525.Az

Vətənin köksündə güllə yarası...


 

Vətənin köksündə güllə yarası...<b style="color:red"></b>

(Elegiya)

 

Bakıya qanlı Yanvar şənbəsindən üç gün sonra daxil ola bildim. Şəhər oğlu ölmüş ana kimi matəm libasında idi. Uğrunda bu qədər şəhidlər qanı axıdılan ulu yurdumuz Qarabağdan ta Bakıya qədər ürəyim sinəmdə yetim uşaq kimi hönkürürdü. Donmuş, taqətdən düşmüş canımı metronun pis üzlərdən sərt və soyuq olan mərmər sütununa söykəyib uzun-uzadı lal kimi dayandım. Gözlərimə dünya qan gölü kimi görünürdü. Mavi gözləri neçə-neçə qan-qada görmüş, dərindən-dərin olan Xəzər başını qanlı daşların üstünə qoyub elə ağlayırdı ki, adamın ciyəri pörşələnirdi. Həmişə xoşsifətli, gülər üzlü adamların sir-sifətindən tökülən nifrət, qəzəb, kin şıdırğı leysanı xatırladırdı. Aman allah, doğma sifətlər, üzlər ölüm yolu kimi göm-göy göyərmişdi. Divarlar ürəyimiz kimi namərd düşmən gülləsindən deşik-deşik olmuşdu. Qeyri-ixtiyari böyük şairimiz Səməd Vurğunun “Soyuq divarlarda güllə nişanı” misrasına, “Allah da götürməz bu nahaq qanı”-sözlərini əlavə edirəm.

 

... Hamı bir-birinin qoynuna sığınmışdı. Bütün həyat buz kimi donmuşdu. Bütün şəhər sanki ölüm yuxusuna getmişdi.

 

Bu qanlı qırğından beş-on gün əvvəl ürəyimdə aşağıdakı misralar közərmişdi:

 

   

 

Qeyrət qanda yuva salar,

 

Qılınc qisas üçün qalar.

 

Son döyüşüm elə olar

 

Kəfənim qandan biçilər!

 

   

 

Neynim... Xalqımın bu dözülməz müsibəti bəlkə də ürəyimə dammışdı. Oğuz igidlərinin al qana bələnməsi heç tanrının da yuxusuna girməzdi. Günahı nə idi mənim məğrur, igid, əməksevər, qeyrətli, namuslu, allahı, haqqı-ədaləti sevən xalqımın?! Heç nə, heç nə, vallah heç nə! Bu xalq müqəddəs ata-baba yurdu üstündə ulayan bayquşa daş atmaq istəmişdi. Dahi Üzeyirin, Bülbülün, Qaryağdı oğlunun, Natəvanın və neçə-neçə igid, cəsur oğul və qızlarımızın, ulularımızın ruhu murdarlıqdan qorunmuşdu. Xalq ayağa qalxıb əllərini göyə tutub Göy tanrını səsləmişdi. “Mən haqqam”,-demişdi. Xalq Vətən torpağını qanlı köynək kimi əyninə geymək istəmişdi. Heç kəsdən bir tikə çörək, bir çimdik duz, bir udum hava, bir baxış səma, bir ovuc torpaq təmənnası olmayan xalqım haqsız qana düşmüşdü.

 

Həmişə səsli-küylü Bakı əli qoynunda elə hüzünlü, elə dərdli, ələmli dayanmışdı ki, adamın yazığı gəlirdi. Şəhərin üzünə baxmaq olmurdu. Az qalırdı bu uludan ulu yurdun soyuq, qana bələnmiş daşları da anam kimi ağı desin. Vahimə içində uzanan yollar kürəyindən yara almış şəhid oğullar kimi üzü-üstə yıxılıb ağlayırdı. O gün mavi buludları insaflı gördüm. Tökülən günahsız qanları yumamaq üçün təkcə buludlar ağlamırdı. Dənizdə həyəcan işarəsi verib dünyanı köməyə çağıran gəmilər şəhidlərin anasından-bacısından və ümumən kövrək ürəkli, nəcib, sadə torpaqcanlı xalqımızdan çox fəryad qoparırdı. Yeriməkdən qorxurdum. Qorxurdum ki, ayaqlarım əzizlərimizin al qanına toxunar. Ruhum od tutub, qiyamət gününə qədər alışıb yanar. Ürəyimi ağrı yeyirdi. Ağır yerişlərlə dərd yüklü pilləkanları güclə çıxırdım. Gözlərimdə yaş donur, damarlarımda qanım. Götürmə, allah-deyirəm. Bu süd qoxulu körpənin, bu toyu tutulu oğulun, qızın qanını yerdə qoymaq olarmı?! Az qaldı ağ saçlı, nurani, oğlu, qızı ölmüş ananın ağısı içində əriyib külə dönüm. Cavan bir gəlin saçlarını yolub yelə verirdi. Qorqud simalı bir ata elə ağlayırdı ki, adamın ayağının altından yer qaçırdı. Qoca dünya bu yaşadək belə ədalətsiz faciə və zülmlə üz-üzə göz-gözə dayanmamışdı. Dəsmal çıxarıb ağı demək istəyirdim. Günahsızlarıma, canıma, ruhuma, qanıma və Azərbaycanıma!..

