525.Az

Bir üşüyən xatirə


 

Bir üşüyən xatirə<b style="color:red"></b>

“Gələn birdir, gedən birdir, qalan bir,
Gələn qalmaz, gedən gəlməz, əcəb sirr.
Bir əvvəl var, bir axır var deyirlər,
Bu bir sözdür, nə əvvəl var, nə axir”.  
Şükuhi

Dünyaya gəlmək getmək üçündür - bu fani dünya gec-tez hamını bircə-bircə öz ovuna çevirir. Amma heç kəs öz ölümünə inanmır, yaşamaq yanğısı o qədər güclüdür ki, son nəfəsdə də yenidən əzabını çəkdiyi, qəhrini udduğu, sevincini də, qəmini də gördüyü dünyadan getmək istəmir. İnsanın bu fani dünyada ömrünü bir Yola bənzətmək olar. O yolun əvvəli var, bir də sonu. Amma o yol bitmir, ünlü şairimiz Əli Kərim demişkən: “ Səfərdədir o adam... Hətta məzardadırsa, Xatirəsi dostlara Bir təpə aşmaq üçün  Qüvvə verirsə əgər, O yenə səfərdədir. Mənzilə çox var hələ... Səfərdədir, yol gedir...”  Azərbaycan poeziyasının bir xanım-xatın şairəsi-Nurəngiz Gün də belə əbədi səfərə çıxan Allah bəndələrindən biridir.

Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı...
Yol gedirəm, yorulanadək.

Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir...varım-yoxum,
Yol gedirəm, saplağımdan qırılanadək.

Saçlarımda rüzgarım,
Ruhumda ana laylası,
Başımda məğlub eşqim,
Yol gedirəm, sinəm qaralanadək.

Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.

Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Caləm və titrəyişim...
Yol gedirəm, yol olanadək.

Nurəngiz Gün Azərbaycan poeziyasının Məhsəti Gəncəvidən başlayan qadın şairlər pleyadasına yüksələn zəriflərdən biri idi. Başdan-ayağa hisslərdən, duyğulardan yoğrulmuş bu poeziya Azərbaycan qadınının son əlli ildə yaşantılarını ən gözəl şeirlərlə isbata yetirdi. Bu poeziya çoxçalarlı, rəngarəng, qövsi-qüzehi xatırladan duyğu çalarlarından hörülmüşdü. Qadın dünyası bu böyük dünyanın içində ayrı bir dünyadır- onun qəmində  üsyan var, sevincində də dünyaya sığmayan dənizlər, nəhrlər çağlayır. Nurəngiz Gün İlahinin ona pay verdiyi bir ömür müddətində bir qadın qəlbinin odunu, hisslər, duyğular gülzarını onu sevən oxuculardan əsirgəmədi.

Nurəngiz Gün ədəbiyyata nəsrlə gəldi. “Ulduz” jurnalının 1981-ci il saylarının birində “Tanı” povesti dərc edildi. Bu, oxucular üçün gözlənilməz bir sürpriz oldu. Minlərlə azərbaycanlı Nurəngiz xanımı yalnız televiziya ekranında seyr etmiş, onun son dərəcə məlahətli, ürəyə işləyən səsinin cazibəsinə düşmüşdülər.

Azərbaycan dilinin saflığını, incəliyini səsinin məlahətinə qatan Nurəngiz xanım ekrana poeziya nəfəsi gətirən ilk diktorlardan biri idi. Sonralar onun şeir məclislərində  Azərbaycan şairlərinin şeirlərini necə şövqlə səsləndirdiyinin də şahidi olduq. Şeiri hamı söyləyə bilər, amma o şeiri öz duyğularına hopdurmadan, səsindəki cilvəyə qatmadan sevdirə bilməzsən. “Ulduz” jurnalında çap etdirdiyi povestində də Nurəngiz xanımın poeziyadan necə qaynaqlandığı göz qabağında idi. Bir nəsr əsəri kimi bu povest duyğusal bir qadının həyatından söz açırdı, o qadın ata yurduna qayıdır və burada keçirdiyi ən xoş günlərinin xatirəsi ilə yaşayır. Povestin qayəsi çox sadə bir süjetdə ifadə olunmuşdu. İnsan yaşa dolduqca keçmişi onun üçün əziz bir xatirəyə çevrilir. Dəyişən dünya o keçmişi bir daha qaytara bilməz. Necə ki, ilk sevgini təzədən yaşamaq mümkün deyil. “Yelləncək yellənirdi. Göylərin o qalın meşə cəngəlliyindən vələslər, palıdlar, söyüdlər, cökələr, şamlar, qayınlar arasından ucalan bir çinar da pıçıldayırdı: “Mən də sevmişəm, mən də sevirəm və həmişə sevəcəyəm. Eheyy! Yadındamı o sevgili günlər? Bir çinarın da vardı sənin, öz çinarın. Dururmu ola? Yenə eşidirsənmi onun şeirli, nəğməli səsini?”. Povest beləcə şeirli sətirlərlə doludur .

Nurəngiz Gün sonrakı nəsr əsərlərində də (“Qırmızı gecə”, “Ən hündür çiçək təpəsi və qar quyu”) o poetik ritmi itirmədi. Deməli, onun poeziyaya gəlişi labüd idi, qaçılmaz idi. Və az sonra Nurəngiz Günün şeirləri mətbuat səhifələrinə və oxucuların ürəyinə yol tapdı.

