525.Az

Ali Neft Məktəbində semestr imtahanlarını britaniyalı müəllimlər keçirir


 

Ali Neft Məktəbində semestr imtahanlarını britaniyalı müəllimlər keçirir <b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisaslarında bakalavriat təhsili alan tələbələri Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə, imtahanlar sözügedən universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alınaraq eyni saatda keçirilir.

BANM-dan 525.az-a verilən məlumata görə, bu, elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə həyata keçirilir.

Bakı Ali Neft Məktəbinə Heriot-Vatt Universitetindən ezam edilmiş heyət  -  Heriot-Vatt Universitetinin Mühəndislik və təbiət elmləri fakültəsinin (MTE) tədris və təlim üzrə direktoru Mak  Klaf Kevin, Kimya mühəndisliyi üzrə tədris qrupunun rəhbəri Culian Qudvin, fakultənin təlim və tədris üzrə meneceri Patrisiya Dankan, fakültənin mühəndislik proqramının direktor köməkçisi Aleksandr Bel, fakültənin professoru Qreym Vayt Böyük Britaniyada tərtib olunmuş imtahan sualları əsasında BANM-də imtahanları təşkil edir, onların gedişinə nəzarət edirlər.

Məlumat üçün qeyd edək ki, BANM Azərbaycanda yeganə ali təhsil müəssisəsidir ki, burada biliyin qiymətləndirilməsi xarici ölkə universiteti tərəfindən həyata keçirilir.
 
BANM-nin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisaslarının 2-ci, 3-cü və 4-cü kurs tələbələri sessiya ərzində “Emal sənayeləri”, “Emal mühəndisliyi”, “Kimyəvi reaktivlik”, “Mühəndislər və alimlər üçün riyaziyyat 1 və 3”, “Mühəndisliyin əsasları”, “Mexanika mühəndisliyi elmi 3”, “Qazıma mühəndisliyi” və digər fənlərdən yazılı imtahan verirlər.

Əlavə edək ki, tələbələrin yazılı cavabları imtahandan sonra sürətli poçt xidməti vasitəsilə qiymətləndirmə üçün Edinburqa, Heriot-Vatt Universitetinə göndərilir. İmtahan prosesinin bu şəkildə təşkil edilməsi nəticələrin şəffaf və obyektiv qiymətləndirilməsinə tam təminat yaradır.

Cavid QƏDİR

 





21.12.2015    çap et  çap et