525.Az

“Möcüzəli Ünsiyyət” Festivalı keçiriləcək


 

“Möcüzəli Ünsiyyət” Festivalı keçiriləcək<b style="color:red"></b>

Gələn il İsmayıllı rayonunda “Möcüzəli Ünsiyyət” Festivalı baş tutacaq.

Xüsusi devizi “Kitab ünsiyyət vasitəsidir” olan festival Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “İRƏLİ” İctimai Birliyinin təşkilatı dəstəyi ilə 2015-ci ilin Gənclər paytaxtı olan İsmayıllı rayonunda həyata keçiriləcək.

"Möcüzəli Ünsiyyət" festivalı insanların ən önəmli maddi-mənəvi nemətlərindən sayılan kitabların, bədii və elmi ədəbiyyatların dünyagörüşünün artırılmasına, özünüifadənin və ünsiyyətin inkişafına müsbət təsirlərini təbliğ etmək üçündür.

Festival “Kitaba çağırış”  görüşü ilə başlayacaq, görüş yekunlaşdıqdan sonra layihənin xüsusi devizi olan “Kitab ünsiyyət vasitəsidir” adı altında qurulacaq stendlərdə “Sürətli oxunuş”, “Müəllifdən məktub”, “Özünü ifadə et!”, “Kitabını özün seç” və “Möcüzəli Ünsiyyət” və s. viktorinaların keçirilməsi nəzərdə tutulub.

Sonda “Oxucu mədəniyyəti” adı altında keçiriləcək aksiya ilə festivala yekun vurulacaq.

Festivala hazırlıq zamanı “Kitab mədəniyyət beşiyi” və “Bəşər həyatında qalacaq miras” adlı sosial çarxların çəkilişi, eyni zamanda bir sıra yazıçılardan video müsahibələrin götürüləcək.
 
Gənclər layihənin gedişatı haqda mütəmadi məlumatı https://www.facebook.com/MiracleCommunication facebook səhifəsindən ala bilərlər.

Layihənin əsas məqsədi gəncləri mütaliəyə təşviq etmək, bədii və elmi ədəbiyyata maraqlarını artırmaqdır.

Festival zamanı gənclərə təqdim olunacaq kitabların sərlövhəsindən ibarət kataloqlar gənclərin ünsiyyət bələdçisinə çevriləcək.

Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi ilə yanaşı Kitabevim.az e-mağazası da layihənin tərəfdaşıdır.

Festivalın 2016-cı ilin yanvar ayında keçirilməsi nəzərdə tutulub.

Əlavə edək ki, “Möcüzəli Ünsiyyət” Festivalı layihəsinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalibi Rauf Əliyevdir.

Ceyhun ABASOV

 





22.12.2015    çap et  çap et