Nurəngiz Günün şeirləri bir kimsənin şeirlərinə bənzəmir və onun bir şair kimi birinci məziyyəti də elə bundadır. Görkəmli tənqidçi Vaqif Yusifli Nurəngiz Günün yaradıcılığına həsr etdiyi bir məqaləsində şairənin fərqli poetik dünyasını incələyir. Yazır ki, Nurəngiz Günün şeirlərində XX əsr qadınının ürək dünyası əks olunur. Onun sərbəst şeirləri ritmə, melodiyaya uyarlığı ilə seçilir, sərbəst şeirdə müxtəlif səs çalarlarına, alliterasiyalara, həm də maraqlı təşbih və metaforalara müraciət edən Nurəngiz xanım şeirdə yeni bir ab-hava yaratdı.Şeirdə müəyyən bir detala istinad edib görümlü obraz yaratmaq səyi çox zaman uğurla nəticələnirdi.

Onun şeirlərində  Tanrı, Günəş, Dəniz, Nilufər, Çiçək, Qürbət obrazlarına tez-tez rast gəlirik. Şairə Günəşlə öz könlü arasında maraqlı assosiasiyalar yaratmağa səy edir, həmişə Günəşə Tanrı qədər sitayiş edirdi:

Günəş!.. Mənə soyuqdur
Axı mən qütbə gedən tək gəminin
məzlum mənzərəsinə dözümsüz
oluram.
Axı üşüyürəm mən hərdən
azad qanad yoluna atəş açan
zalım ovçu əlindən.
Günəşim! Tez-tez röyalarımdasan!
Bir dəfə də xəyalımda
səninlə öpüşəndə,
qucaqlaşıb demişdim:
Məhvəşim! Atəşim! Sahib dur!
Məşum toxunur hər şey.
Çək məni, apar məni.
Apar, apar!...
Yerdə mənə yaman soyuqdur, Günəş!

Nurəngiz Gün mütaliəli, geniş erudisiyalı bir ziyalı idi. Həm məqalələrində, həm də şeirlərində onun dünya ədəbiyyatına bələdliyi hiss olunur. Ona görə də onun şeirlərində modern poeziyaya məxsus elementlər nəzərə çarpacaq dərəcədə gözə dəyir.Məsələn, “Xocalı simfoniyası” və “Salamat qal, Ağca yol” poemaları müasir modern şeirin ab-havasını əks etdirir.

O, şeirimizdə Ana obrazlarının bir silsilə yeni variantlarını yaratdı. Bu poemalarda, eləcə də bir sıra şeirlərində bir cəhət xüsusilə diqqəti cəlb edir: O Ana obrazlarının hamısında Nurəngiz Günün öz obrazını görürük. “Xocalı simfoniyası” müasir şeirimizdə Ana fəryadının dünyanın üzünə oxunan bir ittihamını əks etdirir: O faciədə həlak olan uşaqların fəryadı ana fəryadına qarışır:

Ah! Doğulur cocuqlar,
Yorulur torpağın altında
Cocuqlar!
Əlləri, qolları yorulur...
Heç bir şey anlamır Cocuqlar!
Cocuqlar top-top oynamaq istəyir,
torpağın altında.
O! Məryəm!...
Ancaq ki, ana məməsi istəyir
körpələr torpağın altında!
Heç bir şey anlamır İnqalar!..
İnqalar ana döşü əvəzinə,
İndicə torpağı əməcəklər!

Nurəngiz Günün şeirlərində ictimai motivlərlə şəxsi, intim duyğular bir-birinə qovuşurdu və Vətən də, türk dünyası da, başımıza gələn faciələr də, tariximizin şanlı və qanlı səhifələri də onun sanki bu dünyada hamıdan tənha qalan, amma hamıya məhrəm olan ürəyindən gəlib keçirdi.

Ümumiyyətlə, Nurəngiz Günün poeziyasında tədqiq olunmalı motivlər çoxdur və özü də onun özünəməxsus şeir üslubu, poetik özəllikləri tədqiqatçılarımızı düşündürməlidir.

Onun bu dünya ilə vidalaşdığı günü xatırlayıram. Gün o GÜNÜ bizdən ayırdı.

Amma o, xoşbəxt idi. Bəlkə son nəfəsində ağrılı-acılı, sevincli-kədərli günlərini, həyat kitabını gözləri qarşısında canlandırırdı. Həmişə mübariz, döyüşkən, kimsənin qarşısında məğrur başını əyməyən, təpədən-dırnağa xeyirxahlıq mücəssiməsi olan mələk xislətli bir qadın dünyaya-bu fani dünyaya gözlərini yumdu.

Jaləsini, Müjganını - onların sevimli çöhrələrini bir daha görməyəcəkdi. Amma onlar Nurəngiz Günün həyatını davam etdirəcəklər. Təbii ki, dünyaya ikinci Nurəngiz Gün bir daha gəlməyəcək, amma onun zərifliyini, gözəlliyini, Azərbaycan qadını obrazını yaşadacaqlar.

Xədicə İSGƏNDƏRLİ 
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 





21.12.2015    çap et  çap et