qədər endirsəniz, burda hətta haqlı da olsanız, haqsız duruma düşərsiz. Eyni zamanda bu vəziyyət toplumlar arasında nifrəti də artırmış olar. Mən bu məsələnin gələcəkdə həllinə inanıram. Amma buna qədər 10 və ya 20 ildə qurulmuş olan düzənin iki gündə yox edilməsi məntiqli deyil.

PƏRVANƏ

 





19.12.2015    çap et  çap et