525.Az

Emil Hacıyevin şeirləri


 

Emil Hacıyevin <b style="color:red">şeirləri</b>

Yuxusuzluq himni

Gecə də bizdən inciyib,
qaranlıqlaşır kini.
Ağcaqanad vızıldayır,
"yuxusuzluq" himnini.

Gözlərim tavana baxır,
uzanmışam eləcə.
Sanki kimsə pıçıldayır:
"darıxma çox, gələcəm".

Çoxdandır ki, xəstəhalam,
can verirəm deyəsən.
Asqırsam ciyərim deyər:
"özbaşını yeyəsən".

Gözlər birtəhər qapanıb,
yola verir gecəni.
Çarpayıntək dağılmışam,
gəlib yığışdır məni...

Ölməz musiqilər kimi

Şəhərin tənhalığı,
Gecənin səssizliyi.
Ürəyin döyüntüsü,
yaşadır sənsizliyi.

Ölməz musiqilərtək,
kaş əbədi qalardın.
Musiqilər olmasa,
çoxdan unudulardın.

Ruhu ölmüş ölkəmin;
Gəmisiz "limanları",
soyuq küçələri var,
"Tənhalıq"dan alışan,
"Bakı gecələri" var.

Şopenin "nokturna"sı
üzünü xatırladır.
Bethoven "Eliza"sı
səsini xatırladır.

Səni xatırlamaqdan,
yata bilmirəm rahat.
Qulağımda qulaqcıq,
öləcəyəm bu saat...

Səhv qatara minmişəm

İllərdir, yol gedirəm
ünvanıma çatmıram.
Hamıya yer verirəm,
özümə yer tapmıram.

Məcburuqmu yol gedək,
bir xəttin üzərindən?
Gün gələcək relslər,
oynayacaq yerindən.

Yox, saxla bu qatarı! 
Saxla, bəlkə düşən var...
Bəlkə sıxlıqdan bezən,
təkliyə öyrəşən var.

"Söykənməyin" yazılan
qapıya söykənmişəm.
Demə, elə əzəldən,
səhv qatara minmiş.

lll

Gecədir.
Ay işığı zillənibdir pəncərədən otağa.
Yata bilməyən adam
işgəncədir yatağa.
Xısın-xısın ağlamaqdır - için-için darıxmaq.
Yanımda olsan belə,
sənin üçün darıxmaq.

lll

Ayrılsaq da yoxluğu
məni,
səssiz-səssiz güdürmüş.
Adamı səsdən çox,
səssizlik ürküdürmüş.
Yalquzaq

Yenə fərqsiz atıldı
bizə"zaman"gülləsi.
Bezdirici eynilik
geyindi Yer kürəsi.

Pəncərədən baxanda,
hər yan işıqlıqdadır.
Hər yan işıq olsa da,
ürək qaranlıqdadır.

Öz işindədir hər kəs:
qoca qarı süpürür,
küçələrin tozunu.
Bir gənc fikirli halda
gedir küçə uzunu...

Küçənin son tinində,
sərxoş içi bağlayır.
Bu günündən əl üzüb,
sabaha bel bağlayır.

Bir kişi əl açaraq
adamlara yalvarır.
Ona pul veriləndə
pulu geri qaytarır.

İstədiyi pul deyil,
səadət axtarır o.
Bəlkə də dilənərək
səadəti tapır o.

Ümidim yox sabaha,
yaxınlaşmır uzaqlar.
Onunçün günü-gündən
çoxalır yalquzaqlar.

Elə ki, günəş batır,
qaranlıq qonaq olur.
Bu ömür çox qısadır,
yatırsan, sabah olur.

Səhər açılır artıq
gedim üzümü yuyum.
Dəyişən heç nə yoxmuş,
qoy, təzədən uyuyum...

Emil HACIYEV

 





24.12.2015    çap et  çap et