Azərbaycanda məktəbdənkənar müəssisələr üçün yeni qaydalar hazırlanacaq.
Bu haqda Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova məlumat verib. Sektor müdiri bildirib ki, məktəbdənkənar fəaliyyətin ictimai-mədəni həyatdakı başlıca rolu uşaq və yeniyetmələrin yaradıcılığını ayrı-ayrı təhsil müəssisələrinin yox (misal üçün bağça, məktəb, kollec yaxud universitetlərin), cəmiyyətin ümumi işinə çevirməkdən ibarətdir: "Məktəbdənkənar fəaliyyət öz-özlüyündə artıq insanın "özünü aşması", öz seçimləri ilə həyatının yeni mərhələlərini qura bilməkdən ibarətdir. Seçim və qərar qəbul etmə prosesi isə uşaq və yeniyetmələrin tam, bir bütün şəkildə yetişməsinə birbaşa vasitədir".
A.Həsənova qeyd edib ki, hər gün yenilənən müasir informasiya cəmiyyətinin tələbləri davamlı və fasiləsiz təhsilin təmin olunması, eləcə də yeniyətmələrin sosiallaşması və fərdi inkişafını təmin edə bilmək zərurəti mövcud təhsil sahələrinin genişləndirilməsi və inkişaf etdirilməsi üçün zəmin yaradıb: "Müasir cəmiyyətin, həmçinin müasir Azərbaycanın inkişaf strategiyası uşaqlara, yeniyetmələrə, eləcə də gənclərə daha sərbəst seçim və azad qərar qəbul etmə imkanları tanıdır. Məktəbdənkənar təhsil müəassisələri bu işdə onların maraqlarını əks etdirən bir platformaya çevrilib. Məktəbdənkənar fəaliyyət, məktəbdənkənar təhsil onların müxtəlif yaradıcı qabiliyyətlərinin, şəxsi keyfiyyətlərinin üzə çıxarıb inkişaf etdirməsində, peşə seçimi zamanı doğru qərar verə bilməsində həm fərd, həm vətəndaş kimi cəmiyyətdə və həyatda yerini tapa bilməsində birbaşa rol oynayır. Uşaq və yeniyetmələrin öz maraq dairəsini tapıb məktəbdə aldığı təhsillə paralel bu sahəni də inkişaf etdirə bilməsi fasiləsiz təhsili təmin edərək həm uşağın dərsdən sonrakı zamanını daha faydalı edir, həm də gələcək həyat təminatı üçün yatırım rolunu oynayır və bunun üçün də biz məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi olaraq, Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq,Təhsil Nazirliyi tərəfindən məktəbdənkənar müəssisələrimizin fəaliyyətini daha genişləndirmək və müasir standartlara uyğun olması üçün artıq bir çox yenilik və islahatlara başlamışıq".
Onun sözlərinə görə, hazırda ölkə ərazisində 368 məktəbdənkənar müəssisə, müxtəlif təhsil sahələrini əks etdirən istiqamətlər üzrə fəaliyyət göstərir: "Burada çoxlu sayda şagird və tələbələr məktəbdənkənar təhsillərini davam etdirir. Məktəbdəkənar müəssisələrin fəaliyyəti uşaqların həyatında mühüm rol oynayır. Bunlar uşaq yaradıcılığı, texniki yaradıcılıq, ekoloji tərbiyə və təcrübəçilik, gənc turistlər və diyarşünaslıq, məktəbdənkənar tərbiyə işi mərkəzləri, uşaq-gənclər şahmat və uşaq-gənclər idman məktəbləri adı altında həm mərkəzlərdə həm də məktəblərdə müxtəlif adlarda minlərlə dərnək şəklində fəaliyyət göstərir. Tipik uşaqlarla çalışan bu mərkəzlərdən əlavə, sağlamlıq imkanları məhdud uşaqların yaradıcı fəaliyyətə cəlb olunması Estetik Tərbiyə üzrə Tədris-Metodiki mərkəzlərimiz, eləcə də təhsil alan gənclərin respublika bədii yaradıcılıq evi fəaliyyət göstərir. Bu mərkəzlərdə yüz minlərlə şagird və tələbə bacarıq və qabiliyyətlərinə öz arzularına uyğun şəkildə dərsdənkənar zamanlarını səmərəli keçirirlər".
A.Həsənova deyib ki, yeni hesabat qaydaları məktəbdənkənar müəssisələrə cəlb edilən uşaqların daha dəqiq sayını müəyyənləşdirməyə şərait yaradacaq: "Təbii ki, bizim uşaqları bir-bir saymaq imkanımız yoxdur. Bunun üçün yeni hesabat qaydasında bəzi məqamların xüsusi qeyd olunmasına çalışacağıq. Təhsil Nazirliyi olaraq, istədiyimiz odur ki, məktəbdənkənar təhsil müəssisələrinə nə qədər, hansı yaş kateqoriyası üzrə uşağın gəldiyini dəqiq bilək. Bunun da əsasında onların maraq dairəsinə uyğun dərnəklər, istiqamətlər təklif ediləcək. Maraqlar üst-üstə düşməsə, tələbat azalacaq, onda görülən işlər də faydasız olacaq".
A. Həsənova bildirib ki, hazırda məktəbdənkənar müəssisələrin köhnə tədris proqramının yenilənib müasir təhsil standartlarına uyğunlaşdırılması, müəssisələrdə həmçinin məktəblərdə yeni növdə dərnəklərin açılması buraya yeni kadrların cəlb olunmasına çalışırıq. Məktəbdən kənar müəssisənin gələcək iş planının müəyyənləşdirilməsi üçün yeni hesabatlılıq qaydaları və inkişafın sürətləndirilməsi üçün sağlam rəqabətin yaranmasına çalışırıq. Məhz bu səbəblə mərkəzlərin fəaliyyətini əks etdirən ümumrespublika üzrə baxış konsertləri, əl işləri, rəsm və təsviri sənəd işləri əks etdirən sərgilər, yerli və beynəlxalq müsabiqələr təşkil edilir. Məktəbdənkənar müəssisənin ayrıca saytı hazırlanıb və sayt yaxın zamanda məktəblilər, tələbələr eləcə də valideynlərin istifadəsinə veriləcək. Saytda hər kəs daha yaxın ərazidə yerləşən məktəbdənkənar təhsil mərkəzi və orada fəaliyyət göstərən müxtəlif istiqamətli dərnəklər haqqında məlumatlar əldə edəcəklər.
Vəfa MƏMMƏDLİ
çap et