525.Az

"Bizdə psixoloqa dayə kimi baxırlar"


 

PSİXOLOQ NİSƏ ABDULLAYEVA: "PSİXİATORLARLA PSİXOLOQLAR ARASINDA SOYUQ MÜHARİBƏ GEDİR"

"Bizdə psixoloqa dayə kimi baxırlar" <b style="color:red"></b>

Nisə Abdullayeva 1984-cü ildə Bakıda dünyaya gəlib. A.Zeynallı adına Musiqi Kollecində fortepiano ixtisası üzrə təhsil alıb, Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində psixologiya ixtisasına yiyələnib.

SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Sumqayıt Ailələrə Dəstək Layihəsinin psixoloqudur. Assosiasiyanın xətti ilə Moskvada və Pskovda təcrübə keçib.

Hazırda sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 saylı Respublika Xüsusi İnternat Məktəbinin nəzdində fəaliyyət göstərən Reabilitasiya-İnkişaf  Mərkəzinin fəaliyyətində çalışır.

- Nisə xanım, psixologiya elmi ilə psixiatriyanın fərqi nədir? Ruhi xəstəliklərin müalicəsi ilə məşğul olan bu mütəxəssislər eyni işi görmürlərmi?

- Psixoterapiyaya həm psixiatriya, həm psixologiya aiddir. Psixoterapiya ilə həm psixiatorlar, həm psixoloqlar məşğul ola bilərlər. Ona görə də psixiatorlarla psixoloqlar arasında soyuq müharibə gedir.  Psixiatorlar  artıq tam pozuntusu olan xəstə ruhlu insanlarla, psixoloqlar isə hələ sağlam, sadəcə çətinliyi olan insanlarla işləyir.

- Bizim psixoloqlar harada yetişir? Bizdə savadlı pedaqoq-psixoloqlar, səviyyəli dərsliklər varmı?

- Bakı Dövlət Universiteti, Pedaqoji Universitet psixoloqlar hazırlayır. Təcrübəmə əsaslanıb deyə bilərəm ki, bu ali məktəblərdə psixologiyanı rus dili, biologiya müəllimləri tədris edirlər. Bizdə kadr çatışmazlığı olduğu üçün kadr yetişdirməkdə xarici təcrübədən çox istifadə etməliyik. Bizdə baza biliyi olan mütəxəssis azdır, ona görə biz xaricdə təhsilə üstünlük verməliyik. Kitablar var, amma Azərbaycan dilinə çox az tərcümə olunub, peşəkarlıq səviyyəsi aşağıdır. Psixologiya sahəsi üzrə Azərbaycan dilində elmi ədəbiyyat yoxdur, elmi ədəbiyyatı oxumaq üçün rus dilini bilmək lazımdır. Türk dilində də var, onlar xarici dildən tərcümə olunub, onu biz başa düşmürük, bizim televiziyadan öyrəndiyimiz türk dili məişət dilidir.

- Psixologiya pullu sahə olduğu üçün bu sahəyə axın var, hər bir psixoloq özünə bir mərkəz açır. İnsanlar bu qədər mərkəzlərin içərisində savadlı psixoloqu necə seçə bilərlər?

- Belə bir dəb var, mərkəz açanda adın yanında "psixoloji inkişaf", "psixoloji fərdi inkişaf ", psixika ilə bağlı hansısa sözdən nüfuz artırmaq üçün istifadə edilir, bu, prestij gətirir. Bilirlər ki, psixika həmişə insanların ən zəif yeri olub. Buna görə də mərkəzlərin bəzilərində psixoloq olmasa da,  psixologiya ilə məşğul olmasalar da,  adlarında, reklamlarında "psixoloji" sözü var.

- Televiziyalar psixoloqları çox güclü reklam edirlər. Sizcə, televiziyalarda ən yaxşı psixoloqlar reklam olunurlar?

- Çıxış edənlərin çoxunun heç psixologiya  təhsili yoxdur. Televiziyada çıxış edən məşhurların bəziləri təhsil almaqdadır, bəziləri sosiologiya üzrə təhsil alıblar.  Bunlar psixologiya haqqında  düzgün fikrin formalaşmasına imkan vermirlər. Televiziyada deyilənlər populyar psixologiyadır, elmi psixologiya deyil. Yaxşı kardioloq deyəndə fikir yaranır ki, o ən azından kardioqramanı oxuya bilir. Bizdə yaxşı psixoloqun necə olması barədə fikir formalaşdırmağa imkan vermirlər.

- Əksər mərkəzlərdə fırıldaqçıların insanları qarət etməsi, televiziyalarda savadsız adamların psixoloq kimi çıxışlar etməsi bu elmə inamın itməsinə səbəb olur.