 

Dırnağı ilə üzünü şırım-şırım etmiş ananın başını köksümə sıxıb misra-misra közərirəm:

 

   

 

Elə açma qollarını,

 

Bu zülümün yollarını,

 

Açan namərd hanı, hanı?!

 

Göz yaşımız olmur aram,

 

Anam, dayan, mən ağlaram!

 

   

 

Saç yolaraq vermə yelə,

 

Dərd üz verib bütün elə,

 

Belə getməz, vallah belə,

 

Sızlar canım, sızlar yaram,

 

Bacım sən dur, mən ağlaram!

 

   

 

O güllərin rəngi qandı,

 

Başıma yer-göy dolandı,

 

Dilimdə yurd, Vətən andı.

 

Toyu yasa dönən balam,

 

Sən ağlama, mən ağlaram!

 

 

 

Dağın-düzün geyib qara,

 

Oğuz elin düşüb dara,

 

Arzu bütöv, Vətən para,

 

Qövr elədi köhnə yaram,

 

Vətən, sən dur, mən ağlaram!

 

   

 

... Şəhidlərin portretlərinə güclə baxıram. Adam xəcalət çəkir. Bu nakamları ölümün quduz ağzına hansı namərdlər atdı? Hansı müdhiş səs onları vəhşi tank döyüşünə səslədi? Nəhayət, min rəhmət onlara! Ağlar gözlərim önündən Xankəndindəki talanlar, Qabağın taleyi üstünə kabus kimi qanad gərən mənfur niyyətlər, ulu və müqəddəs yurdumuz Göyçənin viran qalması, Ələsgərin ağlar sazı, qaçqınlar, ölümlər, işgəncələr, dəmir boruların içinə doldurulub ağzı qaynaq edilən və sinəsinə min bir dağ çəkilən körpə bacı və qardaşlarımız, ağbirçəklərimiz keçir! Ağıyıram, od tutub yanıram. Vaxtında başını qaldırıb bu elin-obanın taleyini həll edən başbilən olmadı. Onlar elə bil ki, bu torpağın oğlu deyildilər. Kütbeyin, yaltaq, ikiüzlü, riyakar, alçaq, qorxaq, mənsəbsiz, cılız, mənsəbpərəst adamlar belə qüdrətli xalqı güdaza verdi. Onlar sanki qış yuxusunda idilər. Onların gözü önündə erməninin hiylə dəyirmanında Qarabağ un kimi üyüdülürdü. Gözümüz kor olmuşdu. Qeyrətimiz kəsərsiz! Yeri gəlmişkən böyük Teymurləngi yada salaq. Deyirlər o müdrik hökmdar həmişə gözüaçıq yatarmış. Nə yatanda və nə də ayıq vaxtı kiprikləri çalınmazmış. Bir gün ən yaxın adamı cürət edib deyir ki, ey böyük hökmdar, sizin kipriyiniz axı heç vaxt çalınmır. Bu sizdə göz xəstəliyi törətməzmi? Teymurləng deyir: Kipriklərim çalınan anda sərhədlərim keçilər. Baxın, nə ağıllı, nə qeyrətli, nə cəsarətli söz! Məhz buna görə də o, Teymurləng səviyyəsinə yüksəlib!

 

Bəli, bizim başdilənlər isə həmişə yatmış, xalqın sürüsünü düşmən qurduna etibar etmişlər. Xalqı yubatmışlar. Sərhədlərimizi başlı-başına buraxmışlar. Torpağımızı qurban tikəsi kimi kəsib paylamışlar. Əgər onlar... elə ilk anlardan bu Qordi düyününü kişi cəsarəti ilə kəssəydilər, bu qanlı yol, illər boyu uzanardımı? Bu faciələr törənərdimi? Alçaq erməni dığaları Qarabağda at oynadıb igidlərimizi qana bələyərdilərmi? Yollarımız qorxulu, ürəyimiz səksəli, köksümüz ağrılı, imkanımız qolu bağlı olardımı? Yox, əsla yox! Balıq başdan iylənər. Qoy bu şəhidlərimiz, Göyçə, Zəngəzur və Qarabağda bədənləri güllə yarasından göz-göz olanlarımız o zamankı qeyrətsiz “rəhbərlərimizi” zaman-zaman lənətləsinlər!..

 

.. Qan yuxulu əbədiyyat ağrılı, Vətən həsrətli qəbirlərdən ayrıla bilmirəm. Təkrar-təkrar deyirəm: Allah sizə rəhmət eləsin, nakam qardaş, bacılarım! Ölümsüzlərim! Getmək mümkün deyil. Elə bil ürəyimdən və ayaqlarımdan dünyanın ən ağır daşı asılıb. Bir məzarın önündən saatlarla keçmək olmur.

 

   

 

Analar gözündən çəkilib dara,

 

Bacılar üz cırıb, saçın didirdi.

 

Ürəyim sinəmdən enib məzara,

 

Nakam şəhidlərlə söhbət edirdi!..

