525.Az

"Üzən məzənnə siyasətinə keçid qeyri-neft məhsullarının rəqabətliliyini artıracaq"


 

"MƏRKƏZİ BANK EHTİYATLARI HESABINA İMKAN DAXİLİNDƏ MANATIN KƏSKİN UCUZLAŞMASINA İMKAN VERMƏYƏCƏK"

"Üzən məzənnə siyasətinə keçid qeyri-neft məhsullarının rəqabətliliyini artıracaq"<b style="color:red"></b>

Məlum olduğu kimi, Azərbaycan dekabrın 21-dən üzən məzənnə siyasətinə keçib.

Bununla bağlı dünən Azərbaycan Mərkəzi Bankının yaydığı bəyanatda bildirilir ki, qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, aparıcı mərkəzi bankların son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarıb. Bütün bu proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalıb. Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirilib, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunub. Lakin cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyyətli artırıb. Eyni zamanda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başlamışdır. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötüb. Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib.

Məlumatda bildirilir ki, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq,  tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə AMB-nin İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcəkdir. Eyni zamanda banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlılığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.

Azərbaycanda üzən məzənnəyə keçidi şərh edən iqtisadçılar mövcud vəziyyəti qiymətləndiriblər, eləcə də bir sıra təkliflər irəli sürüblər.

Milli Məclisin deputatı Rüfət Quliyev hesab edir ki, Azərbaycan Mərkəzi Bankının rəhbərliyi altında ölkənin bank sistemi əhalinin bütün kredit və depozit problemlərini həll etmək üçün vahid siyasət hazırlamalıdır.  Onun sözlərinə görə, ilk növbədə 1,3 milyard manata çatmış problemli kreditlərlə bağlı məsələni həll etmək lazımdır. Banklar əhaliyə bu kreditləri qaytarmağa imkan verməlidir, çünki bu, bankların özünə fayda verəcək. Ödəniş müddətini 2-3 dəfə artırmaq və faiz dərəcəsini azaltmaq lazımdır ki, əhali bu kreditləri qaytara bilsin. Başqa yol yoxdur.

R.Quliyev qeyd edib ki, Azərbaycan bu il (fevralın 21-də dolların rəsmi məzənnəsi 1,05 manat səviyyəsində təyin edilmişdi) artıq devalvasiya ilə üzləşib: "Oxşar proseslər Azərbaycanla qonşu ölkələrdə, o cümlədən, Rusiya, Qazaxıstan, Ukrayna və Belarusda baş verir". Deputat əlavə edib ki, neftin qiyməti artarsa, əks proses baş verə bilər, yəni manat 2005-ci ildə olduğu kimi möhkəmlənəcək: "Bundan başqa, biz yaxın illərdə iri qaz layihələrini işə salacağıq. Onlar bizim valyuta daxilolmalarımızı tamamlamağa imkan verəcək. Lakin 2-3 il gözləmək lazım deyil. İxracımızı artırmaq və şaxələndirmək üçün daxili istehsalı inkişaf etdirmək lazımdır".

İqtisadçı ekspert Vüqar Bayramov isə deyib ki, Azərbaycanın əsas ticarət partnyoru olan Rusiya, Türkiyə, İran, Qazaxıstan, Gürcüstan kimi ölkələrdə milli valyutaların məzənnəsinin kəskin azalması manata da təzyiqi artırırdı. V.Bayramov hesab edir ki, Azərbaycan Mərkəzi Bankının üzən məzənnə siyasətinə keçməsinin səbəblərindən biri də xarici ticarət tərəfdaşlarımızda məzənnələrin aşağı düşməsi və eyni zamanda üzən valyuta rejminin tətbiq edilməsi ilə bağlıdır: "Manatın məzənnəsi müəyyənləşdirilən zaman Azərbaycanın əsas ticarət tərəfdaşlarındakı məzənnə nəzərə alındığı üçün, ona uyğun olaraq manatın real məzənnəsi müəyyənləşdirildi. Yəni, qonşu ölkələrdə baş verən valyuta dəyişikliklərinə Azərbaycan manatının uyğunlaşdırılması həyata keçirildi".

Ekspert bildirib ki, üzən məzənnə siyasətinə keçid Azərbaycanın ixrac olunan qeyri-neft məhsullarının rəqabətlilik qabiliyyətini artıracaq:  "Sözsüz ki, üzən valyuta rejminin tətbiq edilməsi manatın yumşalması fonunda idxal olunan məhsulların qiymətini artırır, ancaq ixrac olunan məhsulların qiymətini azaldır. Çünki Azərbaycanda istehsal olunan və xarici ölkələrə göndərilən məhsulların dollar ifadəsində dəyəri azalır və bu da ixracın ucuzlaşmasına gətirib çıxarır. Bu baxımdan üzən məzənnə siyasətinə keçidin əsas məqsədlərindən biri də məhz milli valyutanın ucuzlaşması nəticəsində ixrac potensialının artmasına nail olmaqdır".

