525.Az

Böyük əməliyyat qarşısında (I-ci yazı)


 

Kəşfiyyatçının xatirələri

Böyük əməliyyat qarşısında<b style="color:red"> (I-ci yazı)</b>

Tapşırığı yerinə yetirə bilməyən kəşfiyyatçının yeganə bəraəti ölümdür.
Kəşfiyyatın yazılmamış qanunlarından 

1993-cü il dekabrın 16-da Ali Baş Komandanın bizim briqadaya gəlişi 40 günlük hazırlıq mərhələsinin kulminasiya nöqtəsi oldu. 29 gün idi ki, Füzulidən Şəmkirdəki Seyfəli poliqonuna gəlmişdik. Mənəvi və fiziki cəhətdən zəifləmiş, amma özləriylə ağır döyüşlərin təcrübəsini daşıyan bu bölüklərin cəbhə xəttindən çıxarılıb bura gəlməsi, burada komplektləşdirilib hazırlanması mürəkkəb bir proses idi və bunu bir-iki kəlmə ilə ifadə etmək çətindir.

AKSU markalı avtomat, əşya çantası və xəritədən başqa heç bir şeyi olmayan briqada əlahiddə kəşfiyyat bölüyünün şəxsi heyətsiz və texnikasız komandiri kimi yük maşınlarından birinə minib Seyfəliyə çatanda artıq gecə idi. Bizim üçün hazırlanmış toy mağarına bənzəyən çadırda döşənmiş  samanın üstündə yatıb səhər ətrafı gözdən keçirməyə başladıq.Bu ərazi Qarabağ müharibəsində təlim keçmək üçün çox əlverişli yer idi.

Həmin gün briqada komandirinin yanına çağırıldım. O, şəxsi heyətin önündə mənə könüllü kimi kəşfiyyat bölüyündə xidmət göstərməyi təklif elədi. Artıq bir neçə dəqiqədən sonra mənim 20 nəfər kəşfiyyatçım var idi və onların çoxu sonadək mənimlə bir çox əməliyyatlarda iştirak etmişdilər.

Dünyanın hər yerində kəşfiyyatçı könüllülər arasından seçilir. Seçim bir çox amillərə əsaslansa da, dəyişməz prinsip bu seçimin ancaq və ancaq könüllülər arasında aparılmasıdır. Kəşfiyyatın qarşısında duran tələblər, onun yazılmış və yazılmamış qanunları fiziki, mənəvi və psixoloji keyfiyyətləriylə döyüşçülərin hökmən könüllü olaraq bu davaya qatılmasını təmin edir.

Gələcək əməliyyatların uğurla həyata keçirilməsində kəşfiyyat-diversiya və desant-özəl hərəkət qruplarının rolunu bir hərbçi kimi yüksək qiymətləndirən polkovnik-leytenant Ramaldanovun əmrinə əsasən, mən kəşfiyyat bölüyünə istədiyim birlikdən istədiyim adamı götürə bilərəm. Bünün üçün mənim tək bir raport yazmağım kifayət idi. Hazırlıq dövrü təlim proqramının tərkibi və icrasında heç kim mənə mane olmurdu. Mülki və hərbi təcrübəmi nəzərə alıb bölüyün fiziki hazırlığını tamamən mənə tapşırmışdılar. Taktiki və özəl hazırlığın kəşfiyyat, motoatıcı və desantlama kimi özəlliklərini nəzərə alaraq Baş Qərargahın kəşfiyyat idarəsi öz mütəxəssislərini bizə təlim məqsədiylə göndərəndə belə, bütün proses qarşılıqlı anlaşma şəraitində aparılırdı.

Həmin vaxtlar müdafiə nazirinin müavini təyin edilmiş general Tacəddin Mehdiyev (O, hələ bizim ilk döyüşlərimizdə müdafiə naziri idi) tez-tez poliqona gəlir və hər dəfə də bizim təlim prosesinə baş çəkib müxtəlif səmərəli təkliflər verərdi.

Dekabrın 15-i axşam komandir məni qərargaha çağırdı və səhərki təlimlərdə Ali Baş Komandanın şəxsən iştirak edəcəyini xəbər verməklə bizim bölüyün təlim proqramıyla maraqlandı. Günün ikinci yarısında bizim özəl hazırlıq və əlbəyaxa döyüş dərslərimizin olacağını bildikdən sonra proqramı dəyişmədən təlim ərazisində işimizi davam etdirmək əmrini verdi.

Ali Baş Komandan saat 15 radələrində gəldi. Amma səhər açılandan poliqonun ərazisi qələbəlik idi. Biz təlim ərazisinin lap ucqar bir kənarında məşq edirdik və kiminsə bizimlə bir işi yox idi. Hər şey bizim üçün olduğu kimi qalırdı, yeganə dəyişiklik o idi ki, bizim bölüyün starşinası R.Abışov ehtiyatda saxladığı təzə kamuflyaj formaları şəxsi heyətə geyindirməklə bir bayram əhvalı yarada bilmişdi.

Ali Baş Komandan əvvəldən nəzərdə tutulduğu kimi, baxış qülləsinə qalxdı, oradan Elnur Məmmədovun komandirlik etdiyi birinci taburun real döyüş şəraitində hücum taktikası təliminə tamaşa etmək istədi. Bu zaman bir təsadüf planları pozdu. Qəflətən duman ətrafı bürüdü və təhlükəsizlik baxımından təlim dərhal dayandırıldı. Qüllədən aşağı enən Ali Baş Komandan hərəkətini davam etdirdi və məşğələ yerinin sonuna çatanda uzaqdan bizi gördü. Onun bizim məşğələmizə gəlməsi planlaşdırılmasa da, biz heç nə olmamış kimi qruplar şəklində əlbəyaxa döyüşün müxtəlif fəndlərini məşq edirdik. Ali Baş Komandan qorumalarıyla meydançaya daxil olanda yan tərəfdən general T.Mehdiyev çıxdı və buranın komandiri kimi mənə Ali Baş Komandan qarşısında raport verməli olduğumu yadıma saldı. Mən əlimdəki bıçağı qoymağa bir yer tapmayıb elə beləcə məruzə edib kənara çəkildim. O, bir az da irəli gəlib bir-bir digər qrupların da təlimini uzun müddət diqqətlə izlədi.

Axşam məni qərargaha çağırıb Ali Baş Komandanın bizdən razı qaldığını və bütün briqadanın hazırlığına bizim bölüyün səviyyəsindən baxaraq yüksək qiymət verdiyini dedilər. Ən əsası o idi ki, bizə yenidən alovlanan Qarabağ müharibəsində torpaqlarımızın azad edilməsi kimi şərəfli bir vəzifə tapşırılmışdı. Həmin vaxt əməliyyata hələ 19 gün qalırdı...

 





21.01.2013    çap et  çap et