 

   

 

.. Heyf və təəssüf! Qəbirlərin birinin üstündəki qərənfil qana bulanmışdı. Onsuz da qərənfillər qan rəngində idi. Bəlkə elə o güllər vaxtı ilə bu torpaq uğrunda canından keçən yüzlərcə, minlərcə şəhidlərin qanından pöhrələnib?!

 

... Şəhidlər Xiyabanından hüzünlü şəhərə baxıram. Yollar, rizlər, daşlar, kəsəklər, yaralı evlər hamısı əli qoynunda, boynubükük, sinəsi dağlı görünür, hər şey mənə qanlı görünür. Beynimdə qanlı misralar közərir:

 

   

 

Qandı, çiçəklər qandı,

 

Qandı, ürəklər qandı,

 

Niyə qanda yoğruldu,

 

Xalqımın birlik andı?!

 

   

 

Qandı, həyatım qandı.

 

Nəğmən, bayatım qandı.

 

Dilim azadlıq dedi,

 

Qanım qana calandı?

 

   

 

Qandı,qanlımın gözü,

 

Qandı,qanlımın sözü.

 

Qanlım basdı sinəmə,

 

Bu qanlı odu, közü!

 

 

 

Qandı,torpağım, daşım,

 

Qandı,tarixim, yaşım.

 

Qanlı tabutda yatdı,

 

Körpə bacım, qardaşım!

 

   

 

Qandı, baxışım, qandı,

 

Qandı, naxışım, qandı.

 

Qanlımı qana düşsün,

 

Könlüm evi talandı!..

 

   

 

Qandı, bu dərə, bu dağ,

 

Qandı burda bağça, bağ

 

Gülümü qanla suladı,

 

O gözü qanlı ancaq!!!

 

   

 

... Aralıda Dədəm Qorqud simalı, qəzəbli, yorğun, taqətsiz bir qoca görünür. Bütün qəbirlərə baş əyir. Sonra toyları tutulu qalan Fərizə ilə İlhamın qəbirləri önündə diz çökür. Sifəti mis kimi qızarıb. Ovucları elə sıxılıb ki, dırnaqları bıçaq kimi ətinə işləyib. Alnının qırışlarında min dərdin ağrısı gizlənir. Nə qədər müdrik və dözümlü görünür. Qəribədir, qoca öz dərd odunda qovrulsa da bizə-minlərlə, milyonlarla sinəsi dağlılara, gözü leysan yaşlılara, üz-gözü şırım-şırım olan gəlinlərə və qızlara, dərdkeş analara, atalara, oğullara başsağlığı və təskinlik verir. İlahi, xalqda ürək böyüklüyünə, qəlb genişliyinə bax! Ələm selində boğulan qoca bizim sızıltılarımıza, ağrılarımıza dözmür. Həm də bu mərd, cəsarətli qoca elə bil alışır. Tüstüsü ərşə yüksəlir. Soyuq daşın üstündə oturub qəlyanına od vurur. Sanki dünyanın bu amansız dərdini tüstü kimi sinəsinə çəkir. Ahından adam titrəyir. Yumruğunu tez-tez göyə qaldırır. Sanki yaralı pələng kimi qızmış xalqını qisas andına çağırır.

 

... Hərarətsiz qış günəşi yavaş-yavaş qüruba addımlayır. Xəzərdən baş qaldıran soyuq sazaq yaralı iliklərə işləsə də ürəklər odlu, qəzəblidir. Qərənfillər üşüyür. Gözlər bulud kimi dolub-boşalır. Ancaq hamının ürəyində bir inam var. Vaxt gələcək, günahsız tökülən hər damla şəhid qanı qızıl güllə olub əsl günahkarların ürəyinə, gözünə tuşlanacaq. Azadlıq ideyaları nəhəng çinar kimi bizim mənəvi dünyamızda əbədi kök atacaq. Xalq öz əbədi, əzəli torpağının üstündə əl-ələ, ürək-ürəyə, kürək-kürəyə verib birləşəcək. Böyük Üzeyir bəyin vahid Azərbaycan himni oxunacaq. O himnin şaqraq sədaları əcdadlarımızın müqəddəs beşiyi sayılan bütün Azərbaycanımızın daşına, torpağına, havasına, suyuna və nəhayət, məğrur Vətən övladlarının qanına və iliyinə hopacaq! Onda şəhidlərin də ruhu qızıl qərənfillər kimi pardaqlanacaq. Qardaş və bacılarımız! Ata və analarımız! Yolunda qan tökdüyünüz ulu Qarabağınız və ümumən o taylı-bu taylı bütün Azərbaycanımız sizə əbədiyyət evinədək yas tutub, matəm saxlayacaq!.. Onda sizin müqəddəs ruhunuz Azərbaycan adlı himnin oduna, közünə qızınacaq:

 

Yaşa, məğrur Azərbaycan, 

od ürəkli ulu diyar,

Sinən üstə tarixlərin qayalaşan

 yaddaşı var.

Qaldır, qaldır ucalara 

haqq adlanan bayrağını!

Qoy ruhumuz alqışlasın 

sənin birlik növrağını!

     1990-mart

 





21.01.2013    çap et  çap et