V.Bayramov əlavə edib ki, manatın məzənnəsinin aşağı düşməsi nəticəsində süni qiymət artımının qarşısını almaq üçün monitorinqlərin keçirilməsinə ehtiyac var: "Bəzi hallarda manatın məzənnəsinin aşağı düşməsi həcmində qiymət artımı baş verir. Əslində, bu doğru deyil. Çünki idxal olunan məhsulların tərkibində elə xərclər var ki, manatla ifadə olunur. Məsələn, kommunal xidmətlər, əmək haqqı və s. Ona görə, o xərcləri də nəzərə almaqla qiymət artımlarının müəyyənləşdirilməsinə ehtiyac var. Amma süni qiymət artımı olacaq, hətta yerli məhsul istehsal edənlər də süni şəkildə qiymətləri artırmağa çalışacaqlar. Ona görə monitorinqlərin gücləndirilməsinə ehtiyac var".

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi manatın üzən məzənnəyə keçməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, dünya bazarlarında neftin qiymətinin son il yarım ərzində üç dəfədən çox aşağı düşməsi və bu prosesin cari ilin oktyabr ayının əvvəlindən başlayaraq daha da sürətlə getməsi iqtisadiyyatı neftlə bağlı olan ölkələrdə milli valyutaların dəyərdən düşməsi prosesini də sürətləndirdi: "Cari il ərzində neftin qiymətlərinin bir barel üçün 50-60 dollar həddində dəyişməsi bu qiymətlərdə ciddi dəyişikliklərin baş verməyəcəyini vəd etsə də, sentyabr ayının son günlərində dünya siyasi müstəvisində baş verən münaqişələrin daha ciddi xarakter alması nəticə etibarilə situasiyanı tamamilə dəyişdi. Bir sözlə, bu proses Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra daha da sürətləndi və nəticə etibarilə son iki ay yarım ərzində neftin dünya bazarlarındakı qiymətləri 30 faizə qədər ucuzlaşdı".

Qeyd olunur ki, İranın neft ixracına qoyulmuş embarqonun aradan qaldırılması, OPEK-in son dövrlərdə neft hasilatının vəziyyətinə nəzarət etmək məqsədilə bu hasilatın azaldılmasına yönəlmiş toplantılarının nəticəsiz qalması, ABŞ-ın neftin ixracına qoyduğu qadağanı götürməsi və ABŞ Federal Rezerv Sisteminin dolların uçot dərəcəsini 0,25% artırması, bu sıradan olan əsas məsələlərdir: "İqtisadiyyatı neftlə bağlı olan qonşu Rusiya və Qazaxıstan artıq öz milli valyutalarını üzən məzənnəyə keçiriblər. Üzən məzənnəyə keçdikdən sonra rus rublu öz dəyərinin 125%-ni, Qazaxıstan təngəsi isə 85%-ni itirib. Mətbuat səhifələrində bu mövzudakı çıxışlarımızda dünya bazarında neftin bir barelinin qiymətinin 50-55 dollar civarında olduğu halda Azərbaycanda kəskin devalvasiyanın baş verməyəcəyinə dair fikirlər səsləndirmişdik. Lakin son günlər neftin qiymətinin 36 dollar səviyyəsinə qədər uçuzlaşması manatın taleyi ilə bağlı gözləntilərin müəyyən qədər dəyişməsinə gətirib çıxardı və biz yaranmış şəraitdə Azərbaycan manatının məzənnəsinin uzun müddət inzibati yolla eyni səviyyədə saxlanılmasını real hesab etmədik. Mövcud reallıqlara əsaslanaraq mətbuatdakı çıxışlarımızda Mərkəzi Bankın milli valyutamızı üzən məzənnəyə hazırlamalı olduğunu dedik, cəmiyyəti bütün situasiyalara hazır olmağa çağırdıq. Hesab etdik ki, zamanı çatanda Mərkəzi Bank üzən məzənnəyə keçidlə bağlı qərar verəcək. Vəziyyəti hamıdan daha yaxşı təhlil etmək imkanları olan Mərkəzi Bank və onun rəhbərliyi bu addımı atmağın vaxtının məhz bu gün çatdığını bəyan etdi. Bu zəruri bir addım idi və yaranmış vəziyyətdə onun alternativi yox idi".

Birlik hesab edir ki, yaranmış vəziyyətin vətəndaşlarımıza az ağrılı olması üçün hökumət və Mərkəzi Bank tərəfindən bir sıra addımların atılması zəruridir: "Hökumət gömrük və vergi sahəsində yumşaldıcı tədbirlərin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz addımlar atmalıdır. Mərkəzi Bank isə dollarla kredit öhdəliyi olan vətəndaşların vəziyyətinin yüngülləşdirilməsi məqsədilə banklara xüsusi tövsiyələr paketi hazırlayıb göndərməli və onların icrasını ciddi nəzarətdə saxlamalıdır".

PƏRVANƏ

 





22.12.2015    çap et  çap et