- İnam artıq itib, bunu öz iş təcrübəmdən görürəm. Uşağı gətirib deyirlər ki, bilirəm düzəlməyəcək, gətirdim ki, sənin yanında qalsın. Psixoloqa dayə kimi baxırlar. Çünki çox məşhurların yanına gedib bir nəticə görməyiblər. Əhalinin psixoloqlara inamı itib. Bəziləri də fikirləşir ki, psixoloqun sehirli çubuğu var. Birinci görüşdən uşağa toxunduracaq, uşaq xoşbəxt olacaq, bayıra çıxan kimi insanların üzünə güləcək. Bu gözlənti də yanlışdır. İnsan çəkdiyi əziyyətlər hesabına depressiyaya düşübsə, həmin əziyyətli yolu geri qayıdıb düzgün yola qayıtmalıdır. Yəni iki dəfə artıq əziyyət çəkib özünə gəlməlidir.

- Psixoloqun seanslarında çox vaxt itirmək çox pul deməkdir. Hər adamın da çox pul vermək imkanı yoxdur.

- Razıyam. Amma psixoloqlar adətən çox pulu çox vaxtla əlaqələndirmirlər. Yaxşı psixoloq ancaq nəticəyə fokuslaşır.

- Savadlı psixoloqlar yetişdirmək üçün nə etmək lazımdır?

- Bu, böyük miqyasda görülməli işdir. Bu işə dövlət səviyyəsində maraq olmalıdır.  Biz müharibə şəraitində yaşayırıq, bir milyon qaçqınımız var, onlarla işləmək lazımdır.

- Savadlı psixoloqlar televiziyalara çıxmaq istəmirlər, sonra da aparıcıları qınayırlar ki, nə üçün savadsızları efirə çıxarırlar.

- Televiziya elm öyrətmək yeri deyil. Hansısa tok-şouda ailəni müzakirə edə bilmərəm. Bizə maraqlıdır deyə qulaq asırıq, sonra o ailənin cəmiyyət içində necə yaşayacağını düşünmürük. Psixologiya kütləvi elm sahəsi deyil, bu, fərdidir. Nə qədər insan varsa, o qədər metod var, o qədər vəziyyətdən çıxış yolu var.

- Psixoloq axtarışında düzgün seçim etmək üçün nəyi bilmək lazımdır?

- İntellektual insanın intellektual olmayan psixoloqun yanında işi ola bilməz. Psixoloq ilk görüşdə ağzını açıb "xoş gəlmisiniz" deyəndə siz artıq bilirsiniz ki, onunla sağollaşmaq lazımdır. Sizinlə sadəcə, söhbət etməyə gəlib. Bu ruh məsələsidir deyə sizin baxışlarınız üst-üstə düşməlidir. Həmin adamın professionallığından başqa insanlığı da olmalıdır. Kimlərinsə məsləhəti ilə psixoloq seçmək olmaz. Mütləq onunla tanış olmalısınız. Psixoloq elementar tanışlığı da ödənişlə edirsə, bu artıq çox şey deyir. Məndə çox olub ki, cədvəlimdə yer olmayıb, amma ilk tanışlıqdan israr ediblər ki, ancaq sizin yanınıza gəlmək istəyirəm.

- Psixologiya elmi hazırda hansı ölkələrdə daha çox inkişaf edib?

- Davranışı dəyişməyə yönəlik psixologiya elmi ABŞ-da, düşüncəni dəyişməyə yönəlik psixologiya elmi isə daha çox Avropada, Almaniyada  inkişaf edib. Azərbaycanda da iki istiqamət var. Mən düşüncəni dəyişmək  istiqaməti üzrə fəaliyyət göstərirəm.

- Azərbaycanda psixologiyanın inkişafı ilə bağlı tədqiqatlar aparılırmı və bunun üçün çox vəsait lazımdırmı?

- Çox da böyük vəsaitə ehtiyac yoxdur. Bizim ali məktəblərdə tədqiqat aparmaq üçün lazımi şərait yoxdur. Bizdə çox vaxt sorğunu tədqiqat hesab edirlər. Sorğu sosioloqların işidir. Kağız üzərində bizdə çoxlu sayda tədqiqatlar gedir. Hər il dissertasiyalar, diplom işləri müdafiə olunur. Dissertasiyaların son hissəsində adətən onun praktikada tətbiqi məsləhət görülür. O hissə həmişə havada qalır. Nə üçünsə yeniliklər praktikada tətbiq olunmur.

Mətanət ƏLİYEVA

 





22.12.2015    çap et